Ölkəmizin mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi kimi Ermənistanın cinayətləri barədə YUNESKO-ya mütəmadi olaraq məlumat verilməsinə baxmayaraq, təəssüflər olsun ki, son 30 ildə Azərbaycanın mədəni irsinə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə YUNESKO işğal olunmuş ərazilərə missiya göndərmədi.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qurumun rəhbəri Odri Azulaya məktubunda xoşməramlı səfir titulunu işlərinin çoxluğu ilə əlaqələndirsə də, əslində YUNESKO-nun ikili siyasət yürütməsinə diplomatik dillə etirazını çatdırdı. Azərbaycan tərəfi nə istəyirdi? Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın tarixi-mədəni irsinin məhv edilməsi və təhqir olunması YUNESKO-nun sənədində əksini tapsın.
Beləliklə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xoşməramlı səfir titulundan imtina etdi. İtirən isə yalnız YUNESKO oldu.
Vurğulamaq yerinə düşər ki, beynəlxalq qurum dəyərli bir xoşməramlı səfirini itirdiyini sonra anlayacaq. Fəaliyyətində sönüklük müşahidə ediləndə, toplantılarının keçirilməsinə ölkə tapmayanda. Çünki elə vaxtlar olub ki, təklif edilən ölkələr qurumun tədbirlərini keçirməkdən müxtəlif bəhanələrlə imtina ediblər. Lakin Mehriban xanım Əliyeva humanistlik nümayiş etdirərək tədbirin Azərbaycanda keçirilməsinə razılıq verib, təşkilati işlər yüksək səviyyədə həyata keçirilib. 18 illik xoşməramlı səfirlik müddətində Azərbaycan - YUNESKO əlaqələrində dinamika müşahidə olunub. Bütün bunlar ona görə edilirdi ki, YUNESKO qarşılıq versin, maraqlarımıza uyğun addımlar atsın.
YUNESKO-nun onlarla xoşməramlı səfiri var. Amma Mehriban xanım həmişə onlardan fərqlənib. İstər təşkilatın tədbirlərində yüksək səviyyədə iştirakına, quruma hörmət gətirən dəyərli təkliflər verdiyinə, eləcə də dünyanın mədəni irsinə daxil olan abidələrin bərpası və yeni görkəmə salınmasında göstərdiyi fədakarlığa və s. görə. Lakin təəssüflər olsun ki, YUNESKO-nun indiki rəhbəri Odri Azulay da Fransa prezidentinin ermənipərəst siyasətini mövqeyinə üstünlük verdi.
Tahirə AĞAMİRZƏ