22.11.2024, 07:57
AZ EN
23.08.2022, 08:30 455

“Laçında çadırda da yaşayarıq...”

QARABAĞ
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Laçına qayıdışla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkün icmalarının nümayəndələri ilə keçirilən görüş xoş təəssüratla yadda qaldı. Görüş iştirakçılarının bununla əlaqədar rəylərini təqdim edirik.

Yeganə Cabbarova: “Laçın Azərbaycanın qala qapısıdır, yəni Ermənistan tərəfdən. Laçının strateji mövqeyi dövlətimizə imkan verəcək ki, bizi orada məskunlaşdırsın, biz bütün çətinliklərə rəğmən tez, təcili bir şəkildə orda məskunlaşmalıyıq. Laçın, Zabux və Sus kəndlərində. Dünyanın gözü bu dəqiqə Azərbaycandadır ki, görsün Azərbaycan məhz orda əhalisini necə məskunlaşdıracaq. Yəni, söhbət ondan getmir ki, biz gedən kimi bütün infrastruktur  hazır olmalıdır, hamı üçün gözəl şərit yaradılmalıdır, xeyir. Bəzən deyirlər ki, mən erməni evində yaşamaram. Şəxsən mən erməni evində yaşayaram, bu erməninin evi deyil ki, öz evimizdir, öz torpağımızdır, oranı təmizləyib yaşayarsan. Biz otuz il, mən buradkıları bilirəm, hər bir köçkün müəyyən çətinliklərlə üzləşib və çətinliklərə sinə grərək gəlib bu mövqeyə çatıb. Hamısı da öz əlinin zəhmətiylə, yəni havayı pulla özünə ev tikən çox az-az tapılar köçkünlər arasında. Amma mən 30 ildir ki, yataqxanada yaşayıram və bir dəfə də olsun kimdən, nəsə ummaq ürəyimdən keçmədi. Ailə olaraq, yəni biz ziyalı bir nəsildən-kökdənik, laçınlılar bizi tanıyır, istər atam tərəf, istər anam tərəf və mənim atamın 7 qızı var, yeddisi də ali təhsillidir. Bizim hamımız ev olmasa da belə, bu gün Prezident əgər bizə inanıbsa, biz də bu etimadı doğrultmalıyıq. Bu gün bilirsiniz, bizim xoşbəxtliyimiz nədədir, əziz laçınlılar: Prezident laçınlılara  etibar elədi. Dedi ki, köçün. Laçınla, Zabux və Sus kəndləri dərhal məskunlaşdırılmalıdır. Bu, bilirsiniz, nəyə görədir, ona görədir ki, dünya gözünü çəkməlidir Laçından və Azəbaycandan.  Bu gün laçınlıların imtahan günüdür, Laçın şəhər sakinlərinin və Zabux, Sus kənd sakinlərinin imtahan günüdür, İmtahanımız nədir, ola bilsin ki,  biz ora gedən kimi dərhal hər şey beşdə-beş, yüzdə-yüz olası deyil, biz necə ki, 30 il dözmüşük, bir iki ildə orada çətin şəraitdə yaşaya bilərik. Amma yetər ki, biz oranı məskunlaşdıraq. Mənə belə gəlir ki, Laçın şəhər sakinləri, Zabux və Sus kəndinin sakinləri heç bir əmmasız, heç bir əmma qoymadan ora qayıtmalıdırlar və qayıdacağıq da. Mən bir ziyalı kimi bütün gücümlə, əqli gücümlə, fiziki gücümlə hər bir sahədə Prezidentimizin, dövlətimizin yanındayam... Öz qanı ilə torpağı Vətən qılan şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə Allahdan şəfa diləyirəm.  Əsgərlərimiz, zabitlərimiz,  qan-tərlə vuruşub torpağı Vətən qıldılar. Və ordu güclü ola bilər, ordu böyük də ola bilər, amma onun sərkərdəsi gərək böyük olsun ki, o ordu qalib gəlsin. Mən Müzəffər Ali baş Komandanımıza, öz təşəkkürümü bildirmək istəyirəm. Bildirmək istəyirəm ki, biz həmişə Prezidentimizin yanındayıq. Prezidentimiz hansı şəraitdə deyirsə, biz ora köçməliyik. Yəni, dünya görməlidir ki, Laçında insan yaşayır, öz əzəli-əbədi sakinləri... “

Orxan Cəbrayıl: “Çoxlarınızın bildiyi kimi, mən Laçındaydım, dünən qayıtmışam. Sizlərin hər birinizə İşıxların nurundan, Sarıbabanın əzəmətindən, Çilgəzin bulaqlarından və Qırxqızın gözəlliyindən, gülündən-çiçəyindən qucaq dolusu salam gətirmişəm. Ali Baş Komandanın məlum çıxışını mən Laçında eşitdim. O sevinci Laçın torpağında hiss eləmək, duymaq  çox böyük bir qürurdu. Ali Baş Komandanın “tezliklə Laçına yerləşməliyik, Zabuxa, Susa qayıtmalıyıq”- deməsi bizə təpər, güc verdi, çox insanlarımızın, əminəm ki, birbaşa gedib, heç nə olmasa belə, çadır qurub yaşayarlar Zabuxda. Mən özüm 2008-ci ildə könüllü olaraq  Bakıda işimi-gücümü yarıda qoyub Ağcabədiyə, Taxtakörpüyə, öz məcburi köçkün camaatıma xidmət etmək üçün gedən həkimlərdən biriyəm. Bu gün bizim qarşımızda daha böyük bir missiya var; biz Laçına qayıtmalıyıq. Qayıtmışıq, amma o şəhərə gedib yerləşməliyik. Mən inanıram, əminəm ki, bütün laçınlılar bunu bütün qəlbi ilə istəyir.  Biz Laçına, Zabuxa, Susa yerləşəcəyik. Ora bizim torpağımızdır. Mən Laçında sonuncu dəfə olanda Qəbirli yaylağı deyilən bir yerə getdim. Orda qoç, at fiqurlarından, üstəlik əski əlifba ilə yazılmış qəbirlər vardı, orda mən bir daha hiss elədim ki, bizi bu torpaqdan heç bir güc, heç bir qüvvə ayıra bilməzdi. Çünki orda bizim ulularımız, babalarımız, uyuyur.  Orda bizim keçmişimiz, soyumuz var. Düzdür, 30 il biz  ayrı qaldıq, amma cismən ayrı qaldıq, ruhən ayrı qalmadıq,  fikrən-zikrən orda olduq və onun məntiqi nəticəsi olaraq, ora qayıdırıq. Biz o torpağın bağrından gəlmişik, biz o torpağın bağrına da qayıdacağıq. Biz laçınlılar Laçında çadırda da yaşayarıq”.

 

 Hazırladı:

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR