17.01.2026, 17:50
AZ EN
29.12.2025, 09:54 221

Xankəndi teatrının binası yenidən qurulur

QARABAĞ
  • Xankəndi Dövlət Dram Teatrının inzibati binasında təmir-bərpa işlərinə başlanır. Yenidənqurma işlərini "Crystal İnşaat" şirkəti həyata keçirəcək.

"Vətən səsi" xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyi ilə icraçı şirkət arasında ümumi dəyəri 7,9 milyon manat olan müqavilə imzalanıb. Artıq layihə çərçvəsində təmir və bərpa işlərinə başlanıb, binanın daxilində və həyətyanı sahəsində yenidənqurma işləri aparılır.

Xatırladaq ki, Xankəndi Dövlət Dram Teatrının binası 1932-ci ildə Azərbaycan hökumətinin ayırdığı vəsait hesabına tikilib. 1949-cu ildə binanın konstruksiyasına müəyyən əlavələr olunub. Bina sovet dövrü memarlığının əsas elementlərini özündə əks etdirir. Teatrın binası XX əsr abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilib.

Mədəniyyət Nazirliyinin və digər qurumların mütəxəssisləri tərəfindən 2023-cü ilin noyabrında Xankəndi şəhərində yerləşən mədəniyyət müəssisələrinin monitorinqi aparılarkən teatrın da binasına baxış keçirilib. Məlum olub ki, işğal dövründə bina istismar üçün yararsız vəziyyətə salındığına görə əsaslı təmirə ehtiyac var. Ötən ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub.

Artıq teatrın inzibatı binasının əsaslı təmiri və yenidən qurulması ilə bağlı hazırlıqlar başa çatıb. "Crystal İnşaat"ın həyata keçirəcəyi layihə çərçivəsində Xankəndi Dövlət Dram Teatrı gecə işıqlandırması fonunda möhtəşəm görkəmi şəhərin bərpa olunan ruhunu özündə əks etdirəcək.

Elxan SALAHOV

Oxşar xəbərlər