İşğaldan azad olunmuş ərazilərdə bu tip layihələrə daha çox üstünlük verilir. 2021-ci ilin oktyabrında Zəngilanda təməli qoyulan “Dost Aqropark” layihəsi də bu qəbildəndir. Türkiyə və Azərbaycan sərmayədarları tərəfindən həyata keçirilən layihə üç mərhələdən ibarətdir. Birinci mərhələyə inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər və işçi heyət üçün binaların tikintisi daxildir. Kompleksdəki otlaq sahələrdə 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər həyata keçiriləcək.
Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq. Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq.
Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək.
Xatırladaq ki, Zəngilandakı "Dost Aqropark"ın təməlini Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə qoyub. İlkin mərhələsi təxminən bir il ərzində icra olunan layihə çərçivəsində qurulan ağıllı kənd təsərrüfatı kompleksinin rəsmi açılış mərasimi də Azərbaycan və Türkiyə liderlərinin iştirakı ilə reallaşıb. Bildirilib ki, bərpa olunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan kompleks bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. "Dost Aqropark" tam gücü ilə fəaliyyətə başlayandan sonra burada 500 nəfər daimi iş yeri ilə təmin olunacaq.
Yeri gəlmişkən, aqroparklar torpaq sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, yeni istehsal və emal sahələrinin yaradılması, müasir suvarma sistemlərinin tətbiqi üçün çox innovativ və həm də əlverişlidir. Mövcud aqroparklarda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və aqrar-sənaye kompleksinin modernləşdirilməsində böyük uğurlara imza atılır. Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə innovativ texnologiyaların tətbiqi ilə yaradılan belə təsərrüfatlar Qarabağ və Şərqi Zəngəzurun digər ərazilərində də qurulmaqdadır.
RÖYA SALMANQIZI