21.11.2024, 16:53
AZ EN
18.02.2022, 10:10 281

Qaradağlı soyqırımı heç vaxt unudulmayacaq!

QARABAĞ

Azərbaycan erməni faşizmi üzərində qələbə qazanıb, ölkəmizin ərazi bütövlüyü bərpa olunub, məğlub Ermənistanın ordusu məhv edilib, bu oyuncaq dövlətə ağır zərbə vurulub. Möhtəşəm Zəfər hər bir azərbaycanlını qürurlandırsa da, yaxın tariximizin qanlı səhifələrini unutdurmur. Belə səhifələrdən biri Qaradağlı qətliamıdır. 30 il əvvəl – 1992-ci il fevralın 17-də erməni quldurlar bu kənddə insanlığa qarşı dəhşətli soyqırımı cinayəti törədiblər.

Qaradağlı kəndi Qarabağın dağlıq hissəsində, Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında yerləşir. 1988-ci ildə separatçı ermənilər bu bölgənin azərbaycanlılar yaşayan digər əraziləri kimi Qaradağlını da hədəfə aldılar. Lakin kəndin sakinləri doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizə aparırdılar. 1990-cı il noyabrın 24-də kəndin 3 sakinini Xocavənd-Xankəndi yolunun 6-cı kilometrliyində ermənilər vəhşicəsinə qətlə yetirdilər. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşının ermənilər tərəfindən atəşə tutulması nəticəsində 1 nəfər həlak oldu, 4 nəfər yaralandı. Yaralılardan da 2-si sonralar dünyasını dəyişdi. Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri qətlə yetirdilər, iyunun 28-də isə kəndin yanındakı fermada 6 sakini - 3 kişi və 3 qadını diri-diri yandırdılar. Həmin il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusunu Xocavənd-Xankəndi yolunun 5-6-cı kilometrliyində erməni quldurları atəşə tutdular: 8 nəfər azərbaycanlı - 2 kişi, 6 qadın bu vəhşiliyin qurbanı oldular. 1992-ci il yanvarın 8-də kəndin daha bir sakinini qətlə yetirən ermənilər 100-ə yaxın qoyunu da oğurlayıb apardılar. 1991-ci il dekabrın 19-da Xocavənd kəndini, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndini əlinə keçirən ermənilər 1992-ci il fevralın 14-də sovet ordusunun Xankəndidəki 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə edərək Qaradağlıya hücuma keçdilər. Kəndin 104 sakini və onun müdafiəsində dayanmış 14 əsgər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak oldu. Silah-sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürüldülər və onların növbəti məşəqqətləri başlandı.

Kəndin Bəylik bağı adlanan ərazisində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 sakini ermənilər əzab və işgəncələr verərək amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif vaxtlarda şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.

Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndini ələ keçirən ermənilər onu yandırdılar.

Ermənilər kənddən əsir götürdükləri 118 nəfərin 68 nəfərini vəhşicəsində qətlə yetiriblər.  Soydaşlarımızdan yalnız 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10-u qadın, 2-si məktəbli olub. Azad olunanlardan 18 nəfəri al­dıq­ları sağalmaz yaralardan son­ralar vəfat edib. Əsirlikdə saxlanılanlarla vəhşicəsinə davranılıb, insanlar ac-susuz saxlanılıb, diri-diri basdırılıb, döyülərək öldürülüb, bəzilərinin başı kəsilib, dişləri çəkilib. Bu, ermənilərin insanlığa qarşı törətdikləri ağır cinayətlərdir.

Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Kəndin 91 sakini – yəni sakinlərin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər ob­yektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb. Xocavəndlilərin müvəqqəti məskunlaşması üçün salınmış Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində, həmçinin Nərgiztəpə ərazisində ucaldılmış abidə kompleksləri soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirir.

44 günlük Vətən müharibəsində Xocavənd rayonunun böyük bir hissəsi işğaldan azad edilib. Hazırda həmin ərazilərdə bərpa-quruculuq işləri davam etdirilir. Doğma rayonun dirçəlişi xocavəndlilərə yenidən öz ata-baba yurdlarına qaytmaq imkanı yaradacaq. Ancaq Qaradağlı qətliamı tarixin və xalqımızın yaddaşında qalacaq, hər zaman yad ediləcək ki, bir də düşmən belə cinayətlərə əl ata bilməsin.

Oxşar xəbərlər