"Vətən səsi" xəbər verir ki, iki gün davam edən XI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransının məqsədi arı xəstəliklərinin qarşısını almaq, arıçılıqda məhsuldarlığı artırmaq, arıçıların öz məhsullarını yerli və xarici bazara çıxarması yollarını araşdırmaqdır. Konfransda müvafiq dövlət orqanlarının və ictimai birliklərin təmsilçiləri ilə yanaşı müxtəlif ölkələrdən olan elm adamları və arıçılar iştirak ediblər. Xarici qonaqlar və qabaqcıl şirkətlərin nümayəndələri öz təcrübələrini yerli təsərrüfat subyektlərinin nümayəndələri ilə bölüşüblər. Bildirilib ki, zəngin təbiəti, dağları, meşələri və mineral bulaqları ilə dünyanın ecazkar mənzərələrini özündə birləşdirən Kəlbəcər həm də əsrlər boyu yaşadılmış arıçılıq ənənələri ilə seçilir. Dağlıq relyef, nadir flora örtüyü, saf dağ çaylarının yaratdığı mikroiqlim burada istehsal olunan balın dadı, keyfiyyəti və müalicəvi xüsusiyyətlərini fərqləndirən əsas amillərdəndir.
Ötən ilin avqustunda Prezident İlham Əliyev Kəlbəcər şəhərinə səfəri zamanı rəsmi açılış mərasimindən sonra fəaliyyətə başlayan "Balland" – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası indi təkcə ölkə daxilində deyil, xarici bazarlarda da tanınmağa başlayıb. Belə ki, Kəlbəcər balı "Made in Azerbaijan" adı altında "Balland" brendi ilə xarici bazarlarda satışa çıxarılır. “Balland” öz müxtərilərinə ekoloji təmiz balla yanaşı propolis, arı südü, çiçək tozu, mum və digər arıçılıq məhsullar da təqdim edir.
"2021-ci ildə Kəlbəcərdə arıçılıq təsərrüfatımızda olarkən Prezident İlham Əliyev Kəlbəcər balının unikal dada malik olmasını və xüsusi çiçək dadı verdiyini söyləmişdi. Həmin balın dünya bazarına ixracı ilə bağlı tapşırıqlarını verib. Biz də bu tapşırıqdan stimul alaraq Kəlbəcər balını "Balland" markası ilə brendləşdirdik və mağaza açmaq qərarına gəldik", - deyə mağazanın sahibi Ruslan Mustafayev bildirib.
"Balland"ın sahibi onu da əlavə edib ki, arıçılıq bu bölgənin sakinləri üçün sadəcə peşə deyil, nəsildən-nəslə ötürülən həyat tərzidir. Onun sözlərinə görə, Kəlbəcər işğaldan azad olunandan sonra respublikanın müxtəlif regionlarında məcburi köçkün həyatı yaşayan kəlbəcərli arıçılar doğma yurda dönərək təsərrüfatını yenidən qurub. Təkcə ötənilki mövsümdə 500-dən çox arıçı fermer öz təsrrüfatlarını Kəlbəcər yaylarına köçürüb.
Elxan SALAHOV