22.11.2024, 00:12
AZ EN
04.10.2022, 15:50 431

“Mən “Yastıtəpə”dən hücuma keçən qrupda idim...”

QARABAĞ
  • Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin 4 oktyabrında Azərbaycan xalqına Cəbrayıl şəhərinin 27 illik əsarətdən sonra işğaldan azad edildiyi və üçrəngli müqəddəs bayrağımızın orada dalğalandığı barədə müjdə verdi.

Vətən müharibəsinin iştirakçısı Etibar Boziyev döyüş yollarından söhbət açarkən deyib: “Ağır döyüşlərimizdən biri Cəbrayılın Nüzgar kəndi istiqamətində olub. Burada düşmənlə 7 gün döyüşmüşük. O, əlavə edib ki, sentyabrın 27-də döyüşlər başlayan zaman komandanlığın əmri ilə bölməmizin iki qrupu - Lələtəpə istiqamətindəki “Vilayət” postundan və Füzuli rayonundakı “Yastıtəpə” deyilən ərazidən hücuma qoşuldu. Mən “Yastı təpə” istiqamətində düşmən üzərinə hücuma keçən qrupla birgə hərəkət edirdim. Burada ağır döyüşlərimiz oldu, hakim yüksəkliyi nəzarətə götürdük. Məqsəd isə ərazini tam nəzarətə götürmək idi. Sonra döyüş tapşırığını yerinə yetirmək üçün irəliləməyə davam etdik. Oktyabrın əvvəllərində Cəbrayıl rayonu istiqamətində döyüşə girdik. Həmin ayın 2-si, səhərə yaxın, saat  4 radələrində Cəbrayıl rayonunun Quycaq kəndinə daxil olduq. Ermənistan silahlı qüvvələrinin xeyli hərbçisini məhv etdik və kəndi düşməndən təmizlədik. Daha sonra Cəbrayıl rayonunun Daşkəsən kəndi istiqamətinə doğru irəlilədik. Burada düşmənin alayı vardı, bu ən ağır döyüşlərimizdən biri oldu və düşməni darmadağın etdik.

Oktyabrın 4-də Cəbrayıl şəhərini düşməndən azad etdik. Ermənilər çoxlu qüvvə ilə bizə hücum etsələr də, ətraf yüüksəkliklər ordumuzun nəzarəti altında olduğuna görə artilleriyaçılarımız dəqiq atəşlə onları elə texnikaları ilə birgə məhv etdi. Qarşımızda aciz qalan düşmənlər silah-sursatını da atıb qaçdı.

Xocavənd rayonunun Hadrut qəsəbəsi isə növbəti istiqamətimiz oldu. Buranı da düşməndən azad etdikdən sonra irəlilədik - Xocavəndin Tuğ, Böyük Tağlar, Şuşanın Topxana meşəsi və Şuşa şəhərinə qədər getdik...”

Döyüşlər zamanı əsgər yoldaşları Fuad Məhərrəmli və Ağababa Abbasovun şəhidlik zirvəsinə ucaldığını bildirən Etibar Boziyev deyib: “Cəbrayıl döyüşlərində düşmənin iki “Su-25” qırıcısı havaya qalxdı. Həmin vaxt bizimkilər onlardan birini məhv etdi, digəri isə qaçıb ərazidən uzaqlaşdı”.

Qeyd edək ki, E.Boziyev Vətən müharibəsindən sonra da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətini davam  etdirir: “Bizə çox yüksək səviyyədə şərait yaradılıb. Hazırda fiziki gücümüz yaxşıdır,  Ali Baş Komandanın bütün əmrlərini yerinə yetirməyə, torpaqlarımıza göz dikən, təxribatlar törətmək istəyən yağı düşmənə qarşı vuruşmağa daim hazırıq”.

Etibar Boziyev Vətən müharibəsində göstərdiy rəşadətə görə, “Döyüşdə fərqləndiyinə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi işttirakçısı” medalları ilə təltif edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər