İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı bir sıra vacib məsələlərə toxunaraq, xüsusilə kadr hazırlığının əhəmiyyətini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, təhsil sistemində bu sahəyə daha böyük diqqət yetirilməli, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına müəyyən dəyişikliklər edilməlidir.
Ceyhun Məmmədov bildirib ki, Prezident müşavirədə son dərəcə vacib və strateji əhəmiyyətli mesajlar səsləndirib. Onun sözlərinə görə, xüsusilə kiber və informasiya təhlükəsizliyi ilə bağlı məsələlərin ön plana çəkilməsi mövzunun aktuallığını bir daha nümayiş etdirir. Deputat vurğulayıb ki, dövlət başçısı bu istiqamətdə davamlı olaraq mövqeyini ifadə edir, aidiyyəti qurumlar qarşısında konkret vəzifələr müəyyənləşdirir.
C.Məmmədovun fikrincə, dünyada rəqəmsallaşma prosesinin sürətlənməsi, informasiya məkanında artan risklər, kiberhücumlar və dezinformasiya kampaniyaları dövlətlər üçün ciddi çağırışlar yaradır. Bu baxımdan informasiya təhlükəsizliyinin təmin olunması artıq milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir və məsələyə sistemli yanaşma zəruridir.
Deputat hesab edir ki, bu sahədə ardıcıl və məqsədyönlü addımlar atılmasa, gələcəkdə daha mürəkkəb mərhələlərlə üzləşmək mümkündür. Xüsusilə həssas dövrlərdə informasiya təhlükəsizliyi əsas prioritetlərdən birinə çevrilir. Bu səbəbdən təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi, kiber müdafiə imkanlarının artırılması və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.
Eyni zamanda insan resurslarının hazırlanması məsələsi xüsusi önəm daşıyır. Peşəkar və müasir tələblərə cavab verən mütəxəssislərin yetişdirilməsi üçün təhsil sistemində dəyişikliklər aparılmalı, dərsliklər yenilənməli, tədris proqramları müasir çağırışlara uyğunlaşdırılmalıdır. Məktəblərdə şagirdlərə erkən yaşlardan informasiya təhlükəsizliyi ilə bağlı ilkin biliklərin verilməsi isə həm texniki savadlılığın artırılması, həm də onların informasiya mühitində təhlükələrdən qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan informasiya və kiber təhlükəsizlik mövzusunda ayrıca dərsliyin hazırlanması, xüsusi tədris proqramlarının və metodik vəsaitlərin işlənib hazırlanması prosesə ciddi töhfə verə bilər.
Nəticə etibarilə, Prezident tərəfindən səsləndirilən çağırışlar qarşıda duran vəzifələrin vaxtında və effektiv icrası üçün strateji yol xəritəsi rolunu oynayır. İnformasiya təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılmalı, bu sahədə gecikmədən ardıcıl və məqsədyönlü addımlar atılmalıdır.
Tahirə AĞAMİRZƏ