21.11.2024, 19:29
AZ EN
09.01.2024, 08:33 334

Ağdam rayonu, Papravənd kəndi

QARABAĞ
  • Azərbaycan Respublikası Ağdam rayonunun inzibati ərazisində olan Papravənd kəndi rayon mərkəzindən 20 km. şimalda, Ağdam –Ağdərə yolunun üstündə, Gülyataq çayının hər iki sahili boyunca vadidə, Qılınc dağın və Gödək dağın ətəkələrində, eləcə də Qarabağ düzündə yerləşir. Kənd şərqdən Qarapirim kəndi, qərbdən Qalayçılar kəndi, cənubdan Boyəhmədli kəndi, şimaldan isə Ağdərə şəhəri ilə əhatə olunub.

İşğala qədər Papravənd kəndində orta məktəb, mədəniyyət evi, iki kitabxana, tibb məntəqəsi, daş karxanası, müxtəlif ticarət-iaşə obyektləri, heyvandarlıq kompleksi var idi.

Papravənd kəndinin tarixinə nəzər saldıqda məlum olur ki, erməni vandallarına qarşı Azərbaycan xalqının apardığı uzunmüddətli mübarizədə bu yaşayış məskəni daim qanlı döyüş meydanı olub. 1905 – 1907-ci illlərdə kükrəyib Azərbaycanı bürümüş erməni terroru vaxtı Yelizavetpol quberniyasının Cavanşir qəzası tərkibindəki 188 azərbaycanlı kəndindən biri də Papravənd idi. Cavanşir qəzasında o vaxt cəmi 39 erməni kəndi var idi ki, onların da əhalisi 1828-ci ildə İrandan Şimali Azərbaycana köçürülmüş ermənilərdən ibarət idi. Həmin ermənilər 1978-ci ildə Qarabağa köçürülmələrinin 150 illiyini təntənəli şəkildə qeyd edərək bu münasibətlə abidə də ucaltmışdılar. XX əsrin başlanğıcında isə gəlmə ermənilər öz qarşılarına məqsəd qoymuşdular ki, Cavanşir qəzasındakı azərbaycanlı kəndlərini işğal edib orada soyqırım törətsinlər, etnik təmizləmə aparsınlar, əhalinin var-dövlətini ələ keçirib, evləri yandırsınlar, hər şeyi dağıdıb viran qoysunlar, Azərbaycanın dilbər guşəsini xarabazara çevirsinlər. Nəhayət, ermənilər öz murdar niyyətlərini həyata keçirmək üçün işə başladılar. Xüsusi hazırlıq keçib təpədən dırnağacan silahlanmış erməni quldur dəstələri kəndlərə soxulub qanlı qırğınlar törədirdilər. O hadisələri M.S.Ordubadi belə təsvir edir: "Vəhşi yırtıcılar südəmər körpələri beşiyiylə odlayıb yandırır, bəzən də analarının qucağından alaraq divara çırparaq para-para edir, süngülərə keçirirdilər." Erməni müəllifləri özləri də öz soydaşlarının yıtıcılığını etiraf edib, o barədə yazmalı olurdular; eməni müəllifi A. Do yazırdı: "Ermənilər barbarlıq törətdilər, Umudluda heç kimə aman vermədilər, qarşılarına çıxan hər kəsi öldürdülər." Umudlu kəndinin camaatını tələyə salıb qırdıqdan sonra ermənilər növbəti qırğını Papravənddə törətməliydilər. Lakin Papravənd camaatına bələd olduqları üçün, onlar növbəti döyüşə xüsusi diqqətlə hazırlaşırdılar. Nəhayət, 1906-cı il yanvar ayının başlanğıcında ermənilər general Hamazaspın başçılıq etdiyi böyük hərbi qüvvəylə sübh tezdən, camaat yuxudaykən hücuma keçdilər. Papravənd kəndinin əli silah tutan otuz-qırx kişisi, sonradan xəbər tutub köməyə yetişən qonşu kəndlərin camaatıyla birlikdə rəşadətlə vuruşaraq, general Hamazaspın quldurlarını darmadağın edib ağır məğlubiyyətə uğratılar. Bu hadisə tarixə Papravənd müharibəsi kimi düşüb.

Kənd 1993-ci il iyunun 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Erməni vandalları işğal dövründə Azərbaycan ərazisinin bütün yaşayış məntəqələrində olduğu kimi, Papravənd kəndini də viran qoyaraq xarabalığa çeviriblər. Papravənd kəndi II Qarabağ Müharibəsi nəticəsində 20 noyabr 2020-ci ildə Müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər