22.11.2024, 02:32
AZ EN
03.07.2023, 10:50 632

Seyidli kəndində ünas məktəbinin yaradıcısı

QARABAĞ
  • Tanınmış maarif xadimi Mənzər xanım Şərifova (Mirzəyeva) 1898-ci ildə Şuşa şəhərində anadan olmuşdur. O, polkovnik Rüstəm bəy Mirzə Pənahəli oğlu Mirzəyevin qızıdır. Məqalə “Qarabağın Seyidli oymağı” (I kitab, Bakı, 2017), “Ağdamda təhsil (1883-1993)” (I kitab, Bakı, 2018) adlı monoqrafiyalarım əsasında hazırlanmış, şəkil  ilk dəfə bu sətrlərin müəllifi tərəfindən çap edilmişdir.

Mənzər xanım Şərifova (Mirzəyeva) 1916-cı ildə Şuşada qadın gimnaziyasını bitirmişdir. 1922-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdam rayonunun Seyidli kəndi) kəndində ilk qız məktəbinin (Ünas məktəbi) açılması və fəaliyyəti onun adı ilə bağlıdır. O, Seyidli kəndində Ünas məktəbini açanda 24 yaşında olmuşdur.

Mənzər xanım Şərifova (Mirzəyeva) Seyidli kəndində pedaqoji fəaliyyətlə yanaşı, Əbdürrəhim bəy Haqverdiyevin, Süleyman Sani Axundovun əsərlərini tamaşaya hazırlamış, qadın rollarını özü oynamışdır.

Mənzər xanım Şərifova (Mirzəyeva) ilk vaxtlar dərsi qız şagirdlərinə öz evində keçmişdir. Bir müddət sonra dərsi Dadaş Astan oğlu Kazımovun, Abdulla bəyin Seyidli kəndindəki mülklərində davam etdirmişdir. Ünas məktəbi təxminən 1940-cı ilə kimi fəaliyyət göstərmişdir.

Mənzər xanım Şərifova (Mirzəyeva) sonralar Ağdam şəhər 2 nömrəli beynəlmiləl orta məktəbin ibtidai sinif müəllimi işləmişdir. Ağdam şəhər 2 nömrəli beynəlmiləl orta məktəbdə dərs dediyi illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin fevral 1949-cu il tarixli fərmanı ilə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmişdir.

Mənzər xanım Şərifova (Mirzəyeva) 1958-ci ildə, 60 yaşında təqaüdə çıxmış, bir müddətdən sonra Bakı şəhərinə köçmüşdür.

Bu il Mənzər xanım Şərifovanın (Mirzəyeva) anadan olmasının 125 illik yubileyi tamam olur. Seyidli kəndində Ünas məktəbininin yaradıcısı tanınmış maarif xadiminin həyatı, fəaliyyəti tədqiq və təbliğ edildikcə adı hər zaman ehtiramla yad ediləcəkdir.

Orxan ZAKİROĞLU (BAHARLI)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR