26.01.2026, 16:40
AZ EN
26.01.2026, 14:50 90

Dağlar gözəli Şuşa

QARABAĞ
  • Sıldırım dağların başı üzərində qərar tutan əsrarəngiz Şuşa. Əsrlərdən bu günədək məğrurluğunu qoruyub saxlayan igidlik qalası, özlüyündə bir sənət əsəri, tarixi məbəddir. Xanların, bəylərin, igidlərin vətəni Şuşa, de, səni necə sevməmək olar?! Azərbaycanın üzük qaşı Şuşa. Hüsnünün gözəlliyi məst edir insanı. Qala qapılarının əzəmətindən düzənliklərin güc alır Şuşam.

Şəninə şerlər, mahılar yazılan  Şuşanı bir az yaxından tanıyaq...

Gəncə, İrəvan və Ağoğlan Şuşa qalasının üç əsas qapısıdı. Şuşa qalası 1751-1753-cü illərdə Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən inşa edilib. Qarabağ xanı əvvəlcə Bayat, sonra isə Şahbulaq qalasında təhlükəsizlik və strateji yüksəklik baxımından dağlıq və çətin keçilən ərazidə yeni qala salmağa qərar verir. Pənahəli xan hər tərəfi sıldırım qayalıqdan ibarət dağın üstündə möhkəm təbii relyefli ərazini seçərək burada orta əsr memarlığının klassik nümunəsini yaradır. Təbii relyefə uyğun şəkildə inşa olunan qala hərbi istehkam rolunu oynayır. Divarlar təbii dağ relyefindən maksimum istifadə edilməklə daş və əhəng məhlulu ilə hörülüb.

Qala həm də şəhərin sərhədlərini müəyyənləşdirən divar kimi çıxış edir. İçərisində isə məscidlər, hamamlar, bazarlar, yaşayış evləri, mədəniyyət ocaqları yerləşirdi.

Şuşa qalası həm qala, həm də şəhər funksiyasını yerinə yetirirdi. Qalanın daxilindəki şəhər sürətlə inkişaf edir və XVIII əsrin sonlarına doğru Qarabağın əsas siyasi və mədəni mərkəzinə çevrilir.  Xan sarayı, Qazançı kilsəsi, Yuxarı və Aşağı Gövhər ağa məscidləri, Karvansaralar, ibtidai məktəblər və mollaxanalar məhz burada yerləşirdi.

XIX əsrdə Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan, Bülbül, Sadıqcan, Cabbar Qaryağdıoğlu kimi məşhur şəxsiyyətlər Şuşanın mədəni-siyasi həyatında yetişib, burada təhsil alıb və fəaliyyət göstəriblər. Şuşa qalası uzun illər Qarabağ xanlığının paytaxtı olmuş və ruslarla 1805-ci ildə bağlanan “Kürəkçay müqaviləsi”nə qədər xanlıq kimi müstəqilliyini qoruya bilib. Xanlıq hətta Rusiyanın tərkibinə qatılandan sonra da bir ildən çox daxili idarəçiliyi və varislərinin "xan" titulunu özündə saxlayıb. Ruslarla “Kürəkçay müqaviləsi”ni imzalayan İbrahim xan müəmmalı şəkildə öldürülənədək...

Taleyinə tarixboyu mübarizə, savaş yazılan Şuşa böyüyəndən, şəhər statusu alandan sonra yenə də Qarabağın mərkəzi və hətta mədəniyyət mərkəzi kimi yüksək inkişaf mərhələsinə keçib. Təəssüf ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından az sonra, 1992-ci ilin mayında Şuşa Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. İşğalı dövründə qala ərazisində yerləşən tarixi-memarlıq abidələrinin əksəriyyəti dağıdılıb, məscidlər təhqir edilib, Azərbaycan xalqının tarixi mədəniyyətini özündə əks etdirən tikililər, o cümlədən qədim qala divarları sökülərək talanıb. Qala divarlarının digər hissəsi isə atəşə tutulub və nəticədə müxtəlif hissələrdə çatlar yaranıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun fədakarlığı sayəsində Şuşa şəhəri nəhayət ki, yağı tapdağından azad edildi. 2020-ci il noyabrın 8-də qazanılan bu tarixi nailiyyət təkcə hərbi yox, həm də mənəvi, mədəni, siyasi və ideoloji qələbəni də təmin etdi.

İndi Şuşa özünün bərpa və tarixi inkişaf mərhələsinin yeni dövrünü yaşayır. Sıldırım qayalardan dırmaşaraq “Cıdır düzü”nü azad edən igidlərimizin qanı hesabına dirçələn bu qədim mədəniyyət beşiyi mədəni-tarixi irsi, qalaları, məbədləri ilə birlikdə tam və bütöv halda özünə qayıdır. Tarixi-mədəni abidələrin, o cümlədən güllələnmiş büstlərin bərpasından sonra müasir infrastruktura malik şəhərin qurulması davam edir. Zəfər yolu ilə Şuşaya qayıdış "Xarıbülbül", "Qarabağ" otelləri kimi məşhur turizm müəssisələri şəhərin qonaqlarına xidmət göstərir.

Azadlığının üçüncü ilində, 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmiş Şuşa qısa müddət ərzində bir neçə beynəlxalq səviyyəli mədəni tədbirlərə də ev sahibliyi edib.

Röya SALMANQIZI

Oxşar xəbərlər