25.01.2026, 00:33
AZ EN
19.01.2026, 14:42 217

Tuğ: tarixin və taleyin kəsişdiyi kənd

QARABAĞ
  • Zirvəsi göylərə baş çəkən dağların qoynunda, gen dərələrin sinəsində, meşələrin əhatəsində yerləşən qədim Tuğ kəndi ana təbiətin bir möcüzəsidir. Əsrlərin sınağından sıyrılıb çıxan qayaları, təbiət abidələri, çəmənliyi, yaz aylarında ulduz tək hər tərəfə sayrışan çiçəkləri Qarabağın bu ecazkar kəndini al-əlvan bayrağa  bənzədir.  Bu yerlərin gözəlliyi də bayrağımız qədər əzəmətlidir.

Bayraq sözünü təsadüfən işlətmədik, “Tuğ” sözünün qədim türk dilində mənası bayraq deməkdir. Tarixi çox qədimdir, taleyi isə çox zidiyyətli olub, bu kənd bir vaxtlar savaş meydanına çevrilib, tiranlar, imperatorlar Tuğu ələ keçirmək üçün bir-birilə savaşıblar. Bu qədim türk torpaqları həmişə düşmənlərin  gözlərini qamaşdırıb. Tarixi mənbələrə görə Tuğ etnotoponimi Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarından birinin adıdır. Qafqazda bir çox yaşayış məntəqələrinin adı həmin tayfa ilə əlaqəlidir. Şimali Qafqazda və Qərbi Azərbaycanda kənd, dağ çayı və yurd  yeri Tuğ  adlanır. Şimali Qafqazda və Qərbi Azərbaycanda da Tuğ adı ilə  bağlı  türk kəndləri mövcud olub.

Hazırda Xocavənd rayonunun inzibati ərazisinə aid yaşayış məntəqəsinin adı 1727-ci ildə osmanlı qaynaqlarında  Dizağ nahiyəsinin, Haderud kəndi olaraq qeyd edilib. Qarabağ xanlığı dövründə Dizaq mahalının  başkəndi Tuğ şenlyi olub və bu mahalı çəliklər idarə ediblər. Atadan oğula keçən məliklik məhdud səlahiyyətli, bəylərbəyindən, sonra isə Qarabağ xanından asılı olublar.

Keçmiş sovetlər birliyi dönəmində Tuğ kəndinə ermənilər də köçürülüb və azərbaycanlılarla bir kənddə yaşayıblar. Böyük Azərbaycan ədibi Cəfər Cabbarlının “1905-ci ildə” dramıında erməni müsəlman savaşında Tuğ kəndində  azərbaycanlı ilə erməni qonsu arasındakı dialoqu, dövrün ziddiyətlərini və bu savaşı qızışdıranları ustalıqla ifşa edib.

Yeri gəlmişkən, Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli qərarı ilə Dağlıq Qarabağ Muxtar vilayəti ləğv edildikdən sonra  Xocavənd  rayonu Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. Yuxarı Qarabağın cənub qərbində, Qarabağ dağ  silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1400-1500 metr yüksəklikdə  yerləşən rayonun əhalisi əsasən, üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, bağçılıq və baramaçılıqla məşğul olub. Tuğ kəndinddə orta  məktəbin yaşı bir əsrdən çoxdur. Müxtəlif mənbələrdə dahi bəstəkar Üzeyir Hacıbəyovun da gənc yaşlarında həmin məktəbdə müəllim işlədiyi deyilir.

Kənddə mədəniyyət evi, kitabxana, xəstəxana, fəaliyyət göstərib. Tuğda məlikyeqanovlar, məlikaslanovlar, cahangirlilər, cəfərlilər, mehdibəylilər, aslanbəylilər, gülməmədilər, talıbxanlılar, budaqlılar,  səlimbəylilər, vəliuşağılar adlı  tayfa, tirə və nəsillər yaşayıb. Azərbaycanda  və dünyada məşhur olan, ən qədim insan məskəni Azıx mağarası və Tağlar mağarası Tuğ kənd yaxılınlığında yerləşir.

Tuğ kəndi 1991-ci il oktyabrın 30-dan 31-nə keçən  gecə Ermənistan silahlı  qüvvələri tətəfindən işğal edilib. İşğala qədər Tuğun əhalisi 4800 nəfər olub. İşğal nəticəsində ermənilər bu qədim tarixi olan kəndi dağıdaraq xarabalığa çeviriblər. Erməni barbarları kənddəki evlərə, qədim tikililərə, tarixi abidələrə, təbiətə ciddi ziyan vurublar.

Prezident İlham Əliyev 2021-ci il 9 oktyabr tarixində işğaldan azad olunmuş Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.  Xocavənd rayon ictimayyətinin nümayəndələri ilə görüşüb, işğaldan azad edilən əraziləri gəzib, Qədim Azıx mağarasına baş çəkib.

İşğaldan azad ediləndən sonra Tuğa üçüncü səfərində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kənddə həyata keçirələcək turizm layihələri barədə məlumatlandırılıb. Dövlət Turizm Agentliyinin Tuğda təqdim etdiyi turizm konseptual yanaşma çərçivəsində üç istiqamətdə - tarixi memarlıq üslubunu qorumaqla mədəni turizm, ekoturizm və aqroturizm resurslarından istifadə etməklə dayanıqlı və icma əsaslı turizm inkişaf konsepsiyası üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Düşmənin xarabalığa çevirdyi Qarabağın bütün ərazilərində olduğu kimi, Tuğ kəndində də təsərrüfat, turizm, sənaye, maldarlıq, balıqçılıq, texnologiya sahələrində sürətli və genişmiqyaslı bərpa-quruculuq  işləri aparılır. Prezident İlham Əliyev ermənilərin viran etdiyi bütün kəndlərin, qəsəbələrin, şəhərlərin  hər qarışına  diqqət və qayğı ilə yanaşır. Məhz bunun sayəsində işğaldan sonrakı beş il ərzində günü-gündən abadlaşan Xocavənd rayonu da doğma sakinlərinə qucaq açmağa başlayıb. Artıq yüzlərlə sakin dədə-baba yurdlarına qayıdışın sevincini yaşayır.

Röya SALMANQIZI

Oxşar xəbərlər