20.01.2025, 23:16
AZ EN
22.04.2024, 17:51 332

Amaras monastrı

QARABAĞ
  • Qafqaz Albaniyasının yepiskopluq mərkəzi olmuş Amaras şəhərinin xarabalıqları Xocavənddə eyniadlı çayın sağ sahilində Cütcü kəndi ərazisində qalmaqdadır. Tarixi məlumatlara görə IV əsrdə Amarasda ilk xristian məbədi tikilmiş və burada Alban yepiskoplarından biri dəfn edildiyindən ziyarətgaha çevrilmişdir. Həmin qəbir indi Amaras kompleksindəki kilsənin altarı altındakı sərdabədə qalmışdır.

Arxeoloji tədqiqatlar zamanı abidənin üç inşaat mərhələsi müəyyən edilmişdir: birinci mərhələ IV əsrə, ikinci mərhələ X əsrə, üçüncü mərhələ isə XIX əsrə aiddir. Həmçinin, çoxsaylı məbəd inşa etdirmiş və köhnə məbədlərin bərpasına əmr vermiş Albaniya hökmdarı III Mömin Vaçaqanın (487-510) hakimiyyəti dövründə də məbəddə yenidənqurma işləri aparılmışdır. Lakin, çoxsaylı inşaat, dağılma və yenidənqurma işlərinə baxmayaraq müasir məbəd binası öz ilkin formasını saxlaya bilmişdir. Altar hissəsi uzun nalvari absidadan və onun hər iki tərəfində yerləşən oxşar formalı yan otaqlardan ibarətdir. XIX əsrdə bina ciddi dağıntılara məruz qalmış və elə həmin əsrdə də köhnə özüllər üzərində yenidən inşa edilmişdir. Divar hörgüsündə inşa edilmiş köhnə məbədə aid relyefli və efiqrafikalı daşlar istisna olmaqla məbədin müasir interyer və eksteryer dekoru tamamilə XIX əsrə (1858-ci ilə) aiddir.

Kompleks dörd küncündə dairəvi qüllələr yerləşən düzbucaqlı plana malik qala divarları ilə əhatə edilmişdir. Qala divarları 85 m uzunluğa, 5.9 m enə və 5 m hündürlüyə malikdir. Daxildən qala divarlarının bütün perimetri boyunca yaşayış otaqları, hücrələr və digər məişət tikililəri inşa edilmişdir. Kilsədən şərqdə yerləşən uzun otaqlar sırası bütün həyəti iki hissəyə bölür. Böyük qərb hissəsinin mərkəzində kompleksin əsas tikilisi olan Müqəddəs Qriqoris kilsəsi yerləşir. Bu hissədə yerləşən bütün yaşayış otaqlarının qapısı kilsəyə tərəf açılır. Kilsənin cənub qanadında trapez formalı gözəl iki mərtəbəli bina – baş keşişin iqamətgahı yerləşir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər