"Vətən səsi" xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov rəsmi Bakının
Ermənistana yük tranzitinə icazə verməsinin sülhə və əməkdaşlığa təsir imkanlarını şərh edərkən bildirib. O, qeyd edib ki, Ermənistan işğal altında saxladığı torpaqları öz xoşu ilə qaytarmayıb və müharibə onlara çox baha başa gəlib: "İndi Ermənistanda reallığı qəbul etmək və gerçək həyata qayıtmaq kimi çətin proses gedir. Lakin ermənilərin bir çoxu psixoloji baxımından reallığı qəbul etmək istəmir. Halbuki cəmi 2 milyonluq bir ölkənin Türkiyə və Azərbaycana nəyi isə diktə edə biləcəyini də anlamırlar. Bizə hər hansı diktə mümkün deyil və bundan sonra da mümkün olmayacaq".
Politoloq hesab edir ki, hazırda Ermənistan cəmiyyətinin reallığı başa düşməsinə kömək üçün Baş nazir Nikol Paşinyan müəyyən addımlar atır. Bununla belə, Tofiq Zülfüqarovun fikrincə, Paşinyan özü də səmimi deyil: "Bu, həmin Paşinyandır ki, Xankəndidə “Arsax” Ermənistandır və nöqtə” söyləmişdi. Ona təzyiq edilməsəydi, o da bütün ermənilər kimi, elə həmin mövqedə qalacaqdı, amma Azərbaycan dövləti və ordusunun şücaəti nəticəsində tarixi reallıq bərpa olundu. İndi Paşinyan anlayır ki, daha çox şeyləri itirməmək üçün reallığa qayıtmalıdır. Amma Ermənistan cəmiyyəti buna hazır deyil. İndi Azərbaycan elə şərait yaradır ki, Ermənistan cəmiyyətindəki sağlam qüvvələr revanşist qüvvələrə qalib gəslinlər. Nəticədə yeni konstitusiya qəbul edilsin, normal şərtlər təsbit olunsun ki, qonşularla sülh şəraitində yaşasınlar. Bu, onlar üçün çətin prosesdir. Guya, Paşinyan hakimiyyətdən getsə, yerinə revanşist gəlsə, nə edədək ki?! Paşinyan Ermənistanın nəyə qadir olduğunu nümayiş etdirdi. Biz belə bir ssenari - Paşinyan getsin, yeni bir revanşist gəlsin və o da boş-boş danışsın, gərginlik artsın - istəmirik. Bu mənada Azərbaycan rəhbərliyi bu addımları ataraq, onlara “Ağıllı olun, normaya dönün” mesajını ötürür".
Tofiq Zülfüqarov vurğulayıb ki, indiki mərhədə Azərbaycan Ermənistan cəmiyyətinə onlara aid reallıqları göstərməkdə davam etməlidir. O, hesab edir ki, rəsmi Bakının bu cür addımlar atması Azərbaycanın xeyrinədir: "Düşməni ya öldürməlisən, ya da başa salmalısan. İstər-istəməz müharibə itkidir. Ona görə də müharibə olmadan Ermənistan cəmiyyətinə reallıqları anlamağa kömək etməliyik. Rəsmi Bakı indi buna çalışır".
Elxan SALAHOV