18.10.2024, 09:34
AZ EN
28.04.2024, 08:14 262

Ağdam rayonu, Qızıl Kəngərli kəndi

QARABAĞ
  • Ağdam rayonunun Boyəhmədli kənd ərazi vahidində olam Qızıl Kəngərli kəndi Ağdam rayonunun Qızıl Kəngərli kəndi rayon mərkəzi Ağdam şəhərindən 14 km. şimalda, Xaçın çayının sol sahilində, Qarabağ silsiləsinə daxil olan Qaraman dağının ətəyində və Qarabağ düzündə, Ağdam – Ağdərə yolunun üstündə yerləşir. Qızıl Kəngərli kəndi şimaldan Boyəhmədli, şərqdən Salahlı Kəngərli, cənubdan isə Xaçın çayının sağ sahilində yerləşən Maqsudlu və Şahbulaq kəndləri, eləcə də Şahbulaq Qalasıyla qonşudur.

1727-ci ilə aid "maliyyə dəftəri"ndə qeyd edilir ki, vaxtı ilə kəngərlilərin Qarabağda qışlaqları olmuş, Arasbar və Bayad torpaqlarında mal, mülk, üzüm bağlarına sahib imişlər. Qarabağda qışlayır, Naxçıvanda yaylayırmışlar.

Kəndin əsl adı "Qızıllı Kəngərli"-dir. Oğuz türklərinin peçeneq qolundan olan kəngərlərin(kanqarlar) çoxsaylı tirələrindən biri də Qzıllıdır. Kəndin adı(Qızıllı Kəngərli oykonimi) da bunu ifadə edir: kəngərlərin qızıllı tirəsindən olan elin yaşayış məskəni – Qızıllı Kəngərli. Kəngərlilər Azərbaycanın, əsasən, Naxçıvan bölgəsində yaşasalar da – o bölgədə bütöv bir rayon Kəngərli adlanır - digər bölgələrdə də, məsələn, Qazaxda, Borçalıda, Qarabağda və s. məskunlaşıblar. O səbəbdən də Azərbaycanda çoxlu Kəngərli kəndi var; tək elə Ağdam rayonu ərazisində üç Kəngərli kəndi var: Qızıl Kəngərli, Salahlı Kəngərli və Kəngərli (bu kəndə Pirhəsən Kəngərlisi də deyirlər). Nəzərə almaq lazımdır ki, Pirhəsənli Kəngərlisinin yerləşdiyi Uzundərə ərazisinin sol cinahındakı daha iki kəndin(Şirvanlı və Qaraqaşlı, – Qaraağaclı da mümkündür) camaatı da faktiki olaraq kəngərlilərdən ibarətdir və 1963-cü ilə qədərki dövrdə Kəngərli kəndləri adlanıblar, o halda məlum olur ki, Ağdam rayonu ərazisində beş Kəngərli kəndi var. Yaşayış məskənlərinin adları (oykonimlər) həm də Azərbaycan xalqının tarixidir, odur ki, onlarla çox ehtiyatla davranmaq lazımdır; toponimlərin dəyişdirilməsi qədimliyə xələl gətirirsə, buna heç cür yol vermək olmaz.

Erməni işğalına qədərki dövrdə Qızıl Kəngərli kəndində məktəb, kitabxana, klub, tibb məntəqəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Kənddə orta əsrlərə aid qədim qəbiristanlıq, şimal-şərqdə, üç qonşu kəndin (Boyəhmədli, Qızıl Kəngərli və Salahlı Kəngərli) arasında qalan ərazidə yerləşən Boyəhmədli kurqanları (80-ə yaxın kurqan – ilk tunc dövrü) var.

1993-cü il iyulun 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çevirmişlər.

İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər