Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Maksat Mamıtkanov Qırğız Respublikasının Prezidenti Sadır Japarovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara və ən xoş arzulara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sadır Japarova çatdırmağı xahiş etdi.
Söhbət zamanı əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməsi məmnunluqla qeyd olundu.
Son illərdə ikitərəfli münasibətlərimizin böyük dərəcədə inkişaf etdiyini və keyfiyyətcə yeni mərhələyə qalxdığını deyən Azərbaycan Prezidenti dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin əhəmiyyətinə toxundu, ənənəvi dostluq və qardaşlıq əlaqələrimizin möhkəmləndiyini vurğuladı.
Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və digər sahələrdə mühüm layihələrin həyata keçirildiyini məmnunluqla qeyd etdi.
Dövlətimizin başçısı Ağdam rayonunda Qırğızıstanın məktəb tikintisi layihəsini və quruculuq prosesinə göstərdiyi dəstəyi vurğulayaraq buna görə Qırğız Prezidentinə və xalqına bir daha minnətdarlığını bildirdi, bunu qardaşlıq əlaqələrimizin nümayişi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev əməkdaşlığımızın genişləndirilməsi üçün qarşıda böyük planların durduğunu dedi və əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.
Dövlətimizin başçısı Azərbaycan və Qırğızıstan rəhbərliyində qardaş ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və mövcud potensialın reallaşdırılması üçün qarşılıqlı iradənin olduğunu bildirdi.
Türk Dövlətləri Təşkilatı çərçivəsində ölkələrimizin əməkdaşlığına toxunan Prezident İlham Əliyev bu təşkilatın bir ailə olduğunu qeyd etdi.
Söhbət zamanı Türk Dövlətləri Təşkilatının ilk dəfə Şuşa şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyətinə toxunuldu, bu tədbirdə dövlət başçıları arasında aparılacaq dialoq və müzakirələrin önəmi vurğulandı.
Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzuladı.
Xoş sözlərə görə minnətdarlığını bildirən Maksat Mamıtkanov münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini vurğuladı, əlaqələrimizin genişləndirilməsi ilə bağlı Qırğızıstan Prezidentinin ona tapşırıqlar verdiyini dedi və bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirdi.
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu deyən səfir qeyd etdi ki, Azərbaycanın Qırğızıstana yatırdığı irihəcmli investisiyalar ölkə iqtisadiyyatının inkişafına böyük kömək göstərir.
Əməkdaşlığımızın möhkəmləndirilməsi üçün geniş potensialın olduğunu vurğulayan Maksat Mamıtkanov dedi ki, dövlət başçılarımız arasında olan münasibətlər və onların göstərdiyi səylər əlaqələrimizin uğurlu inkişafının əsasını qoyub.
Qırğızıstan Prezidentinin bu ilin aprelində ölkəmizə dövlət səfərinin əhəmiyyətinə toxunan səfir bu səfərin çox uğurlu olduğunu və yaxşı nəticələr verdiyini vurğuladı.
O, Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılmasının əhəmiyyətinə toxundu, onun ölkələrimiz arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd etdi.
Maksat Mamıtkanov Qırğızıstanda İssık-Kul gölünün sahilində Azərbaycan tərəfindən beşulduzlu mehmanxananın inşasının ölkəsində kurort sahəsinin inkişafında böyük rol oynayacağını dedi.
Diplomat görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun irsinə və onun xatirəsinə Azərbaycan tərəfindən göstərilən ehtirama görə minnətdarlığını bildirərək, Sadır Japarovun ölkəmizə dövlət səfəri zamanı Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə görkəmli qırğız yazıçısının Bakıda abidəsinin açılışını məmnunluqla xatırladı.
Azərbaycan Prezidenti qeyd etdi ki, Çingiz Aytmatov bütün türk sivilizasiyasının övladıdır və dünyada böyük şöhrətə malikdir.
Görüşdə COP29 çərçivəsində Azərbaycanın və Qırğızıstanın birgə təşəbbüs imkanları barədə fikir mübadiləsi aparıldı.