Şuşa şəhərinin ətrafındakı torpaqların 20 faizini Topxana meşəsi əhatə edir. Meşədə palıd, qarağac, pıstıq və digər ağaclar bitir. “Qarabağnamə”lərdə qeyd olunub ki, 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşaya ikinci yürüşü zamanı toplarını həmin meşədə yerləşdirib və şəhər divarlarını oradan vururmuş. Bir versiyaya görə, şahın ordusu geri çəkilən zaman bir neçə topunu bu meşədə unudurb. Sonradan İbrahimxəlil xan bir dəstə suvari ilə Topxanaya hücum edərək həmin topları məhv edib. Bu hadisədən sonra meşənin adı “Topxana” olaraq qalır. Topxana meşəsi 1981-ci ildə yaradılan 450 hektar sahəni əhatə edən Daşaltı yasaqlığının ərazisinə daxildir. Bu meşənin ağaclarının 1988-ci ildə ermənilər tərəfindən qırılması Azərbaycanda anti-sevet mitinqlərinə səbəb olub. Noyabrın 17-də yüzminlərlə azərbaycanlı “Azadlıq” meydanına toplaşaraq qırılan Topxana meşəsi ərazisində Ermənistanın Kanaker Alüminium zavodunun işçiləri üçün pansionatın tikilməsinə etiraz edib. Qarabağın işğalı zamanı Topxana meşəsi də ermənilərin girovuna çevrilmişdi. Meşənin minlərlə qiymətli ağacı qırılıb və Ermənista daşınıb.Topxananın bitki örtüyü və heyvanat aləmi də məhv edilib.
44 günlük Vətən müharibəsi zamanı ermənilər meşəni fosfor silahları ilə yandırıb. Azərbaycan üçün böyük mənəvi əhəmiyyəti olan Topxana meşəsi də erməni əsirliyindən xilas edilib.
Tahirə AĞAMİRZƏ