Kəlbəcər və Laçın rayonlarındakı bol sulu, iti axan çaylar üzərində yerləşən, ümumi gücü 53 meqavat olan bu 11 kiçik su elektrik stansiyasında istehsal edilən enerji ölkənin digər yerlərindəki az sulu, ümumi gücü 74 meqavat olan 13 kiçik su elektrik stansiyasından 2 dəfə daha məhsuldardır. Digər tərəfdən işğaldan azad olunan ərazilərdəki bol sulu çaylar üzərində yerləşən kiçik su elektrik stansiyalarında hər kilovat/saata görə istehsal edilən enerjinin maya dəyəri də ölkənin digər yerlərindəki az sulu kiçik su elektrik stansiyalarından daha sərfəlidir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “AzərEnerji” tərəfindən bu günə kimi işğaldan azad olunan ərazilərdə 11 yerdə su elektrik stansiyası yenidən qurularaq bərpa edilib və hazırda Kəlbəcər, Laçın və Zəngilanda 7 yerdə tikintisi aparılan su elektrik stansiyalarında işlər yaxın aylarda yekunlaşacaq. Eləcə də Kəlbəcər və Laçında daha 9 yerdə su elektrik stansiyasının tikintisinə başlanılıb. Bütün su elektrik stansiyalarının hər birində çayın 50 faizinin təminatı nəzərə alınmaqla, ekoloji normanın saxlanılması üçün derivasiya boruları çayın axını ilə paralel quraşdırılır və borudan çıxan su da təkrar çaya buraxılır. Bütün yerlərdə su ehtiyatlarından səmərəli istifadə olunması, daşqınların qarşısının alınması və su itkisinə yol verilməməsi üçün çayın məcrasına uyğun idarə olunan su qəbuledicilər tikilir. Çayda ekoloji axını avtomatik tənzimləyən və suyun həcmi az olduqda ətraf mühitin mühafizəsi məqsədi ilə özünü dayandıran Avropa istehsalı olan eko-turbinlər quraşdırılır. Eyni zamanda, tikinti zamanı aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış şəkildə təbii mühitin, flora və faunanın qorunması da xüsusi diqqətdə saxlanılır.
Ümumilikdə, bu günə kimi “AzərEnerji” tərəfindən yenidən qurulan və yaxın perspektivdə tikilərək istismara veriləcək 27 su elektrik stansiyasının ümumi gücü 200 MVt-a yaxın olacaq və nəticədə ildə 600 milyon kilovat/saat ekoloji cəhətdən təmiz hidro “yaşıl enerji” istehsal ediləcək. (AZƏRTAC)