Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərə dəyən ziyanın qiymtləndirilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti ilə BMT-nin Ətraf Mühit Proqramı tərəfindən missiya keçirilib, hesabat hazırlanıb. Missiya çərçivəsində əsas diqqət çəkən məqamlardan biri münaqişə nəticəsində vurulan ziyan və dağıntılar olub.
“BMT-nin ekspertləri tərəfindən aparılan qiymətləndirməyə görə, təkcə Ağdam rayonunda 3 milyon tona yaxın tikinti-söküntü tullantısının yaranması gözlənilir. Bunlar potensial bir xammaldır. Nümunələr götürülüb, test-laborator analizlər aparılıb, onların tikintidə istifadəsinə yararlı olduğu müəyyən edilib. Odur ki, tikinti-söküntü tullantılarından yenidən istifadə edilməlidir. Bu, həm xammaldır, həm də ətraf mühitə olan təzyiqin azaldılmasıdır. Düşünürük ki, bu qiymətləndirmədən istifadə edərək, Ağdam rayonu üçün tikinti-söküntü tullantılarının idarə edilməsi ilə bağlı fəaliyyət planı hazırlansın. Bu təcrübənin işğaldan azad edilmiş digər rayonlarda da tətbiq edilməsi vacibdir. Həm dövlət qurumları, həm də özəl təşkilatlar, tikinti şirkətləri bu istiqamətdə müvafiq tədbirlər görməlidirlər”, – deyə Faiq Mütəllimov bildirib. (AZƏRTAC)