Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndləri rayonun inzibati mərkəzi Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4 minə yaxın əhali yaşayırdı. 1988-ci ildə Xocalıya olduğu kimi, bu kəndlərə də Ermənistandan zorla çıxarılmış təxminən 1500-ə yaxın köçkün yerləşmişdi. Qarabağ müharibəsi başlanan andan etibarən bu kəndlər erməni silahlı birləşmələrinin hədəfinə çevrilmişdi.
31 il əvvəl baş verən hadisələrin şahidlərindən biri Malıbəyli kənd sakini İslam Hüseynov deyir ki, ermənilərin ərazi iddiaları 1988-ci ildən daha aşkar forma almağa başladı. Qarabağda azərbaycanlılar ermənilər tərəfindən təzyiqlərə məruz qalır, sıxışdırılırdı: “Vəziyyət getdikcə daha da çətinləşirdi. Bizim kənd Xankəndiyə yaxın idi. Ağdam-Xankəndi yolunda avtomobillərin qarşısı kəsildiyindən kənd sakinləri vertolyotla gəlib-getməyə məcbur qalmışdı. Ermənilər Qaybalı kəndi üzərində vertolyotu vurduqdan sonra bu imkandan da məhrum olduq. Kəndimizin ağır günləri başladı. Artıq ərzaq da tükənirdi. Ermənilər hər gün kəndi atəşə tuturdular. Kəndin işğalına üç gün qalmış ermənilərin atəşi daha da intensivləşdi. 1992-ci il fevralın 11-də səhər saat 9 radələrində ermənilər zirehli texnikalarla kəndə daxil oldular. Bizim onlara müqavimət göstərmək üçün silahımız yox idi. Kənddəki polislər də kəndi tərk etmişdi. Qonşu Quşçular kəndi də ermənilərin hücumunun qarşısını ala bilmədilər. Ermənilər tərəfdən xaricdən gəlmiş muzdurlar da döyüşürdü. Qüvvələr nisbəti qeyri-bərabər idi. Ona görə biz kəndi tərk etməli olduq. Xocalı ilə rabitə əlaqəsi saxladıq ki, bizi qarşılasınlar. Ermənilər də bilirdilər ki, biz Xocalı istiqamətinə çıxacağıq. Qüvvəni o istiqamətə yığmışdılar ki, camaatı qırsınlar. Lakin biz Ağdam istiqamətində hərəkət elədik. Meşədə erməni quldur dəstələri ilə qarşılaşdıq. Atışma oldu, şəhidlər verdik. Onları dəfn etmək mümkün olmadı. Ağdamın Gülablı kəndinə gəlib çıxdıq, sonra isə ayrı-ayrı yerlərdə məskunlaşdıq...”.
Quşçular kənd sakini Ədalət Hüseynov isə deyir ki, ermənilər hər gün kəndə hücum edirdilər. 1992-ci il fevralın 9-da isə kəndə yenidən hücuma keçdilər. “Bizi kənddən çıxardılar. Bir gündən sonra kəndi geri qaytardıq. Ayın 11-də yenidən hücuma keçdilər. Şəhidlərimiz oldu. Malıbəyli camaatı da Quşçulara gəldi. Müqavimət göstərə bilməyib kənddən çıxdıq. Ermənilər kəndi yandırdılar. Hər şeyimiz, mal-qara, hamısı qaldı kənddə. Yolda da bir neçə şəhid verdik. Qoca, qadın yollarda qaldı. Çətinliklə Ağdamın Gülablı kəndinə çatdıq. Ağdam camaatı bizə çox böyük kömək göstərdi... 30 il zülm çəkmişik. Allaha şükür evimiz var, hər şeyimiz var. Amma torpaq həsrəti başqadır. Torpaqsız yaşamaq qeyri-mümkündür. 44 günlük müharibədə ordumuz Qələbə qazandı. Şuşa azad olunanda elə bil ki, dünyanı mənə verdilər. Lakin itirdiklərimizi, şəhidlərimizi, çəkdiyimiz əziyyətləri heç bir zaman unuda bilmərik”, - deyə o bildirib.
Malıbəyli və Quşçular faciəsi Xocalı soyqırımına gedən yolun başlanğıcı idi. Bu kəndlərin işğalından bir neçə gün sonra - 1992-ci il fevralın 17-də Dağlıq Qarabağın ən qədim və iri yaşayış məskənlərindən olan Qaradağlı kəndi də işğal edildi, dinc sakinlərə qarşı qətliam həyata keçirildi. Fevralın 25-dən 26-na keçən gecə isə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücuma keçərək, şəhəri yerlə-yeksan etdilər. Düşmən mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş Xocalı sakinlərini təqib edərək amansızlıqla qətlə yetirdi. Xocalıda XX əsrin ən dəhşətli qətliamı törədildi. (AZƏRTAC)