Hərbi ekspert Ədalət Verdiyev bununla bağlı açıqlamasında bildirib: “Rusiya sülhməramlı kontingenti və ermənilər mülki vətəndaşlarımızın Xankəndi və Ağdərə istiqamətində fəaliyyətinə maneə yaradırlarsa, o zaman həmin əraziyə XTQ və komandoslarımızı göndərməliyik”.
Ekspert bildirib ki, Fərrux, Sarıbaba, Qırxqız, Laçın, Sus və Zabux təcrübəsini daha da zənginləşdirməliyik: “Buna kimsənin, o cümlədən Volkovun və erməni separatçılarının şübhəsi olmasın. Anidən gələ bilərik. Biz qan tökülməsini istəmirik. Prosesin, birgə bəyanata uyğun həyata keçirilməsinin tərəfdarıyıq. Lakin görünən odur ki, rus sülhməramlıları onlara verilən səlahiyyətlərə əməl etmirlər, zaman-zaman onların yanında erməni silahlı əsgərlərini görürük”.
Ə.Verdiyev daha sonra sülhməramlılar tərəfindən mülki vətəndaşlarımıza zor
tətbiq edilməsinin qanunsuz olduğunu vurğulayıb: “Bu vətəndaş öz torpağına keçmək istəyir. Bu, mütləq araşdırılmalıdır. Mənim fikrimcə, sülhməramlıların fəaliyyətinə son qoyulmalıdır. Onsuz da mandatları yoxdur və öz vəzifələrini yerinə yetirə bilmirlər”.
Hazırladı: Tahirə AĞAMİRZƏ