Tikintidə iş icraçısı Vaqif Əsədov bildirib ki, məktəb binası ikimərtəbəli olmaqla, beş korpusdan ibarətdir. Binada sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılacaq. Həyətdə idman meydançası, qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa ediləcək, abadlıq işləri aparılacaq, yaşıllıq salınacaq.
Hazırda binanın bir korpusunda tikinti, digər korpuslarda isə santexnik, suvaq işləri görülür, dam hissəsi vurulur. Məktəbin tikintisinin bu ilin may ayında başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Mahrızlı kənd tam orta məktəbinin binası 1987-cı ildə Gürcüstanda baş verən təbii fəlakət zamanı insanları xilas edən zaman qəhrəmancasına həlak olmuş cəsur əsgər Rahib Məmmədovun şərəfinə tikilib. Vətən müharibəsi zamanı düşmənin artilleriya atəşinə məruz qalan məktəb binasının bir hissəsi yararsız hala düşmüşdü. Müharibə başa çatandan sonra bina qismən bərpa olunub və məktəbdə tədris davam etdirilib. Ötən ilin may ayından isə məktəb üçün yeni binanın tikintisinə başlanılıb. (AZƏRTAC)