29.03.2024, 18:14
AZ EN
19.10.2022, 11:45 268

“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Şuşada toy adətləri

QARABAĞ

“Şuşa İli” elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə davam edir.

Muzeydən  bildirilib ki, layihə çərçivəsində bugünkü təqdimat Şuşada toy adətlərinə həsr olunub.

Bütün Azərbaycanda olduğu kimi, Şuşada da toylar üç mərhələyə - toyqabağı, toy və toydan sonrakı mərhələyə bölünür. Şuşanın qışı soyuq olduğundan toy mərasimləri əsasən Novruz günlərində, yay aylarında və payızın əvvəllərində keçirilib. Şuşa toylarında tanınmış xanəndələr, müğənnilər iştirak edib, ona görə də bu qədim şəhərin toyları ümumxalq bayramına çevrilib və hər toy böyük konserti xatırladıb.

Keçən əsrin əvvəlləri və ortalarında toylarda Hacı Hüsü, Məşədi İsi, Şahnaz Abbas, Keçəçioğlu Məhəmməd, Bülbülcan, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski və digər tanınmış xanəndələr oxuyub.

Toy sahibinin maddi vəziyyətindən və qonaqların sayından asılı olaraq toylar 3, 7, 14, 21 və bəzi hallarda 40 gün çəkərmiş. Adətən toyun birinci günü “Rast”, ikinci günü “Çahargah”, o biri günlər “Şur”, “Segah”, “Bayatı-İsfahan”, “Rahab” və “Şüştər” muğamları oxunub.

Toy günləri poeziya axşamları da keçirirlərmiş, belə məclislərdə qəzəllər, dastanlar, rübailər səslənərmiş.

Sonuncu Qarabağ xanı Mehdiqulu Xanın qızı, şair Natəvan öz oğlu üçün 40 gün toy edib. Bu toy, sözün əsl mənasında musiqi, poeziya və rəqs festivalı kimi tarixə düşüb. Məclisdə Azərbaycanın hər yerindən, o cümlədən, Türkiyə, İran, Rusiya, Gürcüstandan musiqiçilər və qonaqlar iştirak edib. Natəvanın tapşırığı ilə 40 gün ərzində şəhər sakinlərinə və yaxın kəndlərdə yaşayanlara plov paylanıb, hədiyyələr verilib.

AZƏRTAC

Oxşar xəbərlər