Özünü böyük vətənpərvər hesab edən və Azərbaycan torpaqlarının işğal olunub xarabazarlığa çevrilməsində bilavasitə iştirak edən R.Koçaryanı sadə vətəndaşlar satqın alban, talançı, türk övladı və s. ifadələrlə xarakterizə edirlər. Siyasi şərhçilər isə onun hakimiyyəti dövründə ölkədə baş verən olayları faktlarla açıqlayırlar. Hüquqşünas alim Gevork Petrosyan «Hraparak» TV-yə müsahibəsində iqtidar nümayəndələri ilə yanaşı ölkənin eks prezidentlərini də ciddi tənqid edib. O qeyd edib ki, «Vətəndaş müqaviləsi» fraksiyasının üzvü Koçinyan 44 günlük müharibədə Ermənistanın nə qalib, nə də məğlub olduğunu deməklə reallıqdan və sağlam düşüncədən çox uzaq olduğunu nümayiş etdirib. Ermənistanda bütün sahələrdə böhran olduğu halda iqtidar komandasının öz işlərini təbliğ etmələrinin dövlətçilik prinsiplərinə uyğun olmadığını vurğulayan hüquqşünas alimin irəli sürdüyü təkliflər isə heç də yeni deyil. Belə ki, o da başqaları kimi milli həmrəylikdən, ədalətin bərpasından, ordunun gücləndirilməsindən və nəhayət, Azərbaycan və Türkiyə ilə danışıqların dayandırılmasının vacibliyi kimi sərsəm fikirlər irəli sürür. Həm Levon Ter-Petrosyanı, həm də Robert Koçaryanı ciddi tənqid edən Birləşmiş Ermənistan partiyasının sədri Yervand Tarverdiyan isə həmin TV-yə verdiyi müsahibədə, özünün də dediyi kimi, bir sıra gizlincləri açıqlayıb. O da eks prezidentlərin ünvanına tənqidi fikirlər söyləyib və deyib: «Bizim heç vaxt peşəkar siyasətçi prezidentimiz olmayıb». Yervand Tarverdiyan 44 günlük müharibə və ondan sonra sərhəddə baş vermiş silahlı toqquşmalar barədə danışarkən xüsusi vurğulayıb ki, «nə Rusiya, nə də KTMT Ermənistana kömək etməyib. Fransa və İran isə daim Ermənistanın yanında olub». «İran Ermənistana silah verməyə yenə də hazırdır», - deyə o İran hərbçilərinin Ermənistanda xüsusi təyinatlı dəstələr hazırladığını da bildirib və əlavə edib ki, bu, iki ölkə və xalq arasında sarsılmaz dostluğun nümunəsidir. Nəticədə isə Azərbaycan və Türkiyənin başı ağrıyacaqdır. Müsahibədə dediyi «bəzi həqiqətləri açıqlamaq istəmirəm. Bu, düşmənlər üçün əlavə arqument olar», - deyə partiya sədri məhz dostların sayəsində Birləşmiş Ermənistan dövlətinin yaradılacağına ümid etdiyi kimi sərsəm və mifik ifadədə səsləndirib. N.Paşinyan Fransada olarkən onun müşaiyət edən müdafiə nazir Suren Papikyanın Fransanın müdafiə naziri ilə görüşüb müxtəlif məsələlər barədə danışması da Y.Tarverdiyanın müsahibəsində açıqlanır. O, bildirir ki, Fransa son olaylarla bağlı Ermənistana xüsusi missiya göndərməklə yanaşı həm də Ermənistanın hava məkanında hava hücumundan müdafiə sistemi yaradacaq. Son vaxtlar Rusiyadan və KTMT-dan hərbi yardım ala bilmədiklərinə görə narazılıq edən erməni siyasətçi ümidvar olduğunu bildirib ki, Fransa və İran Ermənistanı lazım olan hərbi materiallarla daim təmin edəcək.
Göründüyü kimi, milli mentalitetlərinə uyğun olaraq başqalarının qarşısında diz çöküb imdat diləyən ermənilər yenə də düzələn deyil və «Vətəndaş müqaviləsi» fraksiyasının üzvü Koçinyanın milli məclisdə dediyi «bəli, Ermənistan təcavüzkardır» sözləri həmişə bu dövlətin siyasətində prioritet olacaqdır.
Nəsib QARAMANLI