Bunu Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova deyib.
S.Gözəlova xatırladıb ki, 1830-cu ildə təməli qoyulan Şuşa şəhər 1 nömrəli tam orta məktəbi şəhər azad edildikdən sonra yenidən tikilərək 2024-cü ildə fəaliyyətə başlayıb. Qeyd olunub ki, Cənubi Qafqazda ilk dünyəvi məktəblərdən biri hesab olunan bu təhsil müəssisəsi 960 şagird yerlikdir və 40 sinif otağından ibarətdir. Məktəb müasir texniki və tədris avadanlıqları ilə təchiz olunub. Məktəbdə fəaliyyət göstərən STEAM Mərkəzində şagirdlər robototexnika, proqramlaşdırma, virtual reallıq, dron texnologiyaları və bərpa olunan enerji istiqamətləri üzrə biliklər əldə edirlər. Bu imkanlar şagirdlərin elmi və texnoloji bacarıqlarının inkişafına şərait yaradır.
S.Gözəlova deyib ki, şəhərdə inşa olunan yeni yaşayış binaları doğma yurda qayıdan sakinlərin sayının artacağını deməyə əsas verir: “Bu da yaxın illərdə Şuşada təhsil alan şagirdlərin və müəllim heyətinin sayının artmasına imkan yaradacaq.
Hazırda Şuşa beynəlxalq tədbirlərə ev sahibliyi edir və beynəlxalq müstəvidə tanıdılır. Türk dünyasının mədəniyyət paytaxtı statusunu daşıyan şəhər tarixi irsi qorumaqla yanaşı, müasir şəhər modelinə uyğun şəkildə inkişaf etdirilir”. (APA)