O, 1963-cü il fevralın 9-da Kəlbəcər rayonunun Bəzirxana kəndində аnаdаn оlub. 1980-ci ildə Kəlbəcər rаyоnu Zаr kənd оrtа məktəbini bitirib. 1981-1983-cü illərdə оrdu sırаlаrındа hərbi xidmətdə оlub. 1990-cı ildə BDU-nun Jurnаlistikа fаkültəsini bitirib. Təyinаtlа "İşıq" nəşriyyаtınа kiçik rеdаktоr vəzifəsinə göndərilib. Sonra "Həqiqət" qəzеtində, "Аzərbаycаn аqrаr elmi" jurnаlındа şöbə rеdаktоru, "Bərəkət", "Respublikа" və "Həyаt" qəzеtlərində bаş müхbir,“Hər gün”, “Аzərbаycаn ХХI əsr" qəzetləri və “Himayədar” jurnalının baş redaktoru olub. Еlmlər Аkаdеmiyаsının Nizаmi аdınа Ədəbiyyаt İnstitutunun ХХ əsr ədəbiyyаtı (Sоvеt dövrü) şöbəsinin aparıcı еlmi işçisi olan İ.Məmmədli jurnalist fəaliyyətini "Bütöv Azərbaycan" qəzetinin redaktoru kimi davam etdirir. Оrtа məktəb illərindən bədii yаrаdıcılıqlа məşğul olur. Müхtəlif illərdə аyrı-аyrı mətbuаt оrqаnlаrındа çохsаylı bədii yаzılаrı dərc оlunub. “Kəlbəcərin söz sərvəti” (antologiya), “XX əsr Kəlbəcər ədəbi mühiti” (monoqrafiya) və “İnsan konsepsiyası işığında” (monoqrafiya) adlı kitabların müəllifidir.
İlham müəllim bu günlərdə 30 il həsrətini çəkdiyi doğma Kəlbəcərdə olub. Biz də ona gözaydınlığı verib, səfər təssüratlarını oxucularımızla paylaşmaq istədik.
-İlham müəllim, doğma Kəlbəcərə hansı qrupla getmişdiniz?
– Bu səfər mənim 30 ildən sonra doğma yurda ilk səfərim idi. Kəlbəcərə hələlik hansısa qruplarla getmək təşkil olunmayıb. Yalnız portal qeydiyyatına düşməklə getmək olur. Hələlik heyvandarlıqla və arıçılıqla məşğul olan insanlar ciddi problem yaşamadan gedə bilirlər. Digər vətəndaşlar hələ ki, Kəlbəcərə buraxılmır.
-Bəs ata-baba yurduna ilk qədəmlərinizi basanda hansı duyğuları yaşadınız?
– İlk səfərin təəssüratını danışmaq... Kəlbəcərin yolu hazırda Murov dağının bu üzündəki Toğanalı kəndindəki postları keçdikdən sonra başlayır. Təbii ki, o hissləri hansısa sözlə, yazı ilə ifadə etmək olduqca çətindi. Ancaq onu deyim ki insan ikili hiss yaşayır. Bir tərəfdən doğma torpaqların erməni işğalından azad olunmasına nə qədər sevinirsənsə, viran yurd yerlərini, vəhşicəsinə dağıdılmış ata ocağını görəndə bir o qədər sarsılırsan. Yenə də bu günlərimizə min şükür. Allah dövlətimizi və ordumuzu qorusun. O torpaqlar uğrunda həyatlarını itirmiş şəhidlərimizə min rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
-Evinizi görə bildinizmi, ümumiyyətlə kənddə nələrə şahid oldunuz?
– Bizim kəndimiz Azərbaycanla Ermənistan sərhəddinin yaxınlığında yerləşir. Bu yerlər uczus-bucaqsız alp çəmənlikləri, çox sayda sulu bulaqları olan cənnətmisal bir yerdir. Kəndimizin bir neçə kilometrliyində olan Keyti dağının bu üzü Kəlbəcər rayonunun ərazisi, o üzü isə Göyçə mahalının ərazisidir. Kəndimiz sanki canlı bir qəbiristanlıqdı... Düşmən Kəlbəcərin digər kəndlərində əksər evləri hininə qədər tamam dağıdıb, viran qoyub. Bizim kəndi isə talan etsələr də, evlərin divarları yerində idi. Evlərin qapı-pəncərəsi, tavanı, döşəmələri sökülüb aparılmış quru divarları qalıb... Doğma evləri bu vəziyyətdə görmək çox ağırdı. Çünki ata-analarımız bu evləri min bir əziyyətlə, zəhmətlə tikib başa gətirmişdilər. Ən ağır mənzərə isə bu evlərin sakinsiz, adamsız olmarıdır. Evlərin içini, həyət-bacanı ot-ələf, kol-kos, ağac basıb. 30 il qarın, yağışın altında qalan divarlar çat verib... Ən dərin çatlar isə təbii ki, insanların qəlbinə düşüb.
-Bəs dağları, yaylaqları, bulaqları necə gördünüz?
-Dağların da sanki qəddi əyilib, balacalaşıblar. Adama elə gəlir ki, hər şey balacalaşıb. Vaxtilə bizə uzaq görünən yerlər indi yaxın görünür. Mənə ən pis təsir edən məqamlardan biri də o oldu ki, kəndimizin ətrafı geniş güllü-çiçəkli biçənəklər, əkin yerləri, otlaq sahələri idi. Mənfur düşmənlərimiz bu yerlərdən də sanki intiqam alıblar. Biçənəkləri viran qoyublar. Vaxtilə Keyti dağında qızıl mədənləri vardı. Onlar burada qızıl emal edirmişlər. Tunellərdən çıxardıqları torpaqları təpə-təpə güllü-çiçəkli biçənəklərə töküblər, hər yanı buldozerlərin qabağına verib kürüyüblər, torpağın sinəsinə sağalmaz yaralar vurublar. Çaylar da sanki balacalaşıb, bulaqların suyu da azalıb. İllərlə biçilmədiyindən biçənəklərdə ot çürüdükcə üst-üstə yığılıb, əvvəlki keyfiyyətini itirib. Bulaqların bəzisi batıb. Qısası, gördüklərim çox ağır, dəhşətli səhnələr idi...
-Amma Kəlbəcər indi yenə də bizimdi və quruculuq işləri necə gedirdi?
-Böyük quruculuq işləri bu gün daha çox Kəlbəcərin yol infrastrukturunda gedir. Bildiyiniz kimi Kəlbəcərin əsas magistral yolu Ağdərə rayonundan keçir. Təəssüflər olsun ki, hələlik bu yoldan mütəmadi olaraq istifadə edə bilmirik. Ona görə də, bu gün Kəlbəcərə əsas yol Murov dağından keçir. Bu yolda böyük quruculuq işləri görülüb. Ən möhtəşəm işlər Murov dağından Kəlbəcərə vurulan tuneldə gedir. Burada əsas işləri türk qardaşlarımız həyata keçirir. Onların gördükləri işlərə baxanda adamın ürəyi dağa dönür. Rayonun özündə də, bir çox strateji obyektlərin tikintisi ya başa çatıb, ya da çatmaq üzrədir. Su, elektrik, yol infrastrukturu sahəsində mühüm işlər görülüb. Evlərin, yaşayış massivlərinin bərpası isə növbəti illərdə nəzərdə tutulur.
- İşğal ərəfəsində müxtəlif televiziya kanallarından Kəlbəcər haqqında müsahibələriniz maraqla qarşılanardı. İstərdik ki, bu gün də, digər rayonlarımız arasında Kəlbəcərin özünəməxsus coğrafiyası və özəllikləri haqqında “Vətən səsi”nə danışasınız.
-Kəlbəcər tarixən təkrarsız təbii gözəlliyi ilə yanaşı ozan-aşıq sənətinin, saz-söz xiridarlarının əsas məkanlarından biri kimi tanınıb. Eyni zamanda Kəlbəcər təkrarsız təbii gözəllikləri ilə yanaşı min bir dərdin dərmanı olan müalicəvi təbii bulaqları, şirin içməli suları ilə məşhur olub. Kəlbəcərin məşhur İstisu sanatoriyası bütün dünyada tanınıb. Xalqımızın ən gözəl milli-adət-ənənələrini yaşadan bir bölgə olub Kəlbəcər.
-Kəlbəcərin sabahını necə görürsünüz?
-Kəlbəcər bu gün öz qanlı yaralarını sarımaqla məşğuldur. Vaxtilə “Azərbaycanın nəfəs alan ciyərləri” (Bəxtiyar Vahabzadə deyib) olan Kəlbəcər yenidən toparlanıb, özünə gəlir. Dövlətimiz Kəlbəcərin Azərbaycan üçün hansı önəmi daşıdığını da yaxşı bilir və təbii ki, görüləcək işlərin kompleks planları da hazırdır. Mən bir kəlbəcərli olaraq doğma yurdun parlaq sabahına ürəkdən inanıram. İnanıram ki, yaxın illərdə yayın qızmarında istidən nəfəsi təntiyən on minlərlə yurddaşımız Kəlbəcər dağlarına üz tutacaqlar.
-Maraqlı müsahibə üçün sağ olun.
-Mən də, “Vətən səsi”nin kollektivinə öz təşəkkürümü bildirir, Sizə uğurlar arzulayıram.
Mina RƏŞİD
Nərgizim
(Ustad Məmməd Aslanın ruhuna böyük ehtiramla)
İllərdir hüsnünə həsrət qalmışam,
Yenidən ömrümü bəzə, nərgizim.
Çəkdiyim ağrılar dastana sığmaz,
Mən necə çevirim sözə, nərgizim?!
Gördüyün bu viran yurd yerimiydi,
Könül sirdaşımdı, dərd yerimiydi.
Yazı cənnət, qışı sərt yerimiydi,
İndi də dağ olub gözə, nərgizim.
İllərdi kəsilib qonaq-qarası,
Sağalmaz yüz il də ötsə yarası.
Görən düzələrmi mənlə arası?
O köhnə həmdəmim, təzə nərgizim.
Həsrətin çox çəkdi biçarə Məmməd,
Tuş oldu möhnətə, naçara Məmməd.
Tapmadı dərdinə bir çarə Məmməd,
Yanıb bağrı döndü közə, nərgizim.
Əgər nizamına san vermədisə,
Yolunda vuruşub qan vermədisə,
İlham səndən ötrü can vermədisə,
İndi necə çıxsın üzə, nərgizim?
İlham Məmmədli