22.11.2024, 07:00
AZ EN
16.09.2022, 13:40 536

Qarabağda biznes qurmaq məqsədilə 1 300-ə yaxın müraciət qeydə alınıb

QARABAĞ
  • Bu günə qədər Qarabağda biznes qurmaq istəyən sahibkarlardan 1 300-ə yaxın müraciət qeydə alınıb. Onların da 460-dan çoxu xaricilərə məxsus müraciətdir və 40-a yaxın ölkə olmaqla geniş coğrafi dairəni əhatə edir.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Şuşada keçirilən, Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda bildirib.

"Müraciətlərin intensivliyi və həcmi yerli və xarici investorların Qarabağda biznes fəaliyyətinə marağının yüksək olduğunu göstərir. Xarici müraciətlərin yarıdan çoxu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin payına düşür. Onların sırasında Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Macarıstan yer alır. Daxil olmuş layihələr əsasən ticarət, xidmət, inşaat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, təhsil, nəqliyyat, logistika və digər sahələri əhatə edir.

KOBİA mandatı çərçivəsində Qarabağda zəruri biznes infrastrukturunun yaradılması üçün əlaqələndirmə işləri aparır. Belə ki, işğaldan azad edilmiş bölgələrimizdə zəruri ehtiyacların ödənilməsi ilə bağlı bir qrup sahibkarla Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Kəlbəcər və Laçın rayonlarına səfərlər təşkil edilib, nəticədə bir sıra ərazilərdə biznes və ictimai xidmət obyektləri istifadəyə verilib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış suvenir istehsalı müəssisəsi isə Türk qardaşlarımız ilə birgə işbirliyinin uğurlu nəticəsidir.

Ümumilikdə, Qarabağ regionunda infrastrukturun yenidən qurulması, eləcə də biznes potensialının reallaşdırılması istiqamətində aparılan işlərə özəl sektorun və xarici investorların cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Özəl sektorun prosesdə iştirakı dövlət investisiya xərclərinin azaldılması, habelə alternativ və şaxələndirilmiş maliyyələşmə mexanizmləri vasitəsilə yerli və xarici sərmayələrin cəlb edilməsi baxımından faydalı ola bilər". (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR