17.12.2025, 18:54
AZ EN
17.12.2025, 17:12 79

Cənubi Qafqazda sülhə doğru yeni mərhələ: Ankara Bakı ilə koordinasiyada addımlar atacaq

YAZILAR
  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa heç vaxt olmadığı qədər yaxındırlar. Onun sözlərinə görə, Türkiyə də bu prosesi dəstəkləyir və Ermənistanla normallaşmanı Azərbaycanla tam koordinasiya şəraitində həyata keçirir. Prezident əlavə edib ki, 2025-ci ilin əvvəlindən etibarən bu istiqamətdə bəzi simvolik addımlar atılacaq.

Siyasi şərhçi Turan Rzayev açıqlamasında bildirib ki, artıq heç kimə sirr deyil ki, Türkiyə-Ermənistan münasibətləri ilə Azərbaycan-Ermənistan sülh prosesi paralel və bir-birindən asılı şəkildə irəliləyir. Politoloq qeyd edir ki, Ərdoğanın "simvolik addımlar" ifadəsi diplomatik münasibətlərin dərhal bərpasından deyil, mərhələli yaxınlaşmadan xəbər verir. Bu mərhələyə qarşılıqlı səfərlər, xüsusi nümayəndə formatının genişləndirilməsi, humanitar-mədəni təmasların intensivləşdirilməsi və sərhəd müzakirələrinin texniki səviyyədə aparılması daxildir.

T.Rzayev hesab edir ki, 2026-cı ildə bu prosesin praktiki mərhələyə keçməsi ehtimalı daha yüksəkdir. Əgər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanar və regionda kommunikasiyaların açılması hüquqi çərçivəyə salınarsa, bu, Türkiyə-Ermənistan münasibətlərinə də təsir edəcək. Nəticədə, quru sərhədin müəyyən formatda açılması, ticarət və nəqliyyat əlaqələrinin bərpası, Ermənistanın regional layihələrdə iştirakı mümkün ola bilər.

R.T.Ərdoğanın açıqlamasında diqqət çəkən əsas məqamlardan biri də budur ki, Ankara bu prosesi təkbaşına deyil, Bakı ilə tam koordinasiyalı şəkildə aparacaq.

Ən mühüm mesaj isə budur: Ankara prosesi Azərbaycanla razılaşdırmadan aparmayacaq və bu münasibətlərin normallaşması heç bir halda Bakının maraqlarına zidd şəkildə baş tutmayacaq. Bu, həm İrəvana, həm də prosesi izləyən Qərb və Rusiya kimi aktorlara ünvanlanan strateji siqnaldır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər