21.11.2024, 23:37
AZ EN
02.10.2023, 14:30 313

Xankəndinə Qalib qayıdır...

QARABAĞ

Valideynləri evlərini tərk edəndə Qalib Kazımov cəmi 3-4 aylıq olub. O, üzünü heç vaxt görmədiyi Xankəndinə qayıdacaq. Xankəndinin azadlığa qovuşması onu ikiqat həyacanlandırıb. Doğulduğu yer necədi, bəlkə,  hardasa oyuncağı düşüb qalıb, bəlkə tapıb bağrına basacaq, bəlkə yağı düşmən onlardan qalan hər şeyi yandırıb, talan edib... belə qarışıq düşüncələr içərisindədir Qalib.  Bir çox Xankəndi sakini kimi həm o Xankəndinə getməyə tələsir, həm də Xankəndi onu gözləyir.

Kazımovlar ailəsi ilə bağlı İctimai Televiziyada yayımlanan video-sujet diqqətimi çəkdi. 

“Atam mənə bu adı ona görə qoyub ki,  həmin ərəfələrdə, bir neçə gün öncə bir erməni qızı dünyaya göz açıb və onun adını Hayastan qoyubmuşlar. Hayastan da Ermənistan deməkdir. O zaman da bizim ailə, atam mənim adımı Qalib qoyub, görüblər ki, vəziyyət qızışır, onların məkrlərini başa düşüblər. Ona görə də adımı simvolik olaraq Qalib qoyub ki, biz onlara qalib gələk...”

1988-ci ilin aprelin  20-də Xankəndində günəşli yaz səhəri idi. Lakin bu həmin o vaxt ki, ermənilər azərbaycanlıları Xankəndindən qovur, evlərini yandırırdı. O gün Xankəndi xəstəxanasında bir oğlan uşağı dünyaya gəlir. Bu körpə Xankəndində doğulan sonuncu azərbaycanlı uşaq olur.

Xankəndi sakini Xuraman Məmmədova deyir ki, xəstəxanadakı vəziyyətə görə son vaxtlar azərbaycanlı ailələr ora xəstələri aparmırdılar.  Ona görə ki, ermənilərdən qorxurdular və əlavə edir ki,  Qalibin bibisi orda işləyirdi. Amma o da analıq məzuniyyətində idi və xəstəxanada hörməti olan bir insan idi. Elə ona görə də mən Qalibin bibisinə arxayın olub o xəstəxanaya getmişdim...

Baş verənlərdən bixəbər olan balaca üçün həyatla mübarizəsi elə anadan olandan başlayır. Ya sağ qalacaqdı, ya da ki, ermənilərin növbəti vəhşiliklərinin qurbanı olacqdı. O, qalib gəlir.

Anası Xuraman xanım deyir ki, Qalib dünyaya gələndən sonra ordakı  tibb işçiləri çox danışırdılar, çox söhbətlər edirdilər. Bir tibb bacısı Qalibi qucağına aldı və əlini uşağın qarnına qoyub dedi ki, indi biz bu uşağın  qarnını deşək? Sonra onlar demək olar ki, nə mənə, nə də uşağa baxmadılar.  Məni gətirdilər birinci mərtəbədə bir otağa qoydular, uşağı isə qaldırdılar uşaqlar saxlanılan yerə. Mən orda olanda axşam, səhər onların söhbətlərini eşidirdim , danışırdılar ki, indi biz bunların gələn xəstələrinə baxaq, onları salamatmı yola salaq getsinlər...

Ermənilərin hücumları isə səngimirdi. Azərbaycanlı ailələri təhdid etməyə davam edirdilər. Qalib və ailəsi yalnız bir neçə ay Xankəndində qala bilir. Sentyabrın 18-də evləri daşlanan və yandırılan Kazımovlar Xankəndindən çıxan sonuncu ailə olur.

Elxan Kazımov isə deyir ki, elə bir vaxt gəldi ki, ən pis günlərdə biz orda olduq. 1988-ci il sentyabrın18-də Xankəndində evləri yandırmağa başlayan gün biz ordaydıq. Ermənilər bizim məhləyə hücuma keçdi.  Bizim evin dörd bir tərəfi açıq olduğuna görə mən Qalibi, anamı, yoldaşımı götürüb getdim dayımgilə.  Ermənilər gəlib bizim evi daşladılar, şüşələri qırdılar...

Xuraman xanım söhbətə qoşulur və bildirir ki, bizə bir avtobus ayrmışdılar ki, onunla qaçıb Şuşa şəhərinə gəlirdik. Düzü, o vaxt mənim gözümə və bütün anaların gözünə heç bir var-dövlət görünmürdü. Bircə uşaqlarımızı sağ-salamat çıxarmaq idi arzumuz. Mən də bir Qalibi, bir də Qalibin yeməyin götürüb onu qurtarmaq üçün qaçıb oturdum avtobusa. O qədər çığırtı var idi ki, uşağın qulağın yumurdum ki, səs-küydən uşağa nəsə olar...

Onların yandırılan evləri Kərkicahan kəndində, Mirzə Ələkbər Sabir küçəsi, 15-də yerləşirdi. 2 mərtəbəli, şəhər mərkəzində yerləşən həyət evi. Sənədlərini də saxlayıblar. İndi bu sübutla Elxan Kazımov öz evini Xankəndində axtaracaq.

Elxan Kazımov deyir ki, bizim Xankəndi nə qədər də dəyişmiş olsa da,  hər nöqtəsini taparam. Hər nöqtəsində nəyi söküb, nəyi tikməyindən asılı olmayaraq.

O vaxt körpə olan Qalibin indi 35 yaşı var. Yaşananları xatırlamasa da, eşidib, bilir o pak yerləri. İllərlə ona Xankəndindən danışılmış, adının mənası qulaqlarında cingildəmişdi. Qalib bilmir o vaxt qonşuluqda doğulan hayastan adlı qız Xankəndini tərk edib, yoxsa yox. Bunun heç önəmi də yoxdur. İndi Qalib Xankəndinə qayıdır. Qalib xalqın Qalib vətəndaşı kimi...

 “Bütün xankəndililər hamısı yekdilliklə Xankəndinə geri dönmək barədə düşünür. Orda qurub-yaratmaq, yaşamaq həvəsiyylə. Körpələrimiz, nəvələrimiz  orda təhsil alacaq, orta yaşayacaqlar. Hamımız orda işləyəcəyik, yaşayacağıq. Buna isə tam əminik”, - deyir Qalib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər