08.09.2024, 07:38
AZ EN
23.09.2022, 13:35 361

Ordumuzla qürur duymağa haqqımız var

YAZILAR
  • Təcavüzkar Ermənistanın bu sentyabrın 12-dən 13-nə keçən gecə baş verən növbəti təxribatının qarşısını alan və ermənilərə daha bir tarixi dərs verilməsi ilə sonlanan hadisə cəmiyyətimizdə orduya olan inam və rəğbət hissini daha da artırdı. Mövzu ilə bağlı Ağdam rayo­nundan məcburi köçkün, birinci Qarabağ savaşının iştirakçısı, Azadlıq Hərakatçıları İctimai Birliyinin sədri, yazıçı-publisist Təhmasib Novruzovun fikirlərini öyrəndik:

- Belə bir ciddi məsələ ilə bağlı fikirlərimi xalqa çatdırmaq üçün mənə tribuna verdiyinizə görə minnətdaram. Bəli, həqiqətən 2020-ci il sentyabrın 27-də savaşa atılan və 44 gün ərzində düşmənin, sözün bütün mənalarında belini qıran ordumuz, bir müddət əvvəl Laçın istiqamətində “Qisas” əməliyyatı ilə bu uğurun təsadüfi olmadığını göstərmişdi. Görünür, bundan da dərs almayan düşmən xarici təhriklərə boyun əyərək yenidən bizim gücümüzü hesablamadan növbəti təxribata əl atdı. Bu ilin sentyabr ayının 12-dən 13-nə keçən gecə törətdiyi təxribatın qurbanı yenə də özü oldu. Təəssüf ki, bu qəfil təxribatın qarşısı alınarkən ordumuz da şəhidlər verdi, yaralananlar oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralanan qazilərimizə şəfa versin. Ancaq, nə etmək olar, “torpaq uğrunda ölən varsa, Vətəndir” deyib ulularımız. Bu torpaqlar məhz onun uğrunda ölənlərin, şəhid olanların, qanları ilə onu qoruyanların sayəsində vətənləşir, müqəddəsləşir, - desək, yəqin ki, yanılmarıq.

 - Siz birinci Qarabağ savaşında öndə olmusunuz. İndiki qələbələrimizlə o dövrdəki məğlubiyyətlərimizi düşünəndə nə keçir ağlınızdan?

 - Bilirsiniz, o zaman da düşmənə müqavimət göstərən, daha dəqiq desək, müqavimət göstərmək istəyən xalq həmin xalq idi. O dövrdə döyüşənlərin övladlarıdır bu gün bu tarixi qələbələri ard-arda bizlərə yaşadan. Amma o zaman bizim savaşlarımız sonda məğlubiyyətlə bitirdi, indi isə qələbədən qələbəyə gedir, Vətənimizin mövqeyini mökəmləndirməkdə davam edirik. Bunun qeyd-şərtsiz bir səbəbi var: liderlik keyfiyyəti, idarətmə qabiliyyəti! O zaman xalqı gerçək savaşa aparan davamlı ideologiya yox idi. Ancaq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə dönüşündən başlayan bu ideoloji iş, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi dövründə daha böyük vüsət aldı. Çünki qələbə üçün, ilk növbədə, xalqı ideoloji cəhətdən hazırlamaq ən mühüm amillərdən biridir. İkincisi, o zaman nizami ordu yox idi. İnsanlar döyüşürdü, Vətən naminə canlarından keçməyə hazır idi, lakin nizami ordu olmadığından pərakəndə şəkildə göstərilən igidliklər gözlənilən nəticəni əldə etməyə imkan vermirdi, düşmən də bundan istifadə edib torpaqlarımızın işğalını da­vam etdirirdi. Yenə məhz 1993-cü ildən nizami ordu yaradılması dövlətimizin bir nömrəli vəzifəsi kimi qəbul edildi, həm əsgər və zabitlərdən ibarət  nizami ordu yaradılması, həm də müasir dövrün tələblərinə uyğun silahlarla ordunun təchiz edilməsi, son nəticədə regionun ən güclü ordusuna sahib olmağa gətirib çıxardı. Ən nəhayət, beynəlxalq diplomatiya və informasiya sahəsində tarixin heç bir dönəmində əldə edə bilmədiyimiz uğurlara nail olduq ki, bu da düşmənin meydanda tək qalmasına gətirib çıxardı. Bu da təkbətək döyüşdə də qələbəmizi təmin edən başlıca amillərdən biri oldu. Əlbəttə, qardaş Türkiyənin də hər zaman Azərbaycanın yanında olması, Azərbaycana siyasi və mənəvi dəstək verməsini də unutmalı deyilik. Lakin bütün kənar dəstəklərlə yanaşı, qələbələrimizin bir təminatçısı var: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “VƏTƏN” deyib irəli şığıyan ordumuz, onun əsgər və zabitləri! Belə bir ordu ilə həqiqətən fəxr etməyə, qürur keçirməyə dəyər. 300 ilə yaxın dövrdə, Nadir şah Əfşarın ölümündən sonra məğ­lub­luq sindromuna tutulmuş bir xalqı, bir məmləkəti “QALİB XALQ, QALİB ÖLKƏ” kimi dünyaya tanıdan bir ordu ilə, onu yaradan və bu günə gətirən Ali Baş Komandanla necə qürur duymayasan?!

- Təəssüf ki, qələbələrimizə kölgə salmağa cəhd göstərənlər, milli mənafelərimizə zidd mövqedə olan xəyanətkarlar var...

- Onlardan danışmağına dəyməz. Belələri üçün “Vətən, Millət, Dövlət” anlayışları ciblərini və mədələrini doldurmaq düşüncəsindən sonra gəlir. Mən onları cəmiyyətin “alaq otları” hesab edirəm. Tarlada qiymətli məhsullar verən bitkilərlə yanaşı alaq otları olmurmu? Bunlar da cəmiyyətin “alaq otları”dır. Lazım gələndə onları kökündən qoparıb atmaq qalib xalq üçün, müzəffər bir xalq üçün çətin deyil. Sadəcə, hələ ümid edirik ki, onlar da gerçəkləri anlayacaq, şəxsi və siyasi ambisiyalarına cəmiyyətin, millətin və dövlətin maraqlarını qurban verməyin heç kəsə baş ucalığı gətirmədiyini və gətirməyəcəyini başa düşəcəklər.

Böyük insan və dünya şöhrətli alim, akademik Xudu Məmmədovun bir deyimi vardı. Rəhmətlik həmişə deyərdi ki, pis hesab elədiyimiz hər kəsin bədənində bir sağlam damar var, çalışıb o da­mardan tutub pisliklərdən uzaq­laşdırıb, onu yaxşılığa çəkmək lazımdır, belə də pislərin sayı aza­lar, yaxşılar çoxalar. Məncə, bu gün dövlətimiz də, cəmiyyət də bu insanların nə zamansa haq­qa dönəcəklərinə ümidlidir. La­kin dönükləri, xəyanətkarları heç vaxt bağışlamaq olmaz, xarici ağalarının təhriki ilə Azərbay­ca­nın müstəqil dövlətçiliyinə xain çıxanlar mütləq cəzalanmalıdırlar.

Söhbəti yazdı:

Sevda SÜLEYMANOVA

Oxşar xəbərlər