Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli söyləyib.
Deputat qeyd edib ki, dünya dövlətləri və onların liderləri Azərbaycanı, Türkiyəni və Pakistanı vahid milli siyasi mövqedə görürlər. Azərbaycan tarixinə şanlı möhür vuran zəfər savaşımızın paradında Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı, Türkiyəni kədərə bürüyən zəlzələnin nəticələrinin aradan qaldırılmasında dövlətimizin başçısı İlham Əliyevin ölkənin bütün resursları ilə qardaş ölkənin yanında olmasını bəyan etməsi, eynilə Pakistanla Hindistan arasında hərbi toqquşma zamanı ölkəmizin rəsmi İslamabada siyasi, diplomatik dəstəyi münasibətlərin yüksək səviyyəsinin bariz təzahürü idi. Azərbaycan özü milli və regional səviyyələrdə, Türkiyə ilə birlikdə regional və qismən qlobal müstəvidə siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə mövqeyini ortaya qoyur, müəyyən nəticələr əldə edir. Amma artıq Azərbaycan-Türkiyə-Pakistan birliyi regional səviyyədə nəticəyönümlülüyü qətiləşdirəcək, qlobal səviyyədə potensialı artıracaq.
“Laçın Zirvə görüşünü mahiyyət etibarilə 2021-ci ilin iyunundakı Şuşa görüşü ilə müqayisə etmək olar. Şuşa Bəyannaməsinin imzalandığı həmin görüş regionda revanşizmə yol verilməyəcəyinin, Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa edəcəyinin, Azərbaycan ərazisindən bütün yad silahlı qüvvələrin çıxarılacağının təminatı olmuşdu. Bu mənada, Laçın Zirvə görüşü və üçtərəfli münasibətlərin yeni səviyyəsi regionda Azərbaycanın haqlı olaraq irəli sürdüyü digər məsələlərin (o cümlədən Zəngəzur dəhlizinin açılacağının, Azərbaycanlıların tarixi yurdlarına qayıdacağının və s.) də həllini tapacağının təminatıdır”, - deyə F.İbrahimli əlavə edib.
O, vurğulayıb ki, Laçında baş tutan bu tarixi üçtərəfli görüş Azərbaycan, Türkiyə və Pakistan arasında olan dərin qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində yeni bir səhifə açdı. Bu birlik regional sabitliyin, davamlı inkişafın və qarşılıqlı etimadın rəmzidir. Bu əməkdaşlıq yalnız regional deyil, qlobal geosiyasətdə də müsəlman ölkələrinin mövqeyinin güclənməsinə şərait yaradır. Üç dövlətin ortaq addımları beynəlxalq arenada daha səmərəli mövqenin təmin olunmasına, regional problemlərin birgə həllinə və sülhün qorunmasına xidmət edir. Enerji layihələri, nəqliyyat dəhlizləri və hərbi-texniki əməkdaşlıq bu məqsədlərin real ifadəsidir. Azərbaycan, Türkiyə və Pakistan liderləri bu görüşlə həm də dünyaya mesaj verdilər: biz yalnız dost deyilik, biz strateji ortaq, mədəni qardaş və siyasi müttəfiqik. Bu birliyin gücü təkcə region üçün deyil, daha geniş coğrafiyada sülhə, inkişafa və ədalətə xidmət göstərəcək. (AZƏRTAC)