22.11.2024, 15:13
AZ EN
06.12.2022, 15:54 216

Ermənilər yeni uydurmalara başlayıblar

YAZILAR
  • Dünyanın müxtəlif xalqları içərisində ermənilər və farslar qədər uydurmalar müəllifi yoxdur. Hər iki toplum adi bir olayı bəzən elə şişirdib təqdim edir ki, hətta, orta təfəkkürlü adam belə təəccüb qalır.

Dekabrın 5-də qardaş Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimlərə başlaması, Türkiyənin müdafiə naziri Hulusi Akarın Bakıya gələrək təlimləri izləməsi həm fars, həm də onların balaca bacısı Ermənistanın, el təbirincə desək, kürkünə birə salıb. Dekabrın 6-da yayımlanmış erməni xəbərlərinin yarıdan çoxu məhz Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri barədədir. Bu tarixi olaya müxtəlif erməni politoloqlar və hərbi ekspertlər tərəfindən rəylər bildirilib və həmin rəylərin hamısı, demək olar ki, sağlam təfəkkürün deyil, qorxu və xofun təzahürüdür. Erməni kütləvi informasiya vasitələrində bu da açıq-aşkar bildirilir ki, Azərbaycan və Türkiyə Ermənistanla İrana əzələ nümayiş etdirirlər. Təlimlərin daha çox İranın mənafeyinə uyğun olmadığını və onu daha da qəzəbləndirdiyini deyən politoloq Stepan Qriqoryan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının uzadılmasında da məhz bu hərbi təlimi qınayır. Qeyd edir ki, yaxın zamanlarda Fransadan Ermənistana müasir silahlar gətiriləcək və Ermənistan özü ayrıca hərbi təlimlər keçirəcəkdir. Fransanın Ermənistana silah verməsi, əlbəttə, yenilik deyil. 44 günlük Vətən müharibəsində Fransa kiçik bacısı Ermənistana təkcə siyasi dəstək deyil, həm də xeyli hərbi yardım etmişdi. Müharibə zamanı İran, Hindistan və Fransanın yüksək rütbəli hərbçilərinin Ermənistanın baş qərargahında ermənilərlə birlikdə əməliyyat şəraitinə nəzarət etmələri isə Azərbaycanın şanlı Zəfərindən 3-4 ay sonra məhz erməni kütləvi informasiya vasitələrində açıqlanmışdı. KTMT-dan imtina etmək barədə müxtəlif fikirlər səsləndirən erməni ekspertlər indi yeni vasitələrlə «hərbi əfsanələr» kəşf etməyə başlayıblar. Onlara elə gəlir ki, hansısa dövlətin öz marağı naminə Ermənistana köhnəlmiş silah vermələri döyüş ruhu olmayan erməni ordusunu qələbəyə aparacaqdır. Son vaxtlar erməni KİV-lərində belə bir gülməli uydurma da təkrarlanmaqdadır ki, 2020-ci ilin payızındakı 44 günlük müharibədə Ermənistan deyil, «arsax» məğlub olub. Səfərbərlik zamanı 11 mindən çox fərarisi olan Ermənistan ordusunun rəsmən etiraf edildiyi 6 mindən çox canlı, yüzlərlə hərbi texnika itirməsi və s. isə, əlbbətə, həqiqəti ortaya qoyur.

Dekabrın 2-də erməni parlamentində «Hayastan» fraksiyasının təqdim etdiyi anti-Azərbaycan layihəsinin böyük səs çoxluğu ilə rədd edilməsindən sonra həm bu və həm də «Badiv unem» fraksiyasının dekabrın 6-da parlamentdə iştirak etməməsi isə dəcəl uşaq şiltaqlığına bənzəyir. Belə ki, dekabrın 6-da parlamentdə gələn ilin dövlət büdcəsi ilə yanaşı, digər mühüm iqtisadi məsələlər də müzakirə edildiyi bir vaxtda sözügedən hər iki blokun nümayəndələri ayrı-ayrı KİV-lərə feyk xəbərlər verməkdə sanki yarışa çıxıblar. Deputat Artur Qazinyan isə müxalif fraksiyaların martdan bəri davam edən şıltaqlıqlarını təhlil edərək belə deyib: ««Hayatsan» və «Badiv unem» artıq mövcud deyil». Bu sözlərdə müəyyən həqiqət var. Belə ki, hər iki fraksiyanın təşkil etdiyi etiraz aksiyaları da, parlamentdəki uğursuz təşəbbüsləri də çoxluq tərəfindən qəbul edilməyərək fiaskoya uğrayıb. Onların parlamentin dekabrın 6-da keçirilən iclasında iştirak etməməklə həm də yaxın zamanlarda öz mandatlarını yerə qoyacaqlarını bildirmələri isə bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən lətifəsayağı qarşılanır.Qeyd olunur ki, Paşinyan iqtidarı 2 ay yarımdan çox iclasda iştirak etməyən müxalif deputatların maaşlarını kəsməməklə onların dəcəlliyini bir qədər də artırıb. Deputatın parlamentin iclasında iştirak etməməsini öz seçicilərinə hörmətsizlik kimi dəyərləndirən Lusine Ağababyan 24 NEWS-dəki çıxışında hökumətə və parlamentə müraciət edərək iclaslarda iştirak etməyən deputatların maaşını «arsax»dakılara göndərməyi məsləhət görüb. 

Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan və Türkiyənin hərbi qardaşlıq təlimi Ermənistanın siyasi və hərbi elitasını silkələyib. Sosial şəbəkə istifadəçisi Davit Mesropyan bununla bağlı bildirib ki, Ermənistanın indiki iqtidarı istefaya getməyincə Azərbaycanla danışıqlar nəticəsiz olacaq, Türkiyə Azərbaycan hərbçiləri isə növbəti təlimlərindən birini İrəvanın lap yaxınlığında İsrail və Pakistanla birgə keçirəcəklər.

Nəsib QARAMANLI

Oxşar xəbərlər