04.03.2026, 05:50
AZ EN
15.01.2026, 14:20 269

Qarabağ və Şərqi Zəngəzur ölkəmizi “yaşıl enerji” ilə təmin edir

QARABAĞ
  • Bərpa olunan enerji növlərinin istehsalı enerji sahəsində Azərbaycanın gündəliyində duran başlıca vəzifələrdəndir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 3 may 2022-ci il tarixli sərəncamı çərçivəsində bu sahədə bir çox işlər görülüb. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri də məhz “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.  Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində ardıcıl işlər aparılır.

1990-cı illərdə  xaricdən elektrik enerjisi alan Azərbaycan hazırda 4 ölkəyə elektik enerjisi ixrac edir. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun potensialı  ölkəmizdə enerji istehsalının bir neçə dəfə artırmağa imkan verir. Bərpa olunan enerji növlərinin inkişafı məhz həmin  məqsədə yönəldilib. Artıq müvafiq sahələr üzrə  böyük planlar tərtib olunub və  genişmiqyaslı işlər həyata keçirilir. Bu məqsədlə Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə “Yaşıl Enerji Zonası”nın yaradılması üzrə müfəssəl Konsepsiya hazırlanıb.  Eyni zamanda, həmin bölgələrdə hidro, günəş, külək, biokütlə, geotermal və digər bərpa olunan enerji potensialının öyrənilməsi, mövcud  resurslardan istifadə  etməklə külək və günəş enerji stansiyalarının,  su anbarlarında, kiçik  çaylarda enerji mənbələrinin yaradılması istiqamətində davamlı iş aparılır.  Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilər Azərbaycanda  birinci yaşıl  enerji zonası  elan edilib. Həm  bu ərazilər üzrə Azərbaycan 2050-ci ilə qədər  sıfır karbon emissiyası öhdəliyi götürülüb.

Mütəxəssislərin qənaətinə görə Qarabağda istehlak  təqribən  40 meqavatdan az, elektrik enerjisinin istehsalı potensialı isə təqribən 100 meqavat təşkil edir. Ümumilikdə, Qarabağ və Şərqi  Zəngəzur iqtisadi  rayonlarında 500 MVt-a yaxın hidroenerji və 300 MVt-çox  günəş enerjisi  layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.  Xudafərin və “Qız qalası” Su  Elektrik Stansiyaları da daxil olmaqla, bölgənin ümumi “yaşıl enerji” potensialı 1000 MVt-dan artıq qiymətləndirilir. Bu isə 2040-cı ilə qədər  regionun  enerji tələbatının tam şəkildə bərpa olunan enerji mənbələri hesabına  ödənməsinə imkan verəcək.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda 6 yeni hidroelektrik stansiyasının tikintisi planlaşdırılır. Onlardan  biri “Sərsəng” su anbarı üzərində yerləşən hidroelektrik stansiyasıdır. Normal gücü 50 MVt olan bu stansiya hazırda 5-6 MVt rejimində fəaliyyət göstərir.  Muxtarçay və Oxçuçay  kimi dağ çayları üzərində stansiyalar inşa edilir. Hər iki bölgədəki 32 su elektrik stansiyasında 550 milyon kVt/saat-dək  ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal olunub. Elektrik enerjisinin üçdəbiri, yəni 200 milyon kVt/saata yaxını işğaldan azad edilən ərazilərin enerji tələbatını ödəyir, qalan hissə  respublika enerji sisteminə ötürülməklə digər şəhər və rayonların tələbatına yönləndirilib. Nəticədə 120 milyon kubmetr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının  atmosferə  atılmasının qarşısı alınıb.

Qeyd edək ki, təkcə 2024-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin iştirakı ilə  9 su elektrik  stansiyasının açılışı olub. Belə ki, Kəlbəcər  rayonunda son dörd ildə işğaldan azad edilən ərazilərdə tikilən ən böyük su elektrik stansiyası – 22, 5 MVt-lıq “Yuxarı Vəng”, 4,3 MVt-lıq ”Zar”, Laçın rayonunda 2,8 MVT-lıq “Zabux”, 4,6 MVT-lıq “Qaraqışlaq”,  Zəngilan rayonunda isə hər birinin gücü 10,5 MVt olmaqla “Sayıflı”, “Zəngilan” və “Sarıqışlaq”  su elektrik stansiyaları istismara verilib. Daha 11 su elektrik stansiyasında isə tikinti-quraşdırma işləri davam edir.

Bütövlükdə qarşıdakı illərdə əlavə olaraq 200 MVt-lıq su elektrik  stansiyaları tikiləcək. Eyni zamanda ölkəmizdə günəş və külək  enerji istehsalını yaratmaq üçün bu sahəyə investisiyalar cəlb olunur, yaşıl zona üçün lazımi  texnologiyaların tətbiqi həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur erməni  əsarətindən azad  ediləndən bəri həmin ərazilərdə bərpa, tikinti-quruculuq işləri uğurla davam edir. Hər belə layihə ata-baba yurdlarımızda sülh və əmin-amanlıq şəraitində yaşamaq arzusunun daha tez gerçəkləşməsinə təkan verir, uzun ayrılıqdan sonra doğma sakinlərinə qucaq açmış şəhər və kəndlərimizi nura boyayır.

 

Röya SALMANQIZI

 

Oxşar xəbərlər