18.08.2025, 14:58
AZ EN
18.08.2025, 12:58 103

Qarabağ və Şərqi Zəngəzur bu gün dirçəliş dövrünü yaşayır

YAZILAR
  • Otuz ilə yaxın davam edən işğal zamanı ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış Qarabağ və Şərqi Zəngəzur bu gün dirçəliş dövrünü yaşayır. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşaması üçün genişmiqyaslı tədbirlər görülür. Artıq Böyük Qayıdış uğurla reallaşmaqdadır. Ağdərənin Kolatağ və Vəngli kəndlərinə qayıdışın reallaşması da bunun göstəricisidir.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

O qeyd edib ki, Böyük Qayıdış proqramı çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikildikdən, infrastruktur layihələri icra olunduqdan, yollar inşa edildikən, yeni istehsal müəssisələri yaradıldıqdan, yaşıllıqlar salındıqdan, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizləndikdən sonra keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma yurdlarında məskunlaşmağa başlayıblar. İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata keçirilməsi, şəhər və kəndlərin yenidən qurulması, “ağıllı kənd” və “ağıllı şəhər” yaşayış məhəllələrinin salınması, infrastruktur layihələrinin icrası, istehsal və digər iqtisadi obyektlərin yaradılması keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdışına, əzəli torpaqlarımızda layiqli yaşayışına hesablanıb.

“Hər iki iqtisadi rayonda aparılan tikinti-quruculuq işlərinin nəticəsidir ki, həm Şərqi Zəngəzura, həm də Qarabağa Böyük Qayıdış müvəffəqiyyətlə baş tutur. Böyük Qayıdış proqramına uyğun olaraq, Zəngilanın Ağalı kəndinə 2022-ci ildə başlanan köç prosesi azad olunmuş digər ərazilərə də hazırda uğurla davam etdirilir. Otuz ildən artıq məcburi köçkünlük həyatı yaşayan soydaşlarımız böyük sevinc və qürur hissi ilə doğma yurd-yuvalarında məskunlaşırlar.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 50 mindən artıq insan yaşayır”, - deyə S.Vəliyev vurğulayıb.

İşğaldan azad olunmuş ərazilərimizin ən yüksək səviyyədə bərpası üçün dövlətimizin siyasi iradə nümayiş etdirdiyini diqqətə çatdıran deputat deyib: “Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu azad olunmuş ərazilərdə tarixi, mədəni və dini abidələrimizin bərpası istiqamətində böyük işlər görür. Həmin ərazilər yalnız keçmiş məcburi köçkünlərin qayıdışı ilə məhdudlaşmır, həm də dünyanın diqqət mərkəzindədir. Şuşa və Xankəndi şəhərlərində nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi buna sübutdur. Bütün bunlar isə çox qürurvericidir”. (AZƏRTAC)

Oxşar xəbərlər