Tarix boyu türklərə qarşı soyqırımı həyata keçirən ermənilər XX əsrin sonlarında növbəti cinayəti – Qaradağlı soyqırımını həyata keçirdilər. 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlı quldur birləşmələri tərəfindən işğal olundu, kənddə 118 nəfər əsir götürüldü. Əsir götürülənlərdən əksəriyyəti gənclər olmaqla 33 nəfəri kəndin yaxınlığında vəhşicəsinə güllələmiş, öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üstünü torpaqla örtmüşlər. Əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə azad edilib. Kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülüb, 43 ailə öz başçısını itirib, 1 ailədən hər iki valideyn qətlə yetirilib. Qaradağlı kənd sakinlərinin hər 10 nəfərindən biri vəhşicəsinə öldürülüb. Onlardan 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olub. Bu faciə nəticəsində 146 uşaq yetim qalıb.
Qaradağlı faciəsinin şahidlərindən olan İslam Dadaşov: "1988-ci ildən sonra Qarabağ və ətraf rayonlarda yaşayan sakinlərin evində olan silahlar zorla yığılır, kəndlilər məqsədli şəkildə tərkisilah edilirdilər. Düşmənə qarşı hər kəs əlindən gələni edirdi. Qardağlının müdafiəsi zamanı kənd sakinləri düşmənə qarşı bütün vasitələrdən istifadə edirdilər. Ağır texnikalarla silahlanmış ermənilərə qarşı bir neçə avtomat və ov tüfəngimiz var idi. Həmçinin düşmənə qarşı nisbətən iri daşlar atan yerüstü sapanddan da istifadə edirdik. O zaman kimin evində pulu, qızılı var idisə avtomat və güllə alıb, kəndin özünümüdafiə dəstəsinə qoşulub, ermənilərə qarşı vuruşurdu".
Qeyd edək ki, İkinci Qarabağ Müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qaradağlı kəndi Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətinə keçib.
Hazırladı: Mina RƏŞİD