22.06.2025, 15:13
AZ EN
27.12.2023, 09:29 370

Gələn il Kəngərli kəndinin tikintisi başa çatdırılacaq

QARABAĞ
  • Növbəti stansiya Xankəndi... Bəli, bu həqiqəti əks etdirir. Bir zamanlar xəyalını qurduğumuz arzularımız gerçəkləşir. O torpaqların qoynunda binə quran soydaşlarımızın uzun illər çəkdikləri əzab-əziyətlərinə, həsrətinə son qoyulur. Vandal ermənilər tərəfindən yerlə yeksan olan şəhərimiz, kəndlərimiz yenidən qurulur, abadlaşır...

 Bərpa-quruculuq işləri çərçivəsində Ağdamda 12 kəndin bərpası nəzərdə tutulub. Kəngərli kəndinin tikintisi başa çatdırılacaq. Baş Qərvənd kəndində isə 6 mindən çox əhali məskunlaşacaq.

-Ağdamda rayon mərkəzi ilə yanaşı kəndlərin də  bərpası aparılır. İlk mərhələdə burda 300 ev inşa edilir. 2, 3, 4, 5 otaqlı evlər 1200 kvadratmetr ərazidə tikilir.

Bərdə-Ağdam yolunun sol hissəsində Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndinin gələn ilin aprel ayına dək tikintisi başa çatdırılacaq. Kənddə 639 ailə olmaqla 2626 nəfərin məskunlaşması gözlənilir. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi planlaşdırılır. Dövlət Proqramına uyğun olaraq ümumilikdə Ağdam rayonunda ilk mərhələdə 12 kənd bərpa ediləcək. Bu kəndlərdən 10-unun konsepsiyası artıq təsdiqlənib, 8-nin təməli qoyulub.

476 hektar ərazidə salınacaq kənddə 6 mindən çox soydaşımızın məskunlaşması nəzərdə tutulub. Layihənin ilk mərhələsində Baş Qərvənd kəndində 851 ev inşa ediləcək və bura 3703 nəfərin köçürülməsi planlaşdırılır. Tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilən kənddə əhali məşğulluğunun və istirahətinin təmin olunması üçün hər cür şərait yaradılacaq. Burda uşaq baxçası, məktəb, inzibati binalar, klub, icma mərkəzi, tibb məntəqəsi, aptek, mehmanxana  və bir sıra xidmət müəssisələri yaradılacaq. Kəndlərin və Ağdam şəhərinin tikintisi zamanı yol-nəqliyyat infrastrukturu da müasir tələblərə cavab vermək şərtilə qurulacaq.

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov:

-Daxili yolların uzunluğu 200 kilometrə yaxındır. Ağdam şəhərində və burada qeyd etdiyim kimi, geniş, 6, 8 zolaqlı prospektlər var. Tarixi-mədəni mərkəz hissəsi, 5 yaşayış kompleksindən, açıq səma altında İşğal Zəfər Muzeylərindən, bundan başqa, İmarət kompleks sarayından, cümə məscidindən və inzibati mərkəzdən ibarətdir. Şəhərin mərkəzi hissəsinin hazır olması ilə yanaşı bu hissələri əhatə edən daxili yol kommunikasiya şəbəkəsi də  qrafikdə göstərilmiş zamana uyğun olaraq hazır olunub təhvil veriləcəkdir.

Yaxın gələcəkdə Ağdama, daha sonra isə Xankəndiyə dəmir yolunun fəaliyyətə başlaması Qarabağ bölgəsinin iqtisadi və turizm potensialının tam istifadə edilməsinə imkan yaradacaq.

Ətraf ərazilərin Ermənistan ordusunun işğalında olduğuna görə uzun müddətdir dayandırılmış Bakı-Xankəndi dəmir yolunun Bərdə-Ağdam hissəsinin çəkilişi artıq başa çatıb. Növbədə isə Xankəndimizə dəmir yolu çəkilişidir ki, bu da 2024-cü ildə həyata keçiriləcək.

Bir sözlə, işğaldan azad olunana qədər ruhlar  şəhəri adlandırılan Ağdam artıq ruhumuzun şəhərinə çevrilir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər