Azərbaycanın azadlıq savaşı, Ordumuzun misilsiz rəşadəti bu erməni generalın heç gicbəsər bir leytenant qədər də hərbi düşüncəsinin olmadığını sübuta yetirdi. Qurduğu ordu biabırcasına məğlub oldu, döyüş meydanından qaçan 11 min erməni hərbçisi “fərari” adı ilə damğalandı.
Möhtəşəm Zəfərimiz özünü indiki Ermənistan ordusunun qurucusu sayan bu qoca və sarsaq generalın yeddi arxa dönəninin goruna elə od qoyub ki, hələ də müxtəlif internet platformalarında, ağzının suyunu axıda-axıda, Azərbaycanın əleyhinə danışmaqdadır.
İndiyədək nə deyib, nə uydurub, “it hürər – karvan keçə” məsəlinə bağlayaq...
Rusiya ərazisində fəaliyyət göstərən bir bir erməni YouTube kanalına beş gün əvvəl verdiyi saatyarımlıq müsahibədə özünün həyat hekayəsi və hərbi karyerası haqqında gen-bol məlumat verən bu erməni hampası Rusiya Federasiyasının vətəndaşı ola-ola 1992-1995-ci illərdə Ermənistanda baş qərargah rəisi, müdafiə naziri işlədiyi dövrdən də bəhs edib. Bu zaman birinci Qarabağ müharibəsində əsir və girov düşmüş azərbaycanlıların saxlanması üçün İrəvanda “xüsusi kazarma” ayrılmasına nail olmasından isə ağızdolusu danışıb.
Belə ki, 1995-ci ildə NATO-nun Brüsseldə keçirilən bir toplantısında Ter-Qriqoryants, Ermənistanın müdafiə naziri kimi, “Müharibədə humanitar hüquq” mövsuzunda çıxış etməliyimiş... O həmin hadisəni xatırlayaraq deyir: “...Bizdə azərbaycanlı əsirlər vardı və biz bu əsirləri BMT-nin qəbul etdiyi beynəlxalq qanununlara uyğun qaydada saxlayırdıq. Mən Ermənistanın daxili işlər naziri Vano Siradegyana göstəriş vermişdim ki, qadın həbsxanasını boşaltsın, çünki azərbaycanlı hərbi əsirlər üçün orada kazarma yaradılmalı idi. O, mənə dedi ki, bəs dustaq qadınları necə edəcəyik? Dedim, ayıb deyil, erməni qadınlarını türmədə saxlayırsınız? Necə elədilər bilmirəm, amma türməni boşaltdılar. Mənə isə dedilər ki, orada 150 nəfər üçün yatacaq yoxdur. Dedim, eybi yoxdur, mən Gürcüstana zəng etdim, orada 31-ci hərbi korpus yerləşirdi (Rusiyaya məxsus – red.). Onlar bizə 150 çarpayı və yataq dəsti verdilər, gətirdik və həmin əsirləri yerləşdirdik. Biz onlarla (əsirlərlə - red.) ən yüksək səviyyədə rəftar edirdik. O adamlar günahkar deyildilər. Onlar vuruşmuşdular, guya öz ölkələrini müdafiə etmişdilər. Eyni zamanda onlar Qarabağ xalqını məhv edirdilər, necə DNR-də, LNR-də olduğu kimi (Ukraynanın separatçı bölgələri – red.). Əsirlər barədə NATO-dakılar da məlumatlı idilər. Mən bu barədə Brüsseldə çıxış etdim, sonra da biz əsirləri azad etdik. Amma bu sonuncu müharibədə azərbaycanlılar bizim əsirlərin hətta başlarını kəsiblər və həmin başları Bakının küçələrində gəzdiriblər”.
Belə yerdə deyirlər ki, yalançının lap atasına lənət!
Birinci Qarabağ müharibəsində əsir və girov düşən azərbaycanlıların başına gələn müsibətlər, onların məruz qaldığı ağlasığmaz işgəncələr, erməni vəhşiliyi barədə elə YouTube platformasının özündə çoxsaylı videolar var. Erməni əsirliyində olmuş və o cəhənnəmdən sağ çıxa bilmiş azərbaycanlıların bu videolardakı şahid ifadələri boşboğaz generalın iddiasını puça çıxarır. Azərbaycanlı əsirlərin saxlanma şəraiti haqqında söylədiyi yalan bir yana, onun erməni əsirlərin “başının kəsilməsi” barədə çərənlədikləri başdan-ayağa iftiradır.
Bununla belə, hərbi rütbəsini və karyerasını nəzərə alsaq, Ter-Qriqoryantsın müsahibəsinə marağın heç də az olmadığını deyə bilərik. Bu videoya beş gün ərzində 12 min baxış olub...
Əslində, Azərbaycana qarşı Ermənistanın təcavüzünü planlaşdıran və həyata keçirən şəxslərdən biri kimi o, hərbi cinayətkardır. Əgər ədalət mühakibəsinə cəlb edilməsi mümkün olsa, müsahibədə Azərbaycanla bağlı söylədikləri də ittihamnamənin sübutlarından birinə çevriləcəkdir. Əgər qanıb başa düşsə, qurduğu ordunun məğlubiyyəti normal bir general üçün ölümdən betərdir... Yəni zabit şərəfi ondan belə çərənləmək əvəzinə gicgahına bir güllə sıxmağı tələb edir. Lakin yaşı doxsanı haqlayan bu iftiraçı ermənidən belə hərəkət gözləməyə dəyməz. Bir də ki, şanlı Azərbaycan Ordusu onun zabit şərəfinin üstündən qətiyyətli addımlarla keçib...
Sonda bir məsələni qeyd etmək istərdik: YouTube platformasında azərbaycanlı əsirlər barədə daha şox sayda videonu, ən azı, rus və ingilis dillərinə tərcümə edib, yaymaq çətin işdirmi? Bu istiqamətdə ictimai təşəbbüsləri dövlət-özəl dektor əməkdaşlığı ilə dəstəkləmək mümkün deyilmi? Ter-Qriqoryants kimilərinin iftiralarına cavab olaraq...
“Vətən səsi”