AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Ağdam rayonunun Tağıbəyli kəndindən görüntülər təqdim edib.
Kənd rayon mərkəzindən 20 kilometr şimal-şərqdə, Qarabağ düzündə yerləşir. İşğala qədər Tağıbəyli kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi.
Kənd 1994-cü il aprelin 16-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Ermənilər işğal altındakı ərazilərdə bütün yaşayış məntəqələri kimi, Tağıbəyli kəndini də dağıdıb xarabalığa çeviriblər. İşğalçılar Tağıbəyli kəndinin ərazisində tez-tez yanğınlar törədiblər.
İkinci Qarabağ müharibəsində Ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb.