Şagird sayı 6 dəfədən çox artıb
Məktəbin direktoru Həcər Mahmudova bildirib ki, təhsil ocağı fəaliyyətə 100 şagird və 14 nəfərlik müəllim heyəti ilə başlasa da, hazırda burada 650-yə yaxın şagird təhsil alır. Pedaqoji heyətin sayı isə artıq 50-yə çatıb.
“Heyətimizin 38 nəfəri pedaqoji işçidir. Son üç ildə həm müəllimlər, həm də şagirdlər bir çox uğurlara imza atıblar. Məktəbin 30-dan çox məzunu hazırda müxtəlif ali təhsil müəssisələrində təhsillərini davam etdirirlər. Bu tədris ilindən etibarən məktəbdə tam orta təhsil səviyyəsi üzrə təmayülləşmə tətbiq olunur. Bununla yanaşı, rəqəmsal bacarıqların inkişafı və STEAM layihəsi də uğurla icra edilir," – deyə direktor qeyd edib.
Həmçinin məktəbdə 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması məqsədilə icma əsaslı iki təhsil qrupu yaradılıb. Direktorun sözlərinə görə, məktəbdə çalışan pedaqoji heyətin böyük bir hissəsinin füzulili olması işə əlavə stimul verir: “Məktəbdə çalışan pedaqoji heyətin böyük hissəsi Füzuli şəhər sakinləridir. Bu isə çalışan hər kəs üçün böyük stimul yaradır. İşğaldan azad olunmuş ərazilərdə ilk müəllimlərdən biri kimi fəaliyyət göstərmək həm qürurverici, həm də böyük məsuliyyətdir. Məqsədimiz şagirdlərimizin təlim-tərbiyəsində öz töhfəmizi verməkdir. Gələcəkdə Füzuliyə köçən ailələrdən də məktəbimizdə çalışanların olacağına, həmçinin bu məktəbin məzunlarının ali təhsil alıb, yenidən doğma məktəblərində fəaliyyət göstərəcəklərinə inanırıq”.
“Şagird kimi tərk etdiyim rayona müəllim kimi qayıtdım”
Məktəbin fizika müəllimi Ramilə Quliyevanın taleyi rəmzi məna daşıyır. O, vaxtilə şagird ikən məcburi köçkün düşdüyü Füzuliyə illər sonra müəllim kimi qayıdıb: "Uşaqlıq illərində bu ayrılığı tam dərk etmirdim. İllər keçdikcə Vətəndən uzaq qalmağın ağrısını anladım. Ən böyük arzum Füzulidə müəllim kimi çalışmaq idi. Bu gün müasir standartlara uyğun inşa olunmuş məktəbimizdə şagirdlərə həm elm öyrədir, həm də vətənpərvərlik ruhu aşılayırıq. Nəhayət, bu günlər bizə qismət oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordu və xalq birliyi sayəsində torpaqlarımız azad edildi. Bu gün Füzulidə təhsil ocağında çalışmaq mənim üçün həm böyük qürur, həm də məsuliyyətdir. Burada şagirdlərimizə akademik biliklərlə yanaşı, vətənpərvərlik ruhu da aşılayırıq. Məktəbimiz müasir standartlara uyğun inşa olunub, şagirdlər üçün geniş və səliqəli sinif otaqları, fənn kabinetləri və kitabxana mövcuddur.
Şagirdlərin sevinci: "Füzuli çox gözəldir"
Məktəbin kiçikyaşlı şagirdləri də yeni təhsil ocağından və doğma yurdlarından böyük həvəslə danışırlar. 3-cü sinif şagirdi Ayxan Əlizadə deyir: "Mən bu məktəbdə birinci sinfə daxil olmuşam. Məktəbimiz çox gözəldir, dərslərimi yaxşı oxuyuram. Füzulinin yaşıllığını, dağlarını çox sevirəm”.
Digər şagird Nilay Babayeva da ailəsi ilə birlikdə köçdüyü Füzulidə yeni dostlar qazandığını və dərslərini sevə-sevə oxuduğunu bildirib.
Özbək xalqının qardaşlıq hədiyyəsi
Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilən məktəb 960 şagird yerlikdir. Müasir memarlıq üslubunda tikilən məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, yeməkxana və zəngin kitabxana var.
Məktəbin həyətyanı ərazisində futbol meydançası, qaçış zolaqları, istirahət guşələri və müasir mühəndis-kommunikasiya sistemləri qurulub. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilərək şagird və müəllimlərin tam istifadəsinə verilib. (AZƏRTAC)