Nəhayət, iki ildən sonra okeanın o tayından etiraf səsini eşitdik: “Minski qrupu fəaliyyət göstərmir”. Özü də bunu Filip Riker deyib. O Riker ki, Birləşmiş Ştatların dövlət katibi Antoni Blinken tərəfindən Qafqaz danışıqları üzrə ABŞ Dövlət Departamentinin baş müşaviri və Minsk qrupunun həmsədri təyin edilmişdi. Belə görünür ki, bu təyinat da Minsk qrupu kimi mənasız imiş.
Filip Riker deyib: “Bildiyiniz kimi, Minsk qrupu fəaliyyət göstərmir. Mandat qalır təbii ki. Mandatın məqsədi də qalır. ATƏT konsensus əsasında fəaliyyət göstərir. Mən fransalı həmkarımla, hazırda regionda iştirak edən Avropa İttifaqı və digər tərəflərlə, ATƏT-in özü ilə çox sıx əlaqədəyəm. Lakin Azərbaycan açıq şəkildə bildirib ki, bundan sonra Minsk qrupu ilə iş aparmayacaq”.
Politoloq Fərhad Məmmədov sözügedən məsələyə münasibət bildirərkən vurğulayıb ki, ATƏT-in Minsk qrupunun əsas mandatı Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Artıq münasibətlər sırf olaraq dövlətlərarası, yəni, Azərbaycan və Ermənistan arasında olan gündəliklə inkişaf edir. Bu isə o deməkdir ki, Qarabağın erməni əhalisi ilə bağlı olan məsələlər bu gün gündəliyə daxil deyil və Rikerin də əsas fəaliyyət istiqaməti dövlətlərarası olan məsələlərlə əhatə olunur.
F.Məmmədov daha sonra əlavə edib ki, indiki dövrdə ABŞ təşəbbüsə yönəlib və öz nüfuzundan istifadə edərək konkret məsələləri həll etməyə çalışır. ABŞ-ın bu niyyəti Azərbaycanla üst-üstə düşür. Çünki mövzulara sıralamada baxsaq, ABŞ-ın ilk öncə sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu görərik.
Sözügedən etiraf ABŞ senatının xarici əlaqələr komitəsinin iclasında səsləndirilib. İclasda çıxış edən dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Don Firid də Birləşmiş Ştatların Cənubi Qafqazda sülhü dəstəklədiyini bildirb. Hətta Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsinə də toxunaraq, bunun regionda böyük iqtisadi inkişafa yol açacağını da vurğulayıb. Bütün bunlar Antoni Blinkenin Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyana zəng etməsi fonunda reallaşıb.
Əvvəlcə Qarabağ məsələsi, indi isə ATƏT-in Minsk qrupu məsələsi gündəmdən və müzakirələrdən tamamilə kənarlaşıb.
Həqiqət isə odur ki, sülhün təməl prinsiplərini yazan da, onun icrasını təmin edən də məhz Azərbaycandır!
Hazırladı: Tahirə AĞAMİRZƏ