Müəllif Qarabağ bölgəsində tikinti və sahibkarlıq fəaliyyətinin təhlükəsizliyinin, əhalinin dinc həyatının əsas amili olan ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin Dövlət Proqramında ən mühüm hədəf göstərici kimi müəyyən edildiyini vurğulayaraq yazır: “Bu işin əhəmiyyətini belə bir fakt təsdiqləyir ki, Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışlarından 268 nəfər zərər çəkib, onlardan 44 nəfər həlak olub. 2020-ci ilin noyabr ayından bu günə kimi ölkənin işğaldan azad edilmiş 59 min hektardan çox ərazisi minalardan təmizlənib, 76.810 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Sonrakı dövrdə işlərin miqyası daha da artırılacaq və sənədə əsasən, 2026-cı ilə qədər daha 280 min hektar ərazi minalardan və digər partlayıcı obyektlərdən təmizlənəcək”.
İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsi istiqamətində işlərin yol-kommunal infrastrukturun irimiqyaslı bərpası, sosial, yaşayış və ticarət obyektlərinin tikintisi ilə paralel aparılmasını təqdirəlayiq hal kimi dəyərləndirən təhlilçi bu proseslərin növbəti beş ildə daha da genişlənəcəyini bildirir. O yazır: “Dövlət Proqramının bəndlərinə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2027-ci ilədək üç on mindən çox mənzil və fərdi yaşayış evi tikiləcək ki, onlara da 34,5 min məcburi köçkün ailəsinin mərhələli şəkildə köçürülməsi nəzərdə tutulur. Təbii ki, bu vaxta qədər bütün yaşayış sahələri və sosial obyektlər lazımi işıq, qaz və su kommunikasiyalarına qoşulmalıdır. O cümlədən, SOCAR Şuşa, Xocavənd, Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarının qəsəbələrində qazpaylayıcı şəbəkənin yaradılmasını, 2025-ci ilə qədər isə Ağdam-Xankəndi qaz kəmərinin tikintisini planlaşdırır. Sənəddə “Yaşıl enerji zonası”nın yaradılmasına xüsusi diqqət yetirilir, bərpa olunan enerji mənbələri sahəsində layihələr ciddi şəkildə təşviq ediləcək. Növbəti beş ildə su anbarları və müxtəlif hidrotexniki qurğular müasirləşdiriləcək, onlarla artezian quyusu qazılacaq, bir sıra yaşayış məntəqələrində kanalizasiya infrastrukturu yaradılacaqdır. O cümlədən, 2026-cı ilə qədər Laçın rayonunun Zabux kəndində, Qubadlı və Zəngilan rayonlarında 12,1 min hektardan çox ərazinin su təchizatı və suvarılmasını təmin edəcək su anbarının tikintisi nəzərdə tutulur. Dövlət Proqramında ekoloji və iqlimlə bağlı təşəbbüslər də unudulmur: işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının yerləşdirilməsi üçün 9 poliqonun yaradılması, Füzuli rayonunda isə Qarabağ regional hidrometeorologiya mərkəzinin tikintisi nəzərdə tutulur”.
Məqalədə vurulandığı kimi, növbəti ən mühüm vəzifə regionda elektron hökumətin funksiyalarını təmin edən, biznes və vətəndaşların fəaliyyətini asanlaşdıran sosial infrastrukturun və inzibati strukturların formalaşdırılmasıdır. Belə ki, 2026-cı ilədək rayonda 197 məktəbəqədər və ümumi təhsil müəssisəsi tikilib bərpa olunacaq, 2027-ci ilə qədər isə ali məktəblərdən birinin filialı fəaliyyətə başlayacaq. Növbəti beş ildə Qarabağın dirçələn qəsəbələrində poliklinika və ambulatoriyalar şəbəkəsi salınacaq, 2023-2024-cü illərdə olimpiya idman komplekslərinin və çoxməqsədli idman zallarının tikintisinə başlanacaq, o cümlədən 2026-cı ilə qədər Ağdamda “İmarət”stadionu istifadəyə veriləcək. 2022-2026-cı illərdə bir neçə “ASAN xidmət” mərkəzinin, həmçinin “Təhlükəsiz şəhər” xidmətinin təşkili, DOST mərkəzlərinin yeddi filialının açılması, regionun əhali və əmək ehtiyatları ilə bağlı rəqəmsal məlumat bazasının yaradılması nəzərdə tutulur.
Qarşıdakı beş il üçün də eyni dərəcədə mühüm vəzifə işğaldan azad edilmiş ərazilərdə sənaye, kənd təsərrüfatı, ticarət və digər obyektlərin, yəni potensial köçürülənlər üçün iş yerlərinin yaradılmasıdır ki, bu da Dövlət Proqramında ətraflı təsvir edilib. Xüsusilə, 2026-cı ilə qədər regionda yaşayış binalarının tikintisinə özəl investisiyaların cəlb edilməsi üçün ipoteka sisteminin işə salınması, güzəştlər və kredit subsidiyaları rejiminin yaradılması nəzərdə tutulur ki, bu da tikinti biznesi və tikinti materialları istehsalçılarının güzəştli maliyyə resurslarına çıxışını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır.
Dövlət Proqramında ilkin turizm infrastrukturunun formalaşdırılmasına xüsusi diqqət yetirilib: Şuşa, Kəlbəcər, Tərtər rayonu, Suqovuşan qəsəbəsində artıq iki ildir ki, müvafiq işlər fəal şəkildə aparılır.
Sənəddə “ağıllı” texnologiyalardan istifadə etməklə aqroparklar şəbəkəsinin və sənaye parklarının inkişafı da nəzərdə tutulur. Bu ilin cəmi 10 ayı ərzində Ağdam Sənaye Parkında və “Araz vadisi” sənaye zonasında 13 rezident və üç qeyri-rezident qeydiyyata alınıb. Bu layihələrin icrası sayəsində 950 yeni iş yeri açılacaq. Təkcə birinci mərhələdə regionun sənaye və kənd təsərrüfatı klasterlərinə, ümumilikdə, yüz milyon manatdan çox investisiya qoyuluşu nəzərdə tutulub.
Azərbaycan hökuməti Dövlət Proqramında nəzərdə tutulan işlərin nəhəng miqyasını nəzərə alaraq, Qarabağda “böyük tikinti” layihəsinin büdcədən maliyyələşdirilməsinin sürətini azaltmamaq niyyətindədir. 2023-cü ilin dövlət büdcəsi layihəsində işğaldan azad edilmiş ərazilərin bərpası üçün dövlət əsaslı vəsait qoyuluşu 3 milyard manat səviyyəsində nəzərdə tutulub. Azərbaycanın maliyyə naziri Samir Şərifovun bu yaxınlarda qeyd etdiyi kimi, 2021-2023-cü illərdə işğaldan azad edilmiş ərazilərin bərpası üçün ümumi xərclər 9,7 milyard manat təşkil edəcək.