"Ermənistanın müxalifət təmsilçiləri baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edərkən, irəli sürdükləri arqumentlərlə özlərini dolaşdırırlar".
Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu özünün "Facebook" şəxsi hesabında yazıb. Politoloqun sözlərinə görə, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqres Partiyasının sədr müavini Levon Zurabyan Paşinyanı 1991-ci il Alma-Ata bəyannaməsini tez-tez hallandırmaqla sənədlə manipulyasiyada ittiham edib: “Paşinyan iddia edir ki, Levon Ter-Petrosyan 1991-ci ildə Alma-Ata bəyannaməsinə imza atmaqla Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Paşinyan Levon Ter-Petrosyanın həmin illərdə verdiyi müsahibəsinə istinad edərək birinci prezidentin Dağlıq Qarabağa Azərbaycan tərkibində geniş muxtariyyətə razılaşdığını bildirib. Bunlar yalandır. Levon Ter-Petrosyan ərazi bütövlüklərinin keçmiş muxtariyyətlərə dəxli olmadan bəyanatı imzalayıb”.
E.Şahinoğlu daha sonra əlavə edib ki, Zurabyan yalan danışdığını sonrakı cümləsində etiraf edib: “Levon Ter-Petrosyan 1992-ci ildə Rusiyanın “Komsomolskaya qazeta” nəşrinə verdiyi müsahibədə yüksək muxtariyyətin Dağlıq Qarabağa və Azərbaycana faydalı olduğunu bildirmişdi. Ancaq bu müsahibədən 2 ay sonra “erməni ordusu” Şuşanı “azad” etdi. Bu əməliyyat Ermənistan hakimiyyəti ilə razılaşdırılmışdı. Levon Ter-Petrosyan müsahibəsiylə əməliyyatın informasiya dəstəyini gücləndirmişdi”,- deyə politoloq vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ