Vətən müharibəsi dövründə Füzuli ən ağır döyüşlərin getdiyi bölgə kimi tarixə düşdü, yüzlərlə şəhidimiz, qazimiz məhz bu torpaqda qan töküb. İşğal dövründə şumlanan, daş üstə daşı, ağacının kötüyü belə qalmayan Füzulini işğaldan azad edən kimi burada tikinti, quruculuq, bərpa işlərinə başlamaqla bu torpaqlara can verdik, müqəddəs torpaqlarımıza daha tez yaxınlaşaq deyə öncə yeni yolların salınmasına başlanıldı.
Anar Nəcəfli - AAYDA-nın mətbuat xidməti:
-Hal-hazırda icrası davam edən 13 layihədən 4-ü məhz Füzuli rayonunun ərazisindən keçir. 101 km uzunluğunda olan Zəfər yolumuzun başlanğıcını məhz Füzuli rayonunun ərazisindən götürməklə, Füzuli, Xocavənd, Xocalı, Şuşa şəhərinə doğru inşa olundu. Əhmədbəyli-Füzulu-Şuşa yolunun tikintisinin 2023-cü ildə yekunlaşması planlaşdırılır. Digər yolların tikintisinin isə müvafiq olaraq 2024-2025-ci illərdə yekunlaşdırılması planlaşdırılır. Bir avtomobil yolu da Füzuli-Hadrut yoludur, 12 km uzunluğunda. Artıq bu il həmin yolun da tikintisinin yekunlaşdırılması tərəfimizdən təmin olunacaq.
Otuz il ərzində zülmətə qərq olan Füzuli cəmi 3 ay ərzində 110 kilovotluq Füzuli yarımstansiyasının istifadəyə verilməsiylə nura qərq oldu.
Teymur Abdullayev - “AZƏRENERJİ” ASC-nın mətbuat katibi:
-Füzulidəki Şükürbəyli yarımstansiyası da genişləndirilərək tam yenidən quruldu və qovşaq yarımstansiyası funksiyasını daşıdı və təsadüfi deyil ki, məhz Şükürbəyli yarımstansiyasından Şuşa yarımstansiyası, o cümlədən yeni tikilən Qubadlı, Zəngilan, Cəbrayıl yarımstansiyaların hamısı Şükürbəyli yarım stansiyasından qidalanır. Füzulidən Şuşaya 110 kilovotluq xətt çəkildi. İki növbəli olmaqla bu yarımstansiya Füzulidəki Aeropotu və ümumiyyətlə, Füzuli şəhərində tikiləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.
Qarabağın qapısı olan Füzuliyə cəmi 8 aya Hava limanı inşa edildi və bu bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat və lakistikasının inkişafına töhfə verəcək. İkinci ağıllı kənd də məhz Füzulinin payına düşüb.
Vüqar Bayramov – millət vəkili:
-Bir il öncə Füzuli şəhərinin baş planı təqdim olundu. Baş plana uyğun olaraq Füzuli şəhəri Qarabağ və Şərqi Zəngəzurda ikinci ən böyük şəhər olacaq. Füzuli şəhərində məskunlaşacaq soydaşlarımızın sayı 50 minə yaxın olacaq. Artıq 2023-cü ilin payız aylarında Füzuli şəhərinin ilk sakinlərini qəbul edə biləcək. İkinci ağıllı kənd də Füzuli rayonunda olacaq. Füzuli şəhərinin yaxınlığındakı Dövlətyarlı kəndinin- ikinci ağıllı kəndin inşaatı ilə bağlı işlər davam etdirilir. Təbii ki, ikinci ağıllı kənddə də təxminən 450 ailə məskunlaşdırılacaq.
Bütün bu görülən işlər, həyata keçirilən layihələr isə Füzuliyə, eyni zamanda bütövlükdə Qarabağa böyük köçü səbirsizliklə gözləyən soydaşlarımızın həsrətini daha azaldır, çünki geri sayım torpaqlarımız işğaldan azad edilən gündən başlayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ