“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin mətbuat katibi Leyla Sarabi bildirib ki, Xıdırlıda 719, Sarıcalıda 203, Kəngərlidə isə 292 evin tikintisinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Kəngərli kəndində evlərin əksəriyyətində hörgü işləri tamamlanıb, hazırda dam örtüyünün vurulması və evlərin daxilində suvaq işləri davam edir. Tikintidə Ağdamın Şahbulaq yatağında istehsal olunan mişar daşlarından istifadə edilir. Hər bir evin damında Günəş paneli quraşdırılacaq, alternativ enerji mənbələrindən istifadə olunacaq. Yaxın zamanlarda məktəb, uşaq bağçası, rabitə qovşağı, tibb məntəqəsi, klub icma mərkəzi, inzibati mərkəzin tikintisinə başlanılacaq. Bu işlərin, həmçinin mərkəzi kommunikasiya sisteminin və yol infrastrukturunun da inşasının bu ilin sonunadək tamamlanması nəzərdə tutulur.
Qeyd edək ki, Ağdam rayonunda ilkin mərhələdə 1 şəhər və 12 kəndin bərpası nəzərdə tutulur. Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində 2024-cü ilin sonunadək işlərin birinci mərhələsinin yekunlaşdırılması planlaşdırılır. (AZƏRTAC)