Bu ev Şuşa Özünümüdafiə Batalyonunun komandiri Milli Qəhrəman Ramiz Qəmbərovundur. O, şəhid olandan sonra Şuşa işğal olunub. Bütün şəhər kimi Ramizin də yaşadığı ev darmadağın edilib.
Ramiz Qəmbərov 1962-ci il iyulun 4-də Şuşada anadan olub. O, 1979-cu ildə Şuşada orta məktəbi bitirib. 1980-1982-ci illərdə hərbi xidmətə gedib. Xidmətini bitirdikdən sonra Kolxozlararası Təmir-tikinti İdarəsində çalışmağa başlayıb. 1986-cı ildə Universitetə daxil olsa da, ermənilərin Qarabağa olan iddiaları onu da torpaqlarımızın müdafiəsinə qaldırır və Ramiz təhsilini yarımçıq saxlayır. 1989-cu ilin əvvəllərində Azərbaycan KPMK-nın İkinci katibi Viktor Polyaniçkonun da olduğu nümayəndə qrupu Şuşaya gəlir. Ramiz Qəmbərov Polyaniçkonun “Şuşa kimindirsə, Qarabağ onundur” sözünə əsəbləşir və cavabı belə olur: “Şuşa Azərbaycanındır, Qarabağ da Azərbaycanındır”.
Ermənilər bura gəlmədirlər, onları bura çar Rusiyası gətirib”.
Ermənilər Topxana meşəsini qıran zaman Ramiz Bakıya gələrək televiziyada Şuşada, Topxana meşəsində baş verənlər haqqında danışır. Meydanda etiraz edənlərin qarşısına çıxaraq Şuşada baş verənləri xalqa çatdırır. 20 Yanvar hadisələri zamanı partiya biletini ilk yandıranlardan biri olur: “Mən belə fikirləşirəm ki, bu, dövlətin öz xalqına qarşı ən böyük cinayətin tərkib hissəsidir. Belə bir cinayətə yol vermiş dövlətin yaşamağa haqqı yoxdur”, -deyir.
1990-cı ildə Ramizin qardaşı ilə birgə 4 nəfər ermənilər tərəfindən girov götürülür. Ramizin həmin girovların geri qaytarılmasında böyük rolu olur. O, əsirləri erməni əsirlərlə dəyişə bilir.
1991-ci ildə Ramizin təşəbbüsü ilə Şuşada könüllülərdən ibarət batalyon yaradılır. Hətta qardaşının toy günündə o, evə gəlmir, döyüş bölgəsində olur. 1992-ci il aprelin 29-da ermənilər Şuşanın Qaybalı kəndinə hücum edir. Ramiz batalyonu ilə birlikdə oraya köməyə gedir. Onlar düşmənin üzərinə hücuma keçirlər.Ramiz bir neçə döyüşçü yoldaşı ilə ermənilərin mühasirəsinə düşür və güllə yarası alır. Yoldaşları yaralı Ramizi çətinliklə döyüş bölgəsində çıxara bilirlər. Onu hospitala aparan döyüş yoldaşlarına isə son sözü belə olur: “Mən yaralıyam, ola bilər geri qayıtmayıb. Çalışın batalyonu qoruyun”.
Ona dəyən güllə yarası bir neçə orqanlarını zədələmişdi. Həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq onu xilas etmək mümkün olmur və Ramiz Qəmbərov şəhid olur.
1992-ci ildə ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir. Ramiz Qəmbərov Şuşada dəfn edilib. Simvolik məzarı isə Bakıda Şəhidlər Xiyabanındadır. Ramiz Qəmbərovun batalyonundakı şəhidlərin çoxu da 1992-ci ildə Şuşadakı Şəhidlər Xiyabanında dəfn edilib. Şəhərin işğalından sonra düşmən Şuşanın Şəhidlər Xiyabanındakı məzarları dağıdıb, başdaşlarını yerlə-yeksan etmişdir. Hətta soydaşlarımızın nəşinin qalıqlarını qəbirlərdən çıxarmışlar.
Xiyaban Şuşadan Cıdır düzünə qalxan yolun üstündə Mir Faseh məzarlığı və Vaqif Türbəsinin yaxınlığında yerləşir. Burada Şuşanın müdafiəsi uğrunda şəhid olan gənclərlə yanaşı, Daşaltı əməliyyatının döyüşçüləri, 26 dekabr 1991-ci ildə Daşaltı yolu üstündə qətlə yetirilmiş Abbasovlar ailəsinin üzvləri və 28 yanvar 1992-ci ildə erməni terrorçuları tərəfindən Şuşa səmasında vurulan helikopterdəki mülki azərbaycanlılar dəfn edilib.
Keçmiş döyüşçü Zahid Abbasov:
-Kərkicahanın üst tərəfində döyüş gedirdi, patronlar da qurtarmışdı. Mən gəldim polis şöbəsinə 6 yeşik 5,45 güllələri götürdüm və onları apardım birbaşa Qaybalıya. Ordan da qaldırdım “pozisiya”ya verdim əsgərlərimizə. Gərgin döyüşlər getdi, həmin döyüşdə Kamil Bəşirov şəhid oldu, “Radist” idi. Deyilənə görə, rəhbətə gedəndə ovcunda da bəzi məlumatları da sıxıb, saxlamışdı. Nəriman idi, Şükür kişinin oğlu, Allah rəhmət eləsin. Ramiz Qəmbərov idi, Milli Qəhrəmanımız. İki nəfər də var idi. Onlar orada yox, ondan idi gün əvvəl şəhid olmuşdular. Biz onları gətirdik, yaxşı xatirimdədir. Burada dəfn etdik. 10 gün sonra Şuşa işğal olundu. Onlara qəbirdaşı düzəltdirmək mümkün olmadı”.
44 günlük müharibə nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şuşa düşməndən azad edildi. Şəhərin tarixi məkanları və abidələri kimi Ramiz Qəmbərov və digər şəhidlərimizin məzarları da erməni əsirliyi və vəhşiliyindən qurtuldu.
Hazırladı: Tahirə AĞAMİRZƏ