Tarixçi alim Ramin Əlizadə ilə söhbətimiz Laçınla bağlıdır.
-Ramin müəllim, Laçın rayonunun qədim adı nəcə olub?
- Laçın hər zaman Azərbaycan türkünün qəlbində və yaddaşında əyilməzlik, məğrurluq və qürur rəmzi olub. Laçın rayonu 1924-cü ildə yaradılıb. Bu tarixədək ərazinin qədim adı belə idi: “Abdallar”. Abdal sözü Ağ Hun türk boylarının bir çox mənbələrdə qeyd edildiyi kimi, “Eftal” və ya “Eptal” adından qaynaqlanır. VII əsrdə Albaniya hökmdarı Cavanşirin sarayında yaşamış tarixçi Musa Kalankatlı qədim zamanlardan etibarən Qafqaz dağlarının cənub ətəklərində Abdal tayfasının yaşaması haqqında məlumat verib.
Laçın rayonunun müasir adını1924-cü ildə Laçın rayonu yaradılarkən ona bu adı məşhur yazıçı, publisist, Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru Tağı Şahbazi verib. Hətta müasir Laçın rayonu mərkəzinin yerləşdiyi ərazini də Tağı Şahbazi seçib. Ədəbi mühitdə “Simurğ” ləqəbi ilə tanınan Tağı Şahbazinin təklif etdiyi ad ərazinin relyef xüsusiyyətinə uyğundur, eyni zamanda yaxınlıqdakı Laçın adlı qədim kəndin adından götürülüb.
-Laçın rayonun ən böyük çayı hansıdır?
Laçın rayonun ən böyük çayı Həkəri çayıdır. Kiçik Qafqaz regionunda Tərtərçaydan sonra ikinci böyük çay olan Həkəri çayı əsasən Laçın rayonunun şimalında Kəlbəcərlə qonşuluqda olan hündür dağ yamaclarından axıb gələn bulaqlarla qidalanır. Həkəri çayı başlanğıcını Kiçik Qafqaz dağlarının Mıxtökən silsiləsindən götürür. Onun başlıca qolları Zabuxçay, Ağsuçay, Şəlvəçay və Piçənisçaydır.
-Laçının məşhur xalça növü necə adlanır?
-Laçın rayonunun məşhur xalçası “Qasımuşağı” xalçasıdır. Bu xalça növünün adı Laçın rayonu ərazisində (Hacısamlı nahiyəsinin) Qasımuşağı obasının adı ilə bağlıdır. Bu orijinal xalçalar ilk dəfə Qasımuşağı obasının elat həyat tərzi keçirən yerli türk tayfalarına mənsub qadınlar tərəfindən toxunub.
-1905-1906-cı və 1918-1919-cu illərdə Zəngəzurda erməni daşnak dəstələrinin türk müsəlman əhalisinə qarşı törətdikləri soyqırımına son qoyan, əslən Laçınlı xalq qəhrəmanı Sultan bəy Sultanovdur. O, 1871-ci ildə Zəngəzurun Hacısamlı nahiyəsinin Qasımuşağı obasında, Qurdhacı kəndində, Paşa bəyin ailəsində doğulub. Sultan bəyin adı beş minlik erməni ordusunu cəmi üç yüz nəfərlik qoşunla məğlub edən sərkərdə kimi tarixdə qalıb.
-XVI əsrdə Venesiyada tərtib edilmiş hansı xəritədə Laçın ərazisində Hoçaz dağının adı qeyd edilib?
-Bu xəritə “Asiyanın birinci hissəsinin təsviri” adlanır. Həmin xəritəni 1559-1561-ci illərdə Avropanın məşhur coğrafiyaçılarından biri olan Cakomo Qastaldi hazırlayıb. O, bu xəritəni hazırlayarkən Avropa diplomatlarının və coğrafiyaçılarının Şərq ölkələrinə səyahətləri zamanı topladıqları məlumatlarla yaxından tanış olmuşdur. C. Qastaldi öz xəritəsində Zəngəzur ərazisində Hoçaz dağı ilə yanaşı Göyçə gölünün də adını qeyd edib.
-Laçın rayonu ərazisində V-VI əsrlərdə inşa edilmiş ən məşhur Alban memarlıq abidəsi hansıdır?
-Ağoğlan monastırı müasir Laçın rayonunun ərazisi eramızın ilk əsrlərində Qafqaz Albaniyasının tərkibində olduğundan burada xristianlığın yayılması da tez başlamışdır. Tarixçi Musa Kalankatlı yazır ki, “Alban hökmdarı III Mömin Vaçaqan ildəki günlərin sayı qədər Albaniyada kilsə tikdirdi”. Ağoğlan çayının sahilində yerləşən bu qədim abidə də III Mömin Vaçaqanın dövründə inşa edilmişdir.
-Laçın rayonunun Cicimli kəndinin ərazisində hansı məşhur memarlıq abidəsi yerləşir?
-Bu, Məlik Əjdər türbəsidir. Səkkizbucaqlı formada inşa edilmiş bu tarixi abidə XII-XIII əsrlərə aiddir. Məlik Əjdər türbəsi ümumi görünüş baxımından qədim türk tayfalarının alaçığına bənzəyir. Bu xüsusiyyətinə görə tədqiqatçıların əksəriyyəti onu yerli memarlığın mühüm nümunəsi hesab edirlər.
-1992-ci ilin may ayında Laçın rayonunun ərazisini işğal edən erməni sepratçı qüvvələri hansı məşhur aşığın qəbirüstü abidəsini və heykəlini yerlə-yeksan etmişdi?
-Həmin illərdə ermənilər daşdan, qayadan, Azərbaycanın qədim tarixini özündə əks etdirən bütün abidələrimizdən belə vandalcasına qisas almışlar. Bunlardan da biri Sarı Aşığın qəbirüstü abidəsidir. Görkəmli bayatı ustadı Sarı Aşığın məzarı Güləbird kəndinin ərazisində olub. XVII əsrdə yaşamış Sarı Aşıq haqqında ilk məlumatı XIX əsr tədqiqatçısı Həsənəli xan Qaradaği verib. Sarı Aşıq ömrünün sonunadək Laçın ərazisində, Cicimli kəndində yaşamış və öz bayatılarını da burada yazmışdır.
-Saray kompleksi Laçının hansı kəndinin ərazisində inşa edilib?
-Bu kompleks Hüsülü kəndində inşa edilib. Keçmiş adı Sultanlı və ya Sultankənd olan bu kənddə orta əsrlərdə Anadoludan köç etmiş qaraçorlu tayfaları məskunlaşıb. XVIII əsrin ortalarında tayfa başçısı Soltan Əhməd Hüsülü kəndində saray kompleksi (1761-ci il) inşa etdirib. Xalq arasında bu saray kompleksi Həmzə Sultan sarayı adı ilə də tanınır. 1992-ci ilin mayında Laçının işğal edən erməni separatçıları Azərbaycan xalqının tarixi mirası olan bu abidəni talan edərək, onun yaxınlığında olan at və qoç heykəllərini də məhv etmişdilər.
-Ramin müəllim, maraqlı söhbətə görə çox sağ olun!
-Siz də sağ olun! Başda vetensesi.az saytının rəhbərliyi olmaqla sizə böyük uğurlar arzulayıram!
Söhbətləşdi: Tahirə AĞAMİRZƏ