Şuşa! Dağların başında salınmış bir qala! Qərinələrin, tarixin, igidliyin, mərdliyin, gözəlliyin və Şəhidliyin şahidi!..Bu şəhərin öz ruhu, öz qəlbi, öz canı var! Bəlkə də, Yaradanın bəxş etdiyi əhatə olunduğu füsunkar, sirli-sehrli təbiətindəndir ki, burada yaşayan azərbaycanlıların hər birində söz musiqi, incəsənət sənətkarlıq istedadı var.Bu kiçik, həm böyük şəhərdə dünyaca məşhur insanlar yetişib. Şuşa şəhər planlanması və memarlığı ilə də dərin, maraqlı şəhərdir. Şuşanın məşhur məhəllələrindən birində-Merdinlidə Prezident İlham Əliyevin Sərəncamı, Heydər Əliyev Fondunun dəstəyi ilə Sadıqcanın evi və “Şirin su hamamı”nda əsaslı bərpa işlər aparılır.
XVII-XVIII-ci əsrlərdə Şuşada on yeddi məhəllə mövcud olub. Onlardan doqquzu aşağı, səkkizi isə yuxarı məhəllə idi. Merdinli məhəlləsi də yuxarı məhəllələrdən biridir. Şəhərin mərkəzi hissəsində yerləşən bu məhəllə XVIII-ci əsrin sonlarında salınıb. Vaxtilə burda bir-birindən əzəmətli mülklər yerləşib. Məhəllə camaatı əsasən mahal və oba sakinləri olub. Dövrünün tanınmış şəxsiyyətlərindən bir neçəsi də elə Merdinli məhəlləsində yaşayıb. Onlardan xanəndə Əbdül Baqi Zülalov və tarzən Sadıqcanın adlarını çəkmək olar. Sadıqcanın evi XIX-cu əsr memarlıq
abidəsi hesab olunur. Lakin təəssüf ki, bir çox memarlıq abidələrimiz kimi, musiqiçilərimizin evi də Şuşanın işğalından sonra düşmən tərəfindən dağıdılıb. Şuşanın digər məhəllələri kimi Merdinlidə də məscid, bulaq, kiçik meydan və hamam olub. “Şirin su” hamamı isə Xan qızı Xurşudbanu Natəvan tərəfindən Merdinli məhəlləsinin “Bazar başı” adlanan hissəsində inşa etdirilmişdir. Bu hamam Şuşanın sayca 17-ci hamamı idi. Amma şəhərin sayca onuncu və on birinci hamamları da məhz Merdinli məhəlləsində yerləşirdi.
Dağıdılan mülklərə baxanda, şəhərin o vaxtkı əzəmətini təsvir etmək o qədər də çətin deyil. Bəlkə də, düşmən, içərisində yaşamağa cəsarət etmədiyindən bu malikanələri dağıtmaqla təsəlli tapıb. Lakin bir həqiqəti unudublar ki, onların olmayan Şuşanın öz sahibləri bir gün qayıdacaq və izini itirməyə cəhd etdikləri tarixi yenidən yazacaqlar. Bu gün Şuşamız sevinc və qürurla öz azad dövrünü yaşayır, həm də daha gözəl və müasir...
Hazırladı: Tahirə AĞAMİRZƏ