01.12.2024, 21:16
AZ EN
25.02.2022, 11:52 189

Qisas qiyamətə qalmadı

QARABAĞ

Ermənistanın öz havadarlarının, xarici ölkələrdəki erməni terrorçularının və keçmiş sovetlər birliyinin Xankəndidəki 366-cı alayının texnika və hərbçilərinin köməyi ilə azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının üstündən 30 il keçir. Hələ də bu qanlı faciənin üstü açılmayan, gizli qalmış məqamları çoxdur. Bir çox suallara hələ də cavab tapılmayıb. Hələ yüzlərlə insanın taleyindən heç bir soraq yoxdur. Xatırladaq ki, 7 minə yaxın əhalisi olan Xocalı Xankəndidən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsinin ətəyində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. O vaxt Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Ermənilərin Xocalıya əsas maraqları da məhz onun bu cür strateji mövqeyə malik olması ilə əlaqədar idi.

Qanlı faciədən sonra, uzun illər boyu belə bir sual həmişə məni düşündürüb: Xocalını və xocalıları xilas etmək mümkün idimi?! Mümkün idi, fəqət... Həmin vaxt respublikada ictimai-siyasi sabitlik ciddi şəkildə pozulmuş, hakimiyyət demək olar ki, tamamilə öz yerindən oynamış, prezident üsul-idarəsi iflic vəziyyətinə düşmüşdü. Parçalanma, anarxiya, qanunların   işləməməsi, ən əsası isə hakimiyyət uğrunda gedən çarpışmalar Qarabağda baş verən hadisələri daha da sürətləndirdi.

Hadisələrin şahidi kimi tam əminliklə deyə bilərəm ki, Xocalıda əhali tam köməksiz qalmışdı. Yalnız Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin başçılıq etdiyi milislər, yerli özünü müdafə dəstəsi və yeni yaradılmış milli ordunun bir tağımı  erməni hərbi  birləşmələrinə  qarşı qeyri-bərabər  şəraitdə döyüşürdü. Xocalı erməni kəndlərinin əhatəsində qalsa da, Əsgəranla Xankəndi arasında məğrur dayanmışdı. Xocalıya görə ermənilər çox əl-qol aça bilmirdilər. Dinc əhali isə bütün məhrumiyyətlərə dözürdü.

Qeyd edək ki, Xocalı 1991-ci ilin əvvəllərindən hər tərəfdən mühasirəyə alınmışdı. Yollar tamam kəsilmişdi, ümid qalmışdı hava yoluna. Onu da ermənilər hər vaxt atəşə tuta bilirdilər. Bir neçə helikopter və «AN-2» təyyarəsi ermənilər tərəfindən vurularaq məhv edilmişdi. Həmin illər ərzində Azərbaycan hökuməti tərəfindən Xocalının müdafiəsi üçün ciddi bir iş görülmədi. Və bütün rəhbərlər də açıq-aydın bilirdilər ki, Xocalı mühasirədə qalıb.

Gərək heç kəs dediklərimdən inciməsin, çünki hadisələr mənim gözlərim qarşısında baş verirdi, o ağır vaxtlarda “Qarabağ” qəzetinin müxbiri kimi, həmkarlarımla birlikdə, demək olar ki, günaşırı Xocalıda olurduq. Həyəcan dolu xəbərləri qəzetdə dərc edirdik, haray çəkirdik. Həmin gərgin günlərdə öyrəndik ki, şəhər rəhbəri naməlum istiqamətə getmiş və sonra yenidən ora qayıtmış, o cümlədən, milis şöbəsinin rəisi, prokuror, icra aparatının məsul işçiləri, idarə və müəssisələrin rəhbərləri və digər cavabdeh şəxslər Xocalını tərk etmişlər. Orada yalnız şəhəri tərk edə bilməyən imkansız adamlar, xəstələr, uşaqlar qalmışdı. Açıq görünən nə idi?! Dinc və köməksiz insanların taleyi üzərində hakimiyyət uğrunda oyunlar gedirdi. Həm də Xocalıda oldürülənlərin və yaralananların statistikasına nəzər salanda bir daha aydın olur ki, onların arasında rəhbər işçilərdən bircə nəfər də yoxdur.

Yuxarıda qeyd etdiyim kimi, bu sətirlərin müəllifi Xocalı hadisələrinin canlı şahididir. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də enib. Şuşa səmasında mülki helikopterin vurulması, helikopterin içindəki 47 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular.

Hadisələrin əvvəlinə qayıdaq.1991-ci ilin sentyabrından 1992-ci fevralın 25-nə qədər ermənilər Qarabağın dağlıq hissəsində azərbaycanlıların yaşadıqları bütün kəndləri oda qalayaraq boşaltdılar. Fikir verin, cəmi beş aya dədə-baba yurdlarından, İmarət-Qərvənddən, Kərkicahandan, Cəmillidən, Meşəlidən, Qaradğlıdan, Malıbəylidən, Quşçulardan, Kosalardan, Nəbilərdən, Xocalıdan və başqa kəndlərdən qovulan dinc əhalinin harayını respublikanın o vaxtki rəhbərləri eşitmədilər. Ermənilər Xocalıda mühasirə halqasını get-gedə daraldırdılar. 1992-ci il fevralın 25-i çox gərgin keçdi, Xocalıdan təzadlı xəbərlər gəlirdi, şaiyələr yayılırdı. Onu da deyim ki, Xocalının yeganə rabitə əlaqəsi Ağdamla idi. Xocalıda və Ağdamda çox adam gecəni yata bilmədi.

Fevralın 26-ı gününü yaxşı xatırlayıram. Soyuq, sazaqlı bir qış günü idi. Biz sübh tezdən, faciəli xəbəri eşidən kimi Ağdamın Şelli kəndinə getdik və dağlarda, dərələrdə, kolların arasında ölümün, qəsdin, erməni tələsinin pəncəsindən qurtulan uşaqları, qadınları, qocaları, yaralıları axtarıb tapır və xəstəxanaya yola salırdıq. Demək olar ki, Ağdam camaatının böyük əksəriyyəti burada idi. Yaralarından qan şoralanan bu insanlar bir-birindən, ana baladan, ata oğuldan, qardaş bacıdan ayrı düşmüşdü. Onları ovundurmaq mümkün deyildi. Eyni zamanda həmin vaxt Ağdam özünümüdafiə dəstələri, o cümlədən, Milli Qəhrəman Allahverdi Bağırovun, həmçinin Qatır Məmməd ləqəbli Yaqub Rzayevin dəstələri ermənilərə qarşı döyüşərək qan bahasına meyidləri düzlərdən, meşələrdən toplayır və Ağdam cümə məscidinə daşıyırdı. Məscidin qarşısında ağdamlı qadınların şaxsey-şivəni adamı lərzəyə salırdı, yük maşınları ilə daşınan meyidləri məscidin axundu, mollalar və könüllülər kəfənləyirdilər. Ağdamda yeni bir Şəhidlər xiyabanı salındı. Sonra məlum oldu ki, kəfən çatışmır və bunu eşidən ağdamlı qadınlar evlərində olan ağ parçaları məscidə daşıdılar. Küçələrdə ac-susuz dolaşan xocalıları evlərə aparır, onlara toxdaqlıq verir, süfrələrinin başında əyləşdirirdilər.

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanıb. Şəhərə hücum toplardan, tanklardan, «Alazan» tipli raketlərdən 2 saatlıq atəşdən sonra Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olub. Tezliklə aydınlaşıb ki, bu məkrli hiylə imiş. Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçıvanik istiqamətində erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.

Həmin günlərdə Azərbaycan silahlı qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyidlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər  helikopterlərlə,  ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular. Meyidlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.

Əsl soyqırım törədildi: 613 nəfər həlak oldu, 1275 nəfər əsir düşdü, 8 ailə büsbütün məhv edildi, 200 nəfərdən artıq insan müxtəlif dərəcəli əlil oldu. Faciənin miqyası böyük və dəhşətli idi. Ağdam istiqamətində düzlər, dərələr, dağlar günahsız insanların meyidləri ilə dolu idi.Körpədən tutmuş qocaya qədər hamısı süngülərdən keçirilmişdi. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prokurorluğunda Xocalı soyqırımını araşdıran istintaq qrupu yaradılmış, həmin istintaq qrupları ayrı-ayrı vaxtlarda, daha doğrusu 1992-ci ildən sonrakı dövrlərdə 100 cilddən artıq istintaq materialları toplayıb. İstintaq zamanı 3000 nəfərdən artıq Xocalı sakini və digər şahidlər dindirilib. Göründüyü kimi, cinayət işi tam sübuta yetirilib.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib və fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunub.

...Qisas qiyamətə qalmadı. 2020-ci ilin sentyabr ayında başlayan və 44 gün davam edən Vətən müharibəsində cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğalçı Ermənistanı məğlub edərək bütün şəhidlərimizin qisasını aldı və torpaqlarımızı düşmən tapdağından azad etdi.

Xocalı şəhidlərinin ruhu şaddır. Bu soyqırımını törədənlərin, sərkisyanların, koçaryanların, ohanyanların və digərlərinin ədalət mühakiməsinə çəkiləcəyi gün də uzaqda deyil.

Salman Alıoğlu

yazıçı-jurnalist

Oxşar xəbərlər