22.11.2024, 05:57
AZ EN
27.05.2022, 12:36 318

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər

XƏBƏRLƏR
  • Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər və burada yaradılan şəraitlə tanış olublar.

Sonra dövlətimizin başçısı və birinci xanım Ağalı kənd sakinləri ilə görüşüblər.

Azərbaycan Prezidenti görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Əziz dostlar, ilk növbədə, sizi qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbrik edirəm. Sizə və bütün Azərbaycan xalqına daim rifah, xoşbəxtlik arzulayıram. Müstəqillik Günü ərəfəsində biz sizinlə görüşürük, Ağalı kəndində, dirçələn Ağalı kəndində. Bunun çox böyük rəmzi mənası var. Çünki Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmlənməsindən asılı idi. Bu gün hər bir Azərbaycan vətəndaşı və əminəm, hər bir insan ümumiyyətlə görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir.

İlk Xalq Cümhuriyyəti yaradılanda vəziyyət fərqli idi. Əlbəttə, rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu. Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində yaşamışdır. Düzdür, bir çox önəmli addımlar atılmışdır və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə anırıq. Ancaq, eyni zamanda, onu da bilməliyik ki, müstəqillik cəmi iki il çəkdi. Ondan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, müstəqilliyi qoruya bilmədi və Azərbaycan xalqı azadlıqdan məhrum edildi. Bununla bərabər, hamımız yaxşı bilirik ki, o vaxt Ermənistan millətçiləri xalqımıza və gənc Xalq Cümhuriyyətinə qarşı təcavüzə başlamışdılar və bunun nəticəsində Azərbaycan xalqı böyük əzablar yaşamışdır.

Onu da artıq nəinki Azərbaycanda, dünyada bilirlər ki, dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi və bu, bağışlanmaz bir cinayət idi. Beləliklə, bizim qədim diyarımız bizdən ayrı düşdü.

Amma Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan bir neçə ay sonra Zəngəzur da bizim əlimizdən alındı. Bu tarixi də hər kəs bilməlidir, 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi.

Müasir Azərbaycan müstəqilliyə qovuşandan sonra da vəziyyət təxminən eyni idi. Çünki iki il ərzində - 1991-ci ilin oktyabrından 1993-cü ilə qədər Ermənistan Azərbaycana qarşı növbəti təcavüz etmişdir və müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı Xocalı soyqırımını törətmişdir. Ondan üç ay keçəndən sonra Şuşa işğal olundu, Laçın işğal olundu və 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. Beləliklə, Ermənistanla Qarabağ arasında canlı bağlantı yaradıldı.

Biz 1993-cü ildə də eyni vəziyyətlə üzləşə bilərdik. Yəni, müstəqilliyimiz faktiki olaraq böyük təhlükə altında idi, sözdə var idi, amma de-fakto yox idi. Çünki Azərbaycan müstəqil siyasət apara bilmirdi. Müstəqillik, əsl müstəqillik məhz odur ki, sən müstəqil siyasət apara bilirsən, yoxsa yox. Əks təqdirdə bu, sadəcə olaraq, şərti xarakter daşıyır.

1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır. Bu gün burada olmağımız, Ağalı kəndinin açılışında iştirak etməyimiz məhz müstəqilliyimizin möhkəmlənməsinə bağlıdır. Nə XX əsrin əvvəllərində, nə də sonlarında müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. Ovaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Ancaq bu gün müstəqilliyimiz möhkəmdir və bunun nəticəsində biz İkinci Qarabağ müharibəsində Qələbə qazandıq, tarixi Qələbə qazandıq. Bunun nəticəsində düşməni diz çökdürdük və bunun nəticəsində bu gün biz buradayıq.

Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Azərbaycan özünə hörmət edən dövlətdir və hər kəsdən bu hörməti tələb edir və bunu əldə edir.

Biz iqtisadi cəhətdən müstəqilik. Bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunu yaxın tarix göstərib. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur. Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk. Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu biz etmişik, öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq və indi nəhəng layihələr icra edilir. Bu haqda Azərbaycan xalqı müntəzəm olaraq məlumatlandırılır.

Siyasi və iqtisadi müstəqillik imkan verdi ki, biz öz həyatımızı bildiyimiz kimi quraq, Azərbaycan xalqının qədim ənənələri, dəyərləri əsasında dövlət quraq və bu dövlətdə rahat yaşayaq. Bu gün dünyada gedən proseslər hər birimizin gözü önündədir. Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır, deyə bilərəm ki, adasıdır. Bunu artıq bütün dünya görür və bilir. Əlbəttə, biz müstəqil olmasaydıq, yəni, sözün əsl mənasında, müstəqil olmasaydıq, erməni işğalına son qoya bilməzdik. Çünki bu işğalı şərtləndirən hansı amillər olub, əlbəttə ki, xarici amillər. Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz. İndi Ermənistandakı vəziyyət göz qabağındadır. Əlbəttə, biz bu xarici amilləri nəzərə almalıyıq. Amma, eyni zamanda, bu, bizi dayandıra bilməzdi. Müharibənin ilk günlərindən son gününə qədər mən demişdim ki, heç kim və heç nə bizi dayandıra bilməz. Ancaq Ermənistan rəhbərliyi bizə tarix verməlidir, nə vaxt bizim torpağımızdan rədd olur, onda biz dayanmağa hazırıq və sözümüzə də əməl etdik. Ona görə əgər müstəqil siyasət aparmasaydıq, ola bilər ki, bu xarici amillər, Ermənistanın xarici havadarları, onların bəzilərinin bizə hədə-qorxu gəlməsi bizi bu işdən çəkindirə bilərdi. Ancaq çəkindirmədi. Çünki güclü iradə göstərdik, xalqımız birləşdi və bunun da təməlində, əlbəttə ki, həmrəylik, milli qürur, ləyaqət və güc dayanır.

Bu gün güc amili ön plandadır. Mən bu haqda hələ on il bundan əvvəl demişdim. Mənim çıxışlarımın hamısı mətbuatda var. Dedim ki, beynəlxalq hüquq işləmir. Biz özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Lazım olarsa, düşməni güc yolu ilə torpağımızdan qovmalıyıq. Bunu demişəm də, bunu etmişəm də.

Bundan sonra da güc amili dünyada hakim olacaq. Bunu indi yaxın tarix də göstərir. Ona görə bundan sonra da güclü olmalıyıq və güclü oluruq. Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Deyə bilərəm ki, dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Hərbi gücümüzü də artırırıq. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılır, yeni texnika alınır və bundan sonra da biz bunu edəcəyik. Çünki biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Biz istəyirik ki, bundan sonra heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur. Biz elə gözəl dövlət qurmuşuq ki, bu gün bir çoxları buna həsəd aparır. Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin, öyrətməsin. Buna ehtiyac yoxdur.

Mən Prezident kimi hər dəfə bu cəhdləri dəf edəndə xalqa arxalanıram, dövlətimizin gücünə arxalanıram, o cümlədən hərbi, iqtisadi və siyasi gücünə. 44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Biz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə aparmamışıq. Biz ermənilərdən fərqli olaraq etnik təmizləmə aparmamışıq. Biz Ermənistandan fərqli olaraq şəhər və kəndləri yerlə-yeksan etməmişik. Biz azərbaycanlıyıq, bu, bizə yaraşmaz. Bizim təfəkkürümüz, bizim adət-ənənələrimiz və dədə-babalardan qalan miras bunu qoymaz. Bütün dünya bunu gördü ki, azərbaycanlılar necə məharətlə, peşəkarlıqla, fədakarlıqla və ləyaqətlə vuruşdular, öz vəzifə borclarını yerinə yetirdilər və Qarabağ münaqişəsini müharibədən sonra siyasi yollarla həll etdilər. Biz bu məsələni həll etmişik, Ermənistan istəsə də, istəməsə də bunu bütün dünya qəbul edir. Biz Dağlıq Qarabağ münaqişəsini həll etmişik. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Qaldı ki, Dağlıq Qarabağ inzibati ərazisinə, bu ərazi Azərbaycan ərazisində yoxdur. Ona görə beynəlxalq qurumların leksikonunda Dağlıq Qarabağ sözü yoxdur və son Brüssel görüşü bunu bir daha göstərdi. Düzdür, Ermənistanda indi bu məsələ ilə bağlı yenə də hay-haray qaldırıblar və necə deyərlər, başlarını divara vururlar, amma bu, reallıqdır və onlar bu reallıqla barışmağa məcburdurlar.

Dağlıq Qarabağ münaqişəsi həll olunub, Minsk qrupu öz fəaliyyətini başa vurub. Minsk qrupu ilə bağlı mən öz fikirlərimi demişdim, bir daha təkrar etməyə ehtiyac yoxdur və indi postmünaqişə dövrüdür. Biz bu dövrdə yaşayırıq və postmünaqişə dövründə də biz gündəliyi diktə edirik və müharibədən keçən ilyarım ərzində nəyi istəmişiksə ona nail olmuşuq. Nəyi demişəmsə buna biz nail olmuşuq, ya da ki, nail oluruq. Birincisi, bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Bu, çox vacib idi, çünki başqa cür də ola bilərdi. Bu, bizim çox böyük siyasi uğurumuzdur. İkincisi, bizim gündəliyimiz artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür. Mən demişdim ki, biz Ermənistanla sərhədləri müəyyən etməliyik. Ermənistan bundan imtina edirdi, ilyarım imtina edirdi. Amma nəticə nə oldu? Mayın 24-də Azərbaycan-Ermənistan sərhədində komissiyaların birinci görüşü keçirildi. Bunun çox böyük mənası var. Həm o nöqteyi-nəzərdən ki, biz bu sərhədləri müəyyən edəcəyik və bu, çox vacibdir. Çünki ermənilər o sərhədləri də zəbt etmişlər. Digər tərəfdən bu, avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyur. Çünki əgər biz sərhədləri müəyyən ediriksə, hansı dırnaqarası “Dağlıq Qarabağ” statusundan söhbət gedə bilər?! Qarabağ zonası var, Qarabağ diyarı var. Bu, Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir. Ona görə Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə komissiyaların birinci iclasının çox böyük əhəmiyyəti var.

Digər məsələ, biz demişdik ki, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır. Ermənistan bundan boyun qaçırmağa can atırdı. Çünki sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir. Amma nəticə etibarilə biz buna da nail olduq və artıq Azərbaycan öz işçi qrupunu müəyyən edib. Daha bir vacib məsələ, Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına baxın, artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Yəni, biz buna da nail oluruq və mən demişdim ki, nail olacağıq. Yəni, biz gündəliyi diktə edirik. Nəyin hesabına? Əlbəttə ki, müharibənin nəticələrinin hesabına. Çünki biz qalib dövlətik, Ermənistan məğlub edilmiş dövlətdir. Bu reallığı hər kəs qəbul etməlidir və edir. Əlbəttə ki, bu amil Azərbaycan-Ermənistan təmasları əsnasında ön plandadır.

Digər səbəb nədir? Bizim gücümüz. Ermənistan xarici dəstək olmadan ayaqda dura bilməz. Bunu onlar da yaxşı bilirlər. Amma biz? Biz müharibəni bütün təzyiqlərə, hədə-qorxulara rəğmən elə aparmışıq və istədiyimizə nail olmuşuq. “Öldü var, döndü yoxdur” demişik, buna əməl etmişik və indi qalib xalq kimi üzümüz ağ, alnımız açıq yaşayırıq.

Əlbəttə, bu gün postmünaqişə gündəliyinin formalaşmasında Azərbaycan öz sözünü deyir və bu söz həlledicidir. Amma bununla bərabər, biz heç bir qeyri-real tələb də irəli sürmürük. Biz deyirik ki, ərazi bütövlüyümüzü tanıyın, gəlin sərhədləri müəyyən edək, hərə öz ölkəsində yaşasın, bir-birinin işinə qarışmasın. Biz bunu deyirik və mənim tərəfimdən irəli sürülmüş sülh müqaviləsi üçün 5 əsas prinsipin mahiyyəti də budur. O cümlədən bir-birinə qarşı ərazi iddialarından əl çəkmək prinsipi də böyük önəm daşıyır və Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul edib. İndi nə isə əlavə etmək istəyir, amma əsas fundamental prinsiplər budur. O ki qaldı, ermənilərin Azərbaycanda yaşamasına - istər Qarabağ bölgəsində, istər başqa yerlərdə bu məsələdə heç bir problem yoxdur. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Burada hansısa xüsusi imtiyazdan söhbət gedə bilməz. Bir də ki, dünyada, Avropada təcrübə var. İndi Avropada müxtəlif konvensiyalar var. Həm Avropa Şurası ölkələri bu konvensiyalara qoşulublar, həm Avropa İttifaqı ölkələri çərçivəsində qaydalar və rəsmi sənədlər var. Orada hər şey göstərilib və biz bu ümumbəşəri trend, yəni, meyil məcrasında gedirik. Ermənistan əgər hansısa xüsusi tələb irəli sürərsə bilməlidir ki, bizim də bir çox tələblərimiz ola bilər. Bax, buraya çox da uzaq olmayan məsafədə bizim qədim torpağımız Qərbi Zəngəzurdur. Biz Ermənistana qarşı ərazi iddiası ilə çıxış etmirik ki? Etmirik. Amma əgər onlar bizə qarşı ərazi iddiası ilə çıxış edəcəksə, biz niyə etməməliyik? Tarix var. Hər kəs açsın baxsın kitablara, ensiklopediyalara: nə vaxt Qərbi Zəngəzuru bizdən ayırıb Ermənistana verdilər? 1920-ci ilin noyabrında.

O ki qaldı, ermənilərin Azərbaycanda yaşamasına, bu tarixi də hər kəs yaxşı bilir. Rus-İran müharibəsindən sonra XIX əsrin əvvəllərində İrandan və Şərqi Anadoludan ermənilər kütləvi surətdə köçürülüb və Azərbaycanda, Qarabağda məskunlaşdırılıb. Bunu biz hamımız yaxşı bilirik. O ki qaldı, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına, onun da heç bir əsası yox idi. Bu, qanunsuz bir addım idi, sadəcə olaraq, bir saat bombasını Azərbaycanın canına yerləşdirmək, istənilən an onu partlatmaq və xalqımızı məhv etmək məqsədi daşıyırdı. Heç bir əsası yox idi ki, orada hansısa bir muxtar vilayət yaradılsın. Özü də Şuşanı da salmışdılar onun içinə.

Mən nə üçün bunu deyirəm, çünki Ermənistanda faşistlər hələ, necə deyərlər, baş qaldırmağa cəhd göstərirlər və onlara elə gəlir ki, əgər onlar hakimiyyətdə olsaydılar müharibənin nəticələri başqa cür ola bilərdi. Qətiyyən yox! Onlara elə gəlir ki, əgər onlar hakimiyyətə gəlsələr, nə isə əldə edə bilərlər. Qətiyyən yox! Əksinə, əgər istəmirlərsə ki, onların başı bir daha əzilsin, otursunlar və bu tərəfə heç baxmasınlar. Biz hələ ki, səbirlə bu mənzərəni izləyirik. Amma bunu Ermənistan faşistləri - bizə hürməyə çalışan faşistlər bilsinlər ki, hər an onların dərsini verməyə bir daha hazırıq, necə ki, İkinci Qarabağ müharibəsi zamanı. İndi kimdir Ermənistanda meydan sulayan? İkinci Qarabağ müharibəsi zamanı Qarabağdan dovşan kimi qaçan Sarkisyan-Köçaryan cütlüyü. Əgər onlar belə qəhrəman idilərsə, niyə qaçmışdılar? Oturardılar, vuruşardılar. Hər ikisi Xankəndidə idi, o cümlədən onların keçmiş müdafiə naziri. İndi bizi hədələməyə çalışırlar. Niyə qaçmısınız dovşan kimi? Axı, gərək bunu unutmasınlar. Bizim gücümüzü hər an görüb buna adekvat addım atsınlar.

Biz isə bundan sonra müzəffər xalq kimi yaşayacağıq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik. Bu gün, bax, bu gözəl Zəngilan torpağında həyat qururuq. Bax, həyat qayıdır - Zəngilana, başqa yerlərə, Şuşaya. Yaxşı bilirsiniz ki, bu bölgənin inkişafı üçün nə qədər böyük işlər görülür. İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dörd zolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək.

Dünən mən Zəngilan şəhərinin Baş planı ilə tanış oldum. Hesab edirəm ki, ən gözəl variantı seçdik. Bu sahədə təcrübəsi olan beynəlxalq şirkət Baş planı təqdim etdi və mən dedim ki, Zəngilan şəhəri park şəhərinə çevrilməlidir. Yəni, Zəngilanın təbiəti o qədər gözəldir ki, biz təbiətə bir zərrə ziyan vurmamalıyıq, əksinə, təbiəti daha da zənginləşdirməliyik, xüsusilə nəzərə alsaq ki, ermənilər Bəsitçay təbii qoruğunu da məhv etmişlər. O məşhur palıd ağaclarını da kəsmişlər, Oxçuçayı da zəhərləmişlər. Vejnəlidə də bizim qızıl yataqlarımızı istismar edərkən heç bir ekoloji normaya riayət etməmişlər. Biz təbiəti qorumalıyıq və Zəngilan şəhərinin artıq dünən Baş planı təsdiq olunandan sonra inşaat işləri başlanacaq.

Əlbəttə ki, bunu artıq bilməyən yoxdur, birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Bu gün bu kəndlə tanış olarkən, - bilirsiniz, mən dəfələrlə burada olmuşam, - görürəm ki, doğrudan da böyük, necə deyərlər, mütərəqqi bir addım atmışıq.

Bilirəm ki, Ağalı kəndində yaşayan ailələrin sayı 200-dən çoxdur. Ona görə yeni layihə təqdim edildi. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək, hər şey burada var. Bir o qalıb ki, 30 ilə yaxın həsrət içində yaşayan insanlar gəlsinlər, burada rahat yaşasınlar, müzəffər xalq kimi əbədi yaşasınlar. Belə də olacaq. Bundan sonra həm Zəngilan rayonunda, həm digər rayonlarda, indi Baş planları təsdiq edilmiş rayonlarda inşaat işləri daha sürətlə gedəcək.

Mən sizi tarixi hadisə münasibətilə təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

X X X

Ağalı kənd sakini Fərmayıl İsmayılov: Cənab Prezident. Biz çox qürur hissi duyuruq ki, həqiqətən də bugünkü gün bir Ağalı kənd sakini kimi mənim həyatımda tarixə yazılası bir gündür. Çünki bu gün mən Sizinlə bir masa ətrafında əyləşmişəm. Bu, mənim həyatımda tarixə yazılan bir gündür. Bu, mənə nəsib olduğu üçün Sizə minnətdarlığımı bildirirəm. Dərin təşəkkürümü bildirirəm ki, Siz tarixi Qələbə qazanan bir Prezident kimi vaxt tapıb bizimlə görüşə gəlmisiniz. Bu, bizim üçün qürurverici bir haldır, şəxsən mən bunu çox yüksək dəyərləndirirəm. Çünki biz bu 28 il müddətində, - mən şəxsən özümdən danışıram, - valideynlərimizin qəbirlərini ziyarət edə bilmirdik, gecə-gündüz onu yuxuda görürdük. Kəndimizdə bir daş var idi, mən həmişə onu yuxuda görürdüm, öz tay-tuşlarıma da danışırdım ki, belə bir yuxu görürdüm, o daşı həmişə gedib görmək istəyirdim. Öz həyətimizə gedə bilmirdim. Amma Siz onu bizə bəxş etdiniz.

Sizə dərin təşəkkürümüzü bildiririk. Allah Sizi həmişə var eləsin, bizim başımızın üstündən əskik etməsin. Biz də Ağalı kəndinin sakinləri həmişə Sizin siyasətinizi dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Həyata keçirdiyiniz quruculuq işlərində əlimizdən gələni etməyə canla-başla hazırıq.

Çox sağ olun, var olun, Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun.

X X X

Ağalı kənd sakini Gəray Hüseynov: Cənab Prezident. Sizi qədim Zəngəzur diyarının ən gözəl guşələrindən biri olan Zəngilanımızda salamlayırıq. Cənab Prezident, bir ilə yaxındır ki, bu Ağalı kəndinin təməlini qoymusunuz. Artıq bu gün Ağalı kəndi Sizin sayənizdə çox gözəl şəkildə tikilib, qurulub, yaradılıb. Sizə öz dərin təşəkkürümü bildirirəm, Sizə cansağlığı arzulayıram ki, Ağalı camaatı üçün belə gözəl şəraiti yaratmısınız. Sizi əmin edirəm, bizim Ağalı sakinləri səbirsizliklə o günü gözləyirlər ki, tezliklə bu kəndə köçüb yaşasınlar. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ ol.

X X X

Ağalı kənd sakini Gülüş Səmədli: Hörmətli Ali Baş Komandan, dəyərli Birinci vitse-prezidentimiz Mehriban xanım. Sizləri əzəli torpağımızda - Zəngilanda salamlamaq mənim üçün qürurverici hadisədir. Bu, mənim Zəngilana ilk səfərim deyil, üçüncü səfərimdir. İlk səfərim Sizinlə təməlqoyma mərasimində olmuşdu. Az müddət ərzində Zəngilanda dirçəlişi görmək həqiqətən bizə qürur verir. Az müddətdə xeyli dəyişiklik olmuşdur. Eyni zamanda, biz Azərbaycan xalqı olaraq, Zəngilan sakinləri olaraq hər zaman Sizin siyasətinizi dəstəkləyir, bir yumruq kimi Sizin ətrafınızda birləşirik.

Zəngilanda “Ağıllı kənd”in təməlinin qoyulması və bu gün “Ağıllı kənd”in ərsəyə gəlməsi təkcə Azərbaycan Respublikasında ilk deyil, eyni zamanda, MDB ölkələrində də ilkdir. Biz bununla bütün dünyaya sübut etdik ki, yoxdan var yaratmışıq. Yəni, biz az müddətdə xeyli dirçəliş etmişik. Şəxsən mən Zəngilan rayonunun ən gənc sakini və həm də hüquqşünas olaraq canla-başla gəlib burada məskunlaşıb xalqıma xidmət etməyi arzulayıram. İnşallah, o günləri də səbirsizliklə gözləyirəm. Çünki mən bilirəm ki, burada həm gənclər, həm də yaşlı sakinlər üçün xeyli iş yerləri var. Mən də öz hüquqşünas ixtisasıma uyğun olaraq işlə təmin olunacağıma və xalqıma vicdanla xidmət edəcəyimə əminəm.

Bir daha Sizlərə təşəkkür edirəm. Allah Sizləri var eləsin. Biz hər zaman Sizinləyik.

X X X

Prezident İlham Əliyev: Sağ ol. Mən çox şadam ki, gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər. Mən bunu alqışlayıram. İkinci Qarabağ müharibəsi başa çatandan sonra mən göstəriş vermişdim ki, keçmiş məcburi köçkünlər arasında sorğu keçirilsin, kim qayıtmaq istəyir, kim qayıtmaq istəmir. Çünki bilirsiniz, həyat elə şeydir ki, hər şey ola bilər. 30 il, 27 il böyük bir zaman kəsiyi idi. Məsələn, Zəngilan 27 il işğal altında idi, digər şəhər və rayonlarımız da bir qədər çox, bir qədər az. Elə insanlar var ki, artıq onlar həyat qurublar, haradasa işləyirlər, həyatdan da razıdırlar və heç yerə getmək istəmirlər, şəhərdə yaşayırlar, Bakıda, Sumqayıtda. İndi böyük şəhərdən kiçik şəhərə, kəndə qayıtmaq o qədər də asan məsələ deyil. Bunu hər kəs anlamalıdır. Nəzərə alsaq ki, qayıdış da könüllü olmalıdır və biz elə şərait yaratmalıyıq ki, hər kəs qayıtmaq istəsin. Ona görə dedim ki, sorğu keçirək və nəticələrinə baxaq. Çünki biz indi böyük işlərə start veririk, yaşayış evləri, məktəblər, xəstəxanalar – bütün bunlar hesablanmalıdır nə qədər adam yaşayacaq. Çünki böyük məsrəfdir. Mənə məlumat verildi ki, məcburi köçkünlərin mütləq əksəriyyəti qayıtmaq istəyir. Bu, məni çox sevindirdi. Mən belə də təxmin edirdim. Bu, bir daha göstərdi ki, xalqımız öz ulu babalarının yurduna nə qədər bağlıdır. Hətta Zəngilanı görməyənlər Zəngilanda yaşamaq istəyirlər. Necə ki, Vətən müharibəsində Qarabağı heç vaxt görməyənlər Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə də getmişdilər. Üç minə yaxın şəhidimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Ancaq insanların qayıdışı üçün şərait olmalıdır. Bax, biz birinci layihəni icra etdik, bunu təqdim etdik, həm Ağalı kəndinin sakinlərinə, həm də bütün Azərbaycana. Bizim gələcək planlarımız da belədir. İndi birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, əlbəttə ki, bütün qalan yerləri də bərpa edəcəyik. Əlbəttə, ilk növbədə, böyük şəhərlərin Baş planları təsdiq edilməli idi. Məsələn, Ağdam, Füzuli və Şuşa şəhərlərinin Baş planları təsdiq olunub, dünən isə Zəngilan şəhərlərinin Baş planı təsdiqləndi, artıq işlərə başlanılmışdır. İndi Ağdamda yaşayış binaları inşa edilir, Füzulidə də hazırlıq işləri gedir, Zəngilanda isə gedəcək. Yəni, bu, böyük bir prosesdir və onu da bildirməliyəm ki, biz bu işi dövlət büdcəsi hesabına edirik. Heç bir yerdən heç bir yardım almamışıq, heç bir kredit almamışıq, heç bir ianə, yaxud da ki, bir hədiyyə almamışıq, öz gücümüzə arxalanırıq, necə ki, həmişə belə yaşamışıq, gücümüz qədər nailiyyətlər də əldə etmişik.

Bu il də investisiya proqramı təsdiq olunub və proqrama əlavələr də ediləcək. Mən bu gün bunu bəyan etmək istəyirəm. Biz dövlət büdcəsinə əlavələr etməliyik, çünki iqtisadi göstəricilər daha yaxşıdır. Gəlirlərimiz nəzərdə tutulandan daha çoxdur. Ona görə biz bu əlavə gəlirləri və iqtisadi imkanlarımızı səfərbər etməliyik ki, vaxt itirmədən azad edilmiş torpaqlarda daha böyük həcmdə iş görək. İndi hökumətə tapşırılıb, yəqin yaxın gələcəkdə Milli Məclis bu məsələyə baxacaq ki, biz daha çox vəsait ayıraq. Mən demişəm, iqtisadiyyatımız nə qədər güclü inkişaf edərsə, biz azad edilmiş bütün əraziləri o qədər tez bərpa edəcəyik.

Ancaq hər kəs bilməlidir ki, bu, asan məsələ deyil. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir, yəni, təsəvvür edin, nə qədər böyük iş nəzərdə tutulur. Onu da hamımız bilməliyik ki, minatəmizləmə işi hələ də davam edir və əlbəttə ki, burada hər şey, bütün ərazilər minalardan təmizlənib. Əlbəttə, burada yaşayacaq insanlar bunu nəzərə almalıdırlar ki, ancaq minalardan təmizlənmiş ərazilərə gedə bilərlər. Çünki bu təhlükə hələ də var, ermənilər həm işğal zamanı, həm də müharibədən sonra torpağımızdan çıxmaq üçün onlara vaxt verildiyi zaman yenə də bu çirkin əməllərə əl ataraq bir çox minalar basdırmışlar.

Bu gün biz Müstəqillik Günü ərəfəsində görüşürük. Onu da deməliyəm ki, keçən il Müstəqillik Günündə mən Ağdam şəhərində idim, Ağdam sakinləri ilə görüşmüşdüm və Ağdam şəhərinin Baş planını təsdiqləmişdim. Bu il də planlaşdırırdım ki, Müstəqillik Günündə burada olum. Ancaq bildiyiniz kimi, sabah qardaş ölkənin - Türkiyənin Prezidenti Azərbaycana gələcək və biz Müstəqillik Gününü bərabər qeyd edəcəyik. Ona görə mən bir gün əvvəl gəldim, amma yenə də Müstəqillik Günü ərəfəsində. Çünki bunun böyük rəmzi mənası var, budur müstəqillik, budur azadlıq. Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən Şanlı Qələbəmiz bax bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq. Bu gün “Böyük qayıdış” dediyimiz prosesə start verildi. “Böyük qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır. Sizi təbrik edirəm.

X X X

Sonra xatirə şəkli çəkildi.

 

Oxşar xəbərlər

SON XƏBƏRLƏR