Hazırda su anbarının yamacında beton üzlüyün bərpası işləri gedir. Dib qapıları və irriqasiya qapıları yenidən qurulur. Anbarda suyun səviyyəsi aşağı salındıqdan sonra həm də çox böyük miqdarda lillənmə müşahidə edilib. Görülən işlər çərçivəsində su anbarı lil çöküntülərindən də təmizlənəcək ki, bunun da nəticəsində anbarın faydalı həcmi artacaq.
Qeyd edək ki, Suqovuşan su anbarı 1975-ci ildə tikilərək istismara verilib. Su anbarının suvarma sahəsi 96 min 217 hektar, sahəsi 580 min kvadratmetr, həcmi 5,8 milyon kubmetrdir. Suqovuşan su anbarı uzun illər işğal altında qaldığından həm üzərindəki hidrotexniki qurğular, həm də su anbarından ayrılan kanallar yararsız hala düşüb. Eləcə də anbarın dibinin lillənməsi nəticəsində onun faydalı həcmi də azalıb.
Hazırda Suqovuşan su anbarı ilə yanaşı “Tərtər” sol sahil magistral kanalının tikintisi də həyata keçirilir. İkinci mərhələdə Tərtər sağ sahil kanalının, sol sahil kanalının paylayıcı hissələrinin bərpası, üçüncü mərhələdə şəbəkələrinin təmiri-bərpası nəzərdə tutulur. (AZƏRTAC)